www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - year
Xəbər lenti

Labour pensions of about 90,000 people of the corresponding categories will be increased on the basis of the new Rules approved by the Decree of President Ilham Aliyev                   Minor residents of the rehabilitation institution met with servicemen

Müstəqil Azərbaycanın sosial rifah strategiyası: etibarlı təminat və modernləşməni hədəfləyən inkişaf paradiqması

Müstəqil Azərbaycanın sosial rifah strategiyası: etibarlı təminat və modernləşməni hədəfləyən inkişaf paradiqması

Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqının sosial-iqtisadi həyatının ayrı-ayrı istiqamətlərinin inkişafı tarix boyu müşahidə olunsa da, əsl inkişaf modelinin tam bərqərarı yalnız XX yüzilin sonunda müstəqillik əldə edildkdən sonra baş vermiş və bu əvəzolunmaz nailiyyətin bəhrəsi kimi meydana gəlmişdir. Tarixi önəmə malik sosial, siyasi və iqtisadi hadisələrlə zənginliyinə görə bir əsrə bərabər 25 illik müstəqillik dövründə əldə olunan misilsiz uğurlar dövlət müstəqilliyimizin məhz ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi, zəngin idarəçilik təcrübəsi və qətiyyətli fəaliyyəti sayəsində qorunub saxlanması və möhkəmləndirilməsi, bununla da müasir qüdrətli Azərbaycan dövlətinin əsasının qoyulması ilə mümkün olmuşdur.

1993-cü ilin iyununda Azərbaycan xalqının iradəsi ilə dünya şöhrətli siyasi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, onun siyasi müdrikliyindən irəli gələn islahatlar kursu ölkənin ağır tənəzzül dövrünün acı gerçəkliklərindən qurtularaq tədricən ictimai-siyasi və sosial-iqtisadi sabitlik dövrünə keçməsinə şərait yaratdı.
1995-2003-cü illərdə ulu öndər Heydər Əliyev tərəfindən ictimai-siyasi sabitlik şəraitində müstəqil Azərbaycanın sosial müdafiə sisteminin etibarlı təməli formalaşdırıldı, ölkənin ümumi tərəqqisi müstəvisində həmin sistemin modern təcrübələr əsasında getdikcə təkmilləşdirilməsi üçün institusional islahatlara start verildi. Ölkə əhalisinin sabit sosial rifahının təmin olunmasına və gücləndirilməsinə yönələn bu müdrik strategiyanın 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev tərəfindən qlobal proseslərə və çağırışlara uyğun şəkildə uğurla davam etdirilməsi respublikamızın yeni tərəqqi və modern islahatlar mərhələsinə daxil olmasını şərtləndirdi.
Hələ müstəqilliyin ilk illərində ulu öndər Heydər Əliyev yeni iqtisadi münasibətlər sisteminə keçidin hərtərəfli inkişaf üçün vacibliyi prinsipini irəli sürməklə yanaşı, eyni zamanda bu keçid prosesində əhalinin sosial maraqlarının təminatını, xüsusən aztəminatlı insanların sosial müdafiəsini, iqtisadi potensialın ilk növbədə xalqın rifahına yönəldilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən etdi.
Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin azaldılmasını və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulmasını, sosialyönümlü milli iqtisadiyyatın inkişafını şərtləndirdi.
Ötən 25 il ərzində sosial sferanın, onun iqtisadi mexanizmlərinin təşəkkül tapması və inkişafı prosesinə kompleks yanaşma bu sahənin formalaşması və fəaliyyətini üç vacib mərhələ üzrə dövrləşdirməyə əsas verir: müstəqilliyin ilk illəri, 1995-2003-cü illər və 2003-cü ildən başlayan yeni inkişaf mərhələsi. Müstəqillik illərində əhalinin sosial müdafiəsinin inkişaf tarixinin bütün mərhələlərində vətəndaşın rifahının prioritet strategiya olması ilə bərabər, hər bir mərhələdə həmin dövrə xas sosial-iqtisadi amillərin də məqsədyönlü siyasətin tərkib hissəsi olaraq tam nəzərə alındığı müşahidə olunur.

Müstəqilliyin ilk illəri

Birinci mərhələnin əhatə etdiyi müstəqilliyin ilk illərində siyasi və iqtisadi böhran gənc dövlətin ictimai həyatının bütün sferalarına sirayət etmişdi və təxirəsalınmaz kompleks tədbirlər sisteminin reallaşdırlması labüd idi.
Belə bir şəraitdə yeni iqtisadi münasibətlərə uyğun sosial müdafiə sistemi mövcud deyildi və onun qurulması üçün müəyyən zaman tələb olunurdu. Bununla belə, əhalinin sosial müdafiəsi tədbirlərinin zəruriliyini diqqətdə saxlayan ulu öndər Heydər Əliyev bunun üçün əvvəllər mövcud olmuş dövlət sosial təminat sistemindən istifadənin keçid dövrü ərzində də davam etdirilməsi ilə xüsusən aztəminatlı əhalinin maddi ehtiyaclarının aradan qaldırılması prinsipini müəyyən etdi. Aztəminatlı vətəndaşların sovet dönəmindən qalmış sosial müdafiə sistemi ilə əhatə olunmasını təmin edən bu tədbir onların bazar iqtisadiyyatına keçidin doğurduğu çətinliklərdən müdafiəsində mühüm rol oynadı.
Bazar prinsiplərinin sürətlə formalaşdığı, yeni mülkiyyət formalarının yarandığı, sahibkarlığın inkişaf etdirildiyi yeni iqtisadi şəraitdə sosial cəhətdən həssas əhali kateqoriyalarının mənafelərinin müdafiəsi də təmin edildi.
Həmin dövrdə bazar iqtisadiyyatı prinsiplərinin diktə etdiyi qiymətlərin sərbəstləşdirilməsi barədə qərarların qəbul olunması qarşılığında adekvat sosial müdafiə tədbirlərinin reallaşdırılması baxımından 1993-cü ilin 22 noyabrında Azərbaycan Respublikası Prezidentinin imzaladığı “İşləməyən pensiyaçılara kompensasiya verilməsi haqqında”, “Çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanlar mühüm əhəmiyyətə malik idi.
Eyni zamanda ümummilli liderin təşəbbüsü əsasında 1990-cı ilin 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, bu faciədə şəhid olanların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” xüsusi qanunların qəbulu, İkinci Dünya müharibəsində iştirak etmiş veteranların sosial müdafiəsinin gücləndirilməsi, 1994-cü ildə 9 mayın Azərbaycanda yenidən Qələbə Günü kimi rəsmiləşdirilməsi təmin edildi. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın milli qəhrəmanlarının və onlardan həlak olanların ailələrinə yardım edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları imzalandı.
1994-cü ildən əməyin ödənilməsinin minimum məbləğinin əhəmiyyətli şəkildə artırılması, habelə pensiya, təqaüd və müavinətlərin bu məbləğə uyğun müəyyənləşdirilməsi qaydasının tətbiqi mühüm islahat tədbirlərindən biri oldu. Həmin ilin 1 dekabrından sosial və işləməyən pensiyaçıların, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrin, texniki peşə məktəblərinin şagirdlərinin, adambaşına aylıq gəliri minimum əməkhaqqının 2 mislindən az olan ailələrdəki 16 yaşınadək uşaqların yeni məbləğlərlə pul kompensasiyası ilə təmin edilməsinə başlanıldı. Büdcə vəsaitlərinin yetərincə olmadığı şəraitdə qeyd olunan təbəqələrin maddi çətinliklərdən müdafiəsinə yönələn bu tədbirlər ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan addımların eyni zamanda ardıcıl sosial müdafiə siyasəti ilə müşaiyət edildiyini, iqtisadi islahatlar prosesində aztəminatlı təbəqənin mənafeyinin mütləq nəzərə alındığını göstərirdi.
Heydər Əliyevin müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi sayəsində artıq 1990-cı illərin ortalarına doğru respublikada ictimai-siyasi sabitliyin yaradılmasına nail olunması, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin iqtisadi dirçəlişinə təkan verərək, respublikanın iqtisadi dividendlərinin artmasına, bunun müqabilində sosial sahə ilə bağlı məqsədlərin uğurla reallaşmasına şərait yaratdı.

1995-2003-cü illər

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilməsi ölkənin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasını şərtləndirdi. Bu ali sənəddə Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu mühüm sosial normalar ölkədə müasir və hüquqi dövlət quruculuğu proseslərini sürətləndirməklə bərabər, bazar münasibətləri əsasında sosialyönümlü milli iqtisadiyyatın qurulmasını şərtləndirən fundamental normativ bazanın formalaşmasına güclü əsaslar yaratdı.
Bu baxımdan məhz 1995-ci ili, ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial müdafiə sferasında da ciddi islahatlarla müşayiət edilən, sosial-iqtisadi tənəzzül proseslərinin qarşısının tam alınması və sabit inkişaf istiqamətində dönüşə nail olunduğu yeni mərhələnin başlanğıc dövrü kimi səciyyələndirmək olar.
Bu mərhələni xarakterizə edən əsas xüsusiyyətlər etibarlı iqtisadi bazanın formalaşması şəraitində sosial müdafiə sisteminin yeni iqtisadi dövrün tələblərinə uyğun şəkildə müasirləşdirilməsinə, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönələn məqsədlərin uğurla həyata keçirilməsi, əhalinin sosial müdafiəsinə istiqamətlənən dövlət vəsaitlərinin ölkənin ümumi inkişaf tempinə uyğun şəkildə mütəmadi artırılması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün yeni və mühüm sosial proqramlara başlanılmasıdır.
1996-cı ildə respublikada pensiya və müavinətlərin ümumən 50 faiz artırılması qeydə alındı və sonrakı illərdə bu proses davamlı xarakter aldı. 1997-ci ilin avqust ayında əlilliyi olan şəxslərin, tənha ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlərin hesablanması, pensiyaçıların yarıdan çoxunun pensiya məbləğinin 2,2 dəfə, 1998-ci ilin avqust ayında şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiya məbləğlərinin 2 dəfədən çox artırılması, 2000-ci ilin əvvəlindən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddinin 50 min manata çatdırılması, həmin ilin noyabrından sosial pensiyaçıların pensiyalarına əlavə olaraq 10 min manat aylıq müavinətin müəyyən edilməsi təmin olundu.
2001-ci ilin əvvəlindən 20 Yanvar əlillərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlər orta hesabla 1,5 dəfə, aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinət 1,4 dəfə, dəfn üçün müavinət 1,5 dəfə, üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət orta hesabla 1,8 dəfə artırıldı, ölkənin pensiya qanunvericiliyində pensiyaların məbləğlərinin artırılmasını nəzərdə tutan bir sıra dəyişikliklər edildi.
Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan fərman və sərəncamlar, habelə müvafiq qərarlarla 1995-2003-cü illər ərzində pensiya və müavinətlərin orta aylıq məbləği ümumilikdə 8 dəfə artırıldı. Həmçinin bu dövrdə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqında 6 dəfədən çox artım baş verdi. 
MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramı qəbul olundu, ölkənin Demoqrafik İnkişaf Konsepsiyası təsdiq edildi. Digər tərəfdən, ölkədə aqrar islahatların uğurla həyata keçirilməsi iqtisadi fəal əhalinin böyük hissəsini təşkil edən kənd əhalisinin səmərəli məşğulluğuna şərait yaratdı.
Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində müharibə əlillərinin, şəhid ailələrinin dövlət hesabına mənzillərlə, müharibə əlillərinin minik avtomobilləri ilə təminatına başlanıldı. Əlilliyi olan şəxslərin müxtəlif reabilitasiya vasitələri, bərpa-müalicə və protez xidməti ilə təminatı gücləndirildi.
Sosial müdafiə sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun müasirləşdirilməsi yönündə aparılan islahatlar çərçivəsində ulu öndərin müvafiq sərəncamı ilə 2001-ci ilin iyul ayından icrasına başlanılan Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası sığorta münasibətlərinə əsaslanan yeni pensiya təminatı sisteminin qurulmasına şərait yaratdı.
Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli 854 nömrəli fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” yoxsulluqla mübarizə sahəsində əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verdi.

2003-cü ildən başlayan yeni inkişaf mərhələsi

2003-cü ildən başlayan yeni inkişaf mərhələsində ümummilli liderin uzaqgörən inkişaf kursunun Azərbaycan Prezidenti cənab 
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə sosial firavanlığın təminatı sahəsində mühüm tarixi nailiyyətlərin qazanılmasına, əhalinin rifah halının yüksəlməsinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin daha da güclənməsinə səbəb olub. Ölkənin artmaqda olan iqtisadi potensialı sosial sferada yüksək hədəflərin reallaşmasına, bu sahənin köklü islahatlar yolu ilə mütərəqqi dünya təcrübəsi əsasında yenidən qurulmasına zəmin yaradıb.
Ötən dövr ərzində ölkə iqtisadiyyatı 7 dəfədən çox artmış, qeyri-neft sektorunun ÜDM-də payı 69 faizə çatmış, minimum əməkhaqqı 11,7 dəfə, bir nəfərə düşən orta aylıq əməkhaqqı isə 6,3 dəfə artaraq 489,3 manata çatmışdır. Son on ildə əhalinin gəlirləri 5,2 dəfə, cari ilin yanvar-avqust aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,6 faiz artmışdır.
Əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib. Bu sahədə ölkəmizdə əldə olunan müsbət təcrübə Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilməsini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunmasını şərtləndirib.
Dayanıqlı sosial-iqtisadi inkişaf respublikanın demoqrafik vəziyyətində də müsbət meyillərin davamlı xarakter almasına əsas yaradıb. Əhalinin 1,2 faizlik illik artımına görə Avropa məkanında ön cərgədə olan, doğulanların sayının ölənlərin sayını 3 dəfədən çox üstələdiyi Azərbaycanda əhalinin artımı davam edir və bu ilin əvvəlindən ölkə əhalisinin sayı daha 59,8 min nəfər və ya 0,6 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 9765,4 min nəfərə çatıb. Respublikada müsbət demoqrafik proseslər iqtisadi fəal əhalinin sayının da artması ilə müşahidə edilir. Son beş ildə ölkədə iqtisadi fəal əhalinin sayı 6,2 faiz artaraq 2015-ci ildə 4915,3 min nəfərə çatıb. Məşğulluq imkanlarının getdikcə çoxalmasının göstəricisi kimi həmin müddətdə məşğul əhalinin say artımı iqtisadi fəal əhalinin say artımını üstələməklə 6,8 faiz təşkil edib, muzdla işləyənlərin sayı isə 8,3 faiz artıb.
Ümumilikdə ötən dövrdə qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,5 milyondan çox yeni iş yerinin açıldığı ölkəmizdə əmək bazarında sabitliyə və işsizliyin 5 faizədək azalmasına nail olunub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən layihəsi hazırlanan yeni Məşğulluq Konsepsiyasında əksini tapan fəaliyyət prioritetləri respublikada məşğulluq siyasətinin daha da güclənməsinə, əhalinin məşğulluq imkanlarının daha da artırılmasına istiqamətlənib.
Pensiya islahatlarının ilkin mərhələsi 2005-ci ilin sonunadək yekunlaşdırılıb və artıq 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya sisteminin tətbiqinə başlanılıb. Bununla da sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı vahid mexanizm formalaşdırılıb. Həmin sistemin tətbiqinin müsbət nəticəsi kimi 2006-cı illə müqayisədə sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı ötən dövrdə 3 dəfədən çox artaraq 3 milyon 300 min nəfəri ötüb. Ümumiyyətlə, qeyd edilən dövrdə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə, pensiyaların orta aylıq məbləği 6 dəfədən çox artıb.
Əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatların mühüm elementlərindən biri də ölkədə dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat sisteminin yenidən qurulması olmuşdur. Bu sistem çərçivəsində ödənilən müxtəlif növ müavinət, təqaüd və digər sosial ödənişlərin davamlı artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz töhfəsini vermişdir. Son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,9 dəfə, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləği 2,6 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2,2 dəfə artırılıb. Müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə I qrup əlillər üçün 83,3 faiz, II qrup əlillər üçün 104,3 faiz, III qrup əlillər üçün 120 faiz təşkil edib.
Dünyada müşahidə olunan mənfi iqtisadi proseslərin ötən ilin sonlarından daha da kəskinləşdiyi şəraitdə bu prosesin milli iqtisadiyyata təsirlərinin minimallaşdırılması üçün dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çevik islahatlar ilk növbədə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunmasına və əmək bazarında sabitliyin qorunub saxlanmasına yönəlib. Əhalinin postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən kompensasiyası təmin edilib. Mühüm sosial müdafiə tədbiri əsasında ölkədə ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn bütün sosial ödənişlərin fevral ayının 1-dən orta hesabla 10 faiz artırılması təmin edilib.
Sosial müdafiə sahəsinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürü kimi bu yaxınlarda imzalanan “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, habelə respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslər üçün Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.
Cari ilin 9 ayı ərzində 459 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilmişdir. Müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 9,6 faiz artmışdır. Hazırda 135762 ailəyə və ya onların 583,8 min üzvünə, yəni ölkə əhalisinin 6 faizinə ünvanlı sosial yardım verilir. Cari ilin 1 oktyabr tarixinə bir ailəyə düşən orta aylıq yardım məbləği 152 manat olmuşdur. Ümumilikdə sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 9 ay ərzində 425 milyon manat vəsait xərclənmişdir.
Mühüm sosial proqramların, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə, müharibə əlilləri və onlara bərabər tutulanların minik avtomobili ilə təminatı ildən-ilə gücləndirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2015-ci illərdə və cari ilin ötən dövründə 696 nəfər, o cümlədən 360 nəfər Qarabağ müharibəsi əlili, 336 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillə təmin ediliblər. Ümumilikdə bu vaxta qədər nazirliyin xətti ilə 5473 nəfər əlil və şəhid ailəsinə mənzil verilib. 2014-2015-ci illərdə 1933 nəfərə “Naz-LİFAN” markalı avtomobil verilməklə, 2014-cü ilədək növbəyə duranların hamısı, hətta 2014-cü il ərzində növbəyə dayananlardan bir qrupu avtomobillə təmin olunub. Ümumilikdə indiyədək ölkəmizdə dövlət tərəfindən 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib.
2016-cı ilin 9 ayı ərzində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1102 nəfər tam dövlət təminatında olmuşdur. Cari ilin 9 ayı ərzində 222 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb edilmişdir. Fondun yerli orqanları tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillər və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir. 1237 nəfər sosial işçi tərəfindən 11855 nəfər şəxsə evdə sosial məişət xidməti göstərilir. 
Respublikada əlillərin həyata inteqrasiyası, tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi və əlillərin reabilitasiyası istiqamətində kompleks məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Cari ilin 9 ayı ərzində 10 min 989 nəfərə protez-ortopedik xidmət göstərilmiş, əlilliyi olan şəxslərə 1093 ədəd əlil arabası və 525 ədəd eşitmə aparatı verilmişdir. Cari ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 25266 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib. Eyni dövrdə respublikada fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərində 6 min 381 nəfər əlil bərpa müalicəsi almışdır.
Fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılmış, bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilmişdir. 9 ay ərzində 10 min 355 nəfərə işsiz statusu verilmiş, 10 min 853 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 
Sığorta-pensiya sistemi hər bir vətəndaşın nazirliyin internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olaraq öz fərdi hesabı barədə məlumat almasına, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilməsinə imkan verir. Eləcə də pensiya yaşına çatmış şəxslər hər hansı sənəd toplamadan və vaxt itirmədən nazirliyin “Çağrı mərkəzi”nə zəng vurmaqla real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilirlər. Bu sahədə islahatlarımız beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Məsələn, bu ilin aprel ayında Stokholm şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Azərbaycanın “Çağrı mərkəzi” vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” adlı müsbət təcrübəsi müstəqil komissiya tərəfindən xüsusi sertifikata layiq görülüb və Beynəlxalq Sosial Təminat Assosiasiyasının Müsbət Təcrübələr məlumat bankına daxil edilib.
Artıq iki ildən çox fəaliyyət göstərən əmək münasibətlərinin elektron qeydiyyat sistemi əmək bazarının, eləcə də işçi hüquqlarının təminatının dövlətin birbaşa nəzarətində saxlanılmasına, məşğulluğun dinamikasını, iş qüvvəsinin icarə şərtlərini, əməyin şərtlərini, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələrini və yerdəyişməsini və s. dəqiq şəkildə izləməyə, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin dəqiq və əhatəli uçotunu aparmağa imkan verir.
Hazırda ünvanlı sosial yardım üçün müraciətlərin edilməsi, onların qəbulu və müraciətlərə baxılaraq qərar verilməsi prosesi avtomatlaşdırılmış rejimdə aparılır.
Əlillik təyinatı və reabilitasiya sisteminin də tam avtomatlaşdırılması təmin edilib. Digər tərəfdən, sistem tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlillik müddətsiz müəyyən olunmaqla, ikinci və üçüncü dərəcə əlilliklərin müddəti 5 ilə qədər uzadılıb. Yəni hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə artıq ehtiyac qalmayıb.
Nazirliyin fəaliyyət sahələrinin innovativ yeniliklər və texnologiyalar əsasında yenidən qurulması əhaliyə göstərilən xidmətlərin də elektron müstəvidə təşkilini reallaşdırıb. Cari ilin 9 ayı ərzində Nazirliyin e-xidmətlərindən istifadə sayı 4,5 milyona çatıb. Sentyabr ayında “E-hökumət” portalına müraciətlərin 37 faizi əmək və sosial müdafiə sahəsi üzrə e-xidmətlərə aid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə yönələn siyasətinin əsas prioritetlərindən biri kimi dövlət məşğulluq siyasətinin bütün istiqamətlər üzrə gücləndirilməsi, o cümlədən əmək bazarı proqramlarının genişləndirilməsi, ölkədə ailə biznesinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görüləcəkdir. Bu baxımdan dövlət başçısının 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı ilk dəfə ölkəmizdə dövlət səviyyəsində icra edilən proqram mühüm əhəmiyyətə malikdir. Artıq start verilmiş bu özünüməşğulluq proqramına ölkə üzrə təqribən 1500 ailə cəlb olunacaqdır ki, bu məqsədlə 6 milyon manat vəsait ayrılıb. Hazırda praktik icra mərhələsində olan bu proqram təkcə məşğulluğun təminatı məqsədinə deyil, həm də kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Bu sahədə formalaşan uğurlu təcrübə gələcəkdə belə proqramların daha da genişlənməsini stimullaşdıracaq. Yaradılması nəzərdə tutulan müstəqil işsizlik sığortası sistemi aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə imkan verməklə kiçik ailə biznesinin maliyyə təminatı kimi çıxış edəcəkdir.
Nazirliklə Beynəlxalq Əmək Təşkilatı arasında bu yaxınlarda imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası beynəlxalq əmək normalarının və əmək sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, aktiv əmək bazarı tədbirlərinin həyata keçirilməsi vasitəsilə məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ölkədə sosial partnyorluq sisteminin inkişafına təkan verəcəkdir. 
Heydər Əliyev ideyalarının uğurla gerçəkləşdirilməsi müstəqil Azərbaycanın sosial-iqtisadi həyatının bütün istiqamətlər üzrə modernləşdirilməsi kimi, səmərəli, müasir texnologiyalara və innovativ idarəetməyə əsaslanan sosial təminat sisteminin qurulmasını da təmin etmişdir. Azərbaycan xalqının sosial rifahına xidmət edən, qlobal miqyasda müşahidə olunan maliyyə-iqtisadi böhran şəraitində belə əhalinin sosial müdafiəsinin etibarlı təminatına zəmanət verən bu sistem dahi şəxsiyyət tərəfindən böyük uzaqgörənliklə müəyyənləşdirilən hərtərəfli tərəqqi siyasətinin vaxtında və mövcud reallıqları nəzərə almaqla həyata keçirilməsinin əyani təcəssümüdür.

Səlim MÜSLÜMOV,
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor

"Azərbaycan" qəzeti (18.10.2016)

Video archive
Photo archive
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda
© 2011. The official information source of the Ministry of Labor and Social Protection of Population of the Republic of Azerbaijan.
All rights reserved.