www.mlspp.gov.az
Azərbaycanca   English 21.07.2018 - cı il
Xəbər lenti

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq                   Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

Vətəndaşın rifahını iqtisadi tərəqqinin əsas məqsədinə çevirən sosial inkişaf doktrinası

Vətəndaşın rifahını iqtisadi tərəqqinin əsas məqsədinə çevirən sosial inkişaf doktrinası

Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsi, mükəmməl iqtisadi perspektivləri və parlaq gələcəyinin əsasında, heç şübhəsiz, dünya şöhrətli siyasi xadim, müasir tariximizin memarı Heydər Əliyevin ideyaları, işıqlı əməlləri, dövlət və xalq naminə fədakar fəaliyyəti dayanır.

İyirminci əsrin sonlarında xalqımızın yenidən qovuşduğu, lakin ilk illəri ekstremal şərait, vətəndaş qarşıdurması, xain erməni qonşularımız tərəfindən məruz qaldığımız mənfur etnik təmizləmə və təcavüz siyasəti, bir milyonu aşan qaçqın və məcburi köçkün ordusu, onilliklər ərzində təşəkkül tapmış iqtisadi münasibətlər sisteminin çökməsi, ağır sosial vəziyyət, ictimai həyatın bütün sferalarına sirayət edən dərin böhran, bütün bunlardan irəli gələn çoxsaylı taleyüklü vəzifələrin öz həllini tapa bilməməsi ilə səciyyələnən dövlət müstəqilliyi məhz ümummilli lider Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası sayəsində qorunub saxlanmış və möhkəmləndirilmiş, bununla da müasir qüdrətli Azərbaycan dövlətinin əsası qoyulmuşdur.

Müstəqil dövlətimizin azərbaycançılığa söykənən əsas milli ideyasını formalaşdıran böyük düha sahibi Heydər Əliyev fenomenal şəxsiyyət və xarizmatik liderlik keyfiyyətləri sayəsində milyonlarla insanı ülvi amallar ətrafında səfərbər etmiş, milli tərəqqinin ana xətti kimi modernləşməni müəyyənləşdirərək, ölkəmizi yeni-yeni zirvələrə aparan total islahatlar və hərtərəfli inkişaf strategiyasına start vermişdir.

Dünya düzənini çalxalandıran mürəkkəb geosiyasi proseslər müstəvisində Azərbaycanın sabitlik adasına çevrilməsi, qlobal təlatümlər burulğanında meydana çıxan çoxşaxəli sosial-siyasi-iqtisadi risk amillərinin təsirlərindən effektiv qorunması ulu öndərin müəllifi olduğu müdrik inkişaf kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq məharətlə həyata keçirilməsi sayəsində mümkün olmuşdur.

Bu inkişaf kursunun təməl prinsiplərindən biri də odur ki, ötən əsrin 90-cı illərində ulu öndər mövcud şəraitdə hərtərəfli tərəqqi üçün sosial-iqtisadi sistemin bazar münasibətləri əsasında transformasiyasının tarixi zərurət olması konsepsiyasını irəli sürməklə yanaşı, bu keçid dövründə əhalinin sosial maraqlarının təminatını, iqtisadi potensialın ilk növbədə xalqın rifahına yönəldilməsini dövlətin strateji vəzifələri sırasına aid etdi.

Ağır tənəzzülün hökm sürdüyü həmin dövrdə ciddi çətinliklərə və məhdud imkanlara baxmayaraq, ulu öndər bazar iqtisadiyyatına yönəldilən kompleks islahat tədbirləri şəraitində əhalinin güzəranına mənfi təsirlərin azaldılmasını və etibarlı sosial müdafiə sisteminin qurulmasını vacib amil kimi ön plana çəkməklə əhalinin dövlət təminatı hesabına sosial risklərdən müdafiəsini milli prioritetə çevirmiş, bununla da ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğunda baza dəyər kimi sosial ədalətin əsas götürülməsini təmin etmişdir. Bu konseptual yanaşma həmçinin sosial inkişafın məqsədləri barədə dövlət və cəmiyyətin ideoloji baxışlarını, habelə həmin məqsədlərə nail olmaq üçün kompleks fəaliyyət istiqamətlərini özündə ehtiva edən sosial dövlət siyasətinin təməl prinsiplərini müəyyən etdi. Müstəqil Azərbaycanın milli tərəqqi prosesinin vacib komponenti kimi sosial sferanın, onun iqtisadi mexanizmlərinin təşəkkül tapması və inkişafı məhz bu təməl prinsiplərə əsaslanmış, əhalinin sosial müdafiəsinin inkişaf tarixinin bütün mərhələlərində vətəndaşın rifahının prioritet vəzifə olması ilə bərabər, hər bir mərhələdə həmin dövrə xas sosial-iqtisadi amillər də məqsədyönlü siyasətin tərkib hissəsi olaraq tam nəzərə alınmışdır.

Müstəqilliyin ilk illərində yeni iqtisadi münasibətlərə uyğun sosial müdafiə sisteminin mövcud olmaması və onun qurulmasına müəyyən zaman tələb olunması şəraitində ulu öndər sovet dönəmindən qalmış dövlət sosial təminat qaydalarının keçid dövründə də davam etdirilməsi ilə əhalinin maddi ehtiyaclarının aradan qaldırılmasına nail oldu və bu, aztəminatlı vətəndaşların bazar iqtisadiyyatına transformasiyanın doğurduğu çətinliklərdən qorunmasında vacib rol oynadı.

Bazar münasibətlərinin sürətlə formalaşdığı, yeni mülkiyyət formalarının yarandığı, sahibkarlığın sürətlə inkişaf etdirildiyi yeni iqtisadi şəraitdə sosial cəhətdən həssas əhali kateqoriyalarının mənafelərinin müdafiəsi təmin edildi, bazar iqtisadiyyatı prinsiplərinin diqtə etdiyi qiymətlərin sərbəstləşdirilməsi kimi tədbirlərin mənfi təsirlərinin adekvat neytrallaşdırılması yönündə mühüm sosial addımlar atıldı.

Ümummilli liderin təşəbbüsü əsasında 1990-cı ilin 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi, "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi, bu faciədə şəhid olanların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” xüsusi qanunların qəbulu, İkinci Dünya müharibəsində iştirak etmiş veteranların sosial müdafiəsinin gücləndirilməsi, 1994-cü ildə 9 May gününün Azərbaycanda yenidən Qələbə Günü kimi rəsmiləşdirilməsi təmin edildi. Ölkəmizin  suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın Milli qəhrəmanlarının və onlardan həlak olanların ailələrinə yardım edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları imzalandı.

1994-cü ildən əməyin ödənilməsinin minimum məbləğinin əhəmiyyətli şəkildə artırılması, habelə pensiya, təqaüd və müavinətlərin bu məbləğə uyğun müəyyənləşdirilməsi qaydasının tətbiqi davamlı sosial islahat tədbirlərininin vacib tərkib hissəsi idi. Həmin ilin 1 dekabrından sosial və işləməyən pensiyaçıların, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrin, texniki peşə məktəblərinin şagirdlərinin, adambaşına aylıq gəliri minimum əməkhaqqının 2 mislindən az olan ailələrdəki 16 yaşınadək uşaqların yeni məbləğlərlə pul kompensasiyası ilə təmin edilməsinə başlanıldı.

Artıq 1990-cı illərin ortalarına doğru ölkəmizdə ictimai-siyasi sabitlik Heydər Əliyevin müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli fəaliyyəti sayəsində bərqərar oldu. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması iqtisadi dirçəlişə təkan verərək, bütövlükdə respublikanın potensialının artmasına, bu əsasda vacib sosial hədəflərin uğurla reallaşmasına şərait yaratdı.

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi ölkə həyatının bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirdi. Dövlətin əsas qanunu ölkədə müasir və hüquqi dövlət quruculuğu proseslərini sürətləndirməklə bərabər, bazar prinsiplərinə söykənən milli sosialyönümlü iqtisadiyyatın qurulması üçün fundamental normativ bazanın formalaşmasına əsaslı zəmin yaratdı. Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olması, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmasına dair mühüm sosial normalar Konstitusiyada təsbit olunaraq ən yüksək səviyyədə bəyan edildi. Bu ali sənədin qəbul edildiyi 1995-ci ili, bütün sahələrdə olduğu kimi, sosial müdafiə sferasında da ciddi islahatlarla müşahidə edilən, sosial-iqtisadi tənəzzül proseslərinin tam cilovlanması və sabit inkişaf istiqamətində dönüşə nail olunduğu yeni mərhələnin başlanğıc nöqtəsi də adlandırmaq olar.

Bu mərhələdə etibarlı iqtisadi bazanın formalaşması şəraitində sosial müdafiə sisteminin yeni iqtisadi dövrün tələblərinə uyğun şəkildə müasirləşdirilməsinə, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönələn məqsədlərin uğurla həyata keçirilməsi, əhalinin sosial müdafiəsinə istiqamətlənən dövlət vəsaitlərinin ölkənin ümumi inkişaf tempinə uyğun şəkildə mütəmadi artırılması üçün yeni və mühüm sosial proqramlara başlanıldı. Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan fərman və sərəncamlar, habelə müvafiq qərarlarla 1995-2003-cü illər ərzində pensiya və müavinətlərin orta aylıq məbləği ümumilikdə 8 dəfə artırıldı. Həmçinin bu dövrdə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqında 6 dəfədən çox artım baş verdi.

MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi şəraitə uyğun Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı qəbul olundu, ölkənin Demoqrafik İnkişaf Konsepsiyası təsdiq edildi. Digər tərəfdən, ölkədə aqrar islahatların uğurla həyata keçirilməsi iqtisadi fəal əhalinin böyük hissəsini təşkil edən kənd əhalisinin səmərəli məşğulluğuna şərait yaratdı.

Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində müharibə əlillərinin, şəhid ailələrinin dövlət hesabına mənzillərlə, müharibə əlillərinin minik avtomobilləri ilə təminatına başlanıldı. Əlilliyi olan şəxslərin müxtəlif reabilitasiya vasitələri, bərpa-müalicə və protez xidməti ilə təminatı gücləndirildi. Bu istiqamətdə mühüm tədbir kimi Protez-Ortopedik Bərpa Mərkəzi fəaliyyətə başladı.

Sosial müdafiə sisteminin modernləşdirilməsinə yönəldilən köklü islahatlar çərçivəsində ulu öndərin təsdiq etdiyi Pensiya İslahatı Konsepsiyası ilə mütərəqqi dünya təcrübəsinə uyğun sığorta-pensiya sisteminin formalaşması prosesinin əsası qoyuldu. Bu islahatlar sistem xarakterli dəyişikliklər yolu ilə pensiya təminatının sosial və iqtisadi səmərəliliyin vəhdətinə əsaslanan yeni institusional formatda fəaliyyətini nəzərdə tuturdu.

Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün  Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” ölkədə yoxsulluqla mübarizədə əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verdi.

Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı istiqamətində qurulmuş möhkəm zəmin 2003-cü ildən sonrakı dövrdə də ölkə həyatında mühüm rol oynamış, davamlı tərəqqinin əhalinin həyat səviyyəsinin gücləndirilməsinə yönəldilməsini dövlətin sosial-iqtisadi siyasətinin başlıca məqsədi səviyyəsinə qaldırmağa imkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqil milli iqtisadiyyatının formalaşdırılması, bazar prinsipləri əsasında gerçəkləşdirilən islahatlarla əhalinin sosial  müdafiəsi tədbirlərinin əlaqələndirilməsi konsepsiyası uğurla reallaşdırılmışdır. Bu əsasda mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatı mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması sosial siyasətin strateji istiqamətlərindən biri kimi tam gerçəkləşdirilmişdir. Ölkənin artmaqda olan iqtisadi potensialı sosial sferada yüksək hədəflərin reallaşmasına, bu sahənin köklü islahatlar yolu ilə beynəlxalq standartlara uyğun yenidən qurulmasına əsaslı şərait yaratmışdır.

2003-2016-cı illər ərzində ölkədə ümumi daxili məhsul istehsalı 8,4 dəfə, minimum əmək haqqı 12,9 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı isə 6,4 dəfə artmışdır. Eyni dövrdə əhalinin gəlirlərində 7,9 dəfə, 2016-cı ildə isə əvvəlki ilə nisbətən nominal ifadədə 8,7 faiz artım qeydə alınmışdır.

Əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib. Bu sahədə  ölkəmizdə əldə olunan müsbət təcrübə Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilməsini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunmasını şərtləndirib.

Ölkədəki demoqrafik vəziyyətdə davamlı xarakter alan müsbət meyllər də məhz dayanıqlı inkişaf mühitindən qaynaqlanır. Əhalinin illik artım səviyyəsinə görə Avropa məkanında ön cərgədə olan, doğulanların sayının ölənlərin sayını 3 dəfədən çox üstələdiyi Azərbaycanda əhalinin artımı davam edir və 2016-cı il ərzində ölkə əhalisinin sayı daha 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatıb. Respublikada müsbət demoqrafik proseslər iqtisadi fəal əhalinin sayının da artması ilə müşahidə edilir. 2010-cu ildən hazıradək ölkədə iqtisadi fəal əhalinin sayı 9,1 faiz artaraq 2016-cı il dekabrın 1-nə 5006,8 min nəfərə çatıb. Məşğulluq imkanlarının getdikcə yüksəlməsinin göstəricisi kimi, həmin müddətdə məşğul əhalinin say artımı iqtisadi fəal əhalinin say artımını üstələməklə 9,3 faiz təşkil edib, muzdla işləyənlərin sayı isə 9,5 faiz artıb.

İqtisadiyyatın sosialyönümlü inkişafında məşğulluq amilinin ön planda saxlanılması, aztəminatlı ailələr üçün passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid, hər bir əmək qabiliyyətli ölkə vətəndaşının səmərəli məşğulluq imkanlarına malik olmasına şərait yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikanın sosial-iqtisadi inkişaf modelini formalaşdıran siyasətinin əsas prioritetlərindən biridir. Nəticədə, ölkənin əmək ehtiyatlarından dolğun istifadə, əhalinin məşğulluğu dövlətin sosial firavanlığın təminatına yönələn siyasət kursunun aparıcı bir sahəsi kimi formalaşaraq, ölkədəki iqtisadi inkişaf proseslərinin və islahatların səmərəlilik göstəricisi kimi çıxış edir. Bunun əməli təsdiqi kimi, iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi şəraitində əmək tutumlu sahələrin yaradılması, iri infrastruktur layihələrinin icrası, özəl sektorun, xüsusən kiçik və orta sahibkarlığın genişlənməsinə yönələn investisiya fəallığının, digər tərəfdən, regionların inkişafının hərtərəfli dəstəklənməsi ölkədə yeni iş yerlərinin açılmasını daimi prosesə çevirib. Ümumilikdə ötən dövrdə qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,5 milyondan çox yeni iş yerinin yaradıldığı ölkəmizdə əmək bazarında sabitliyə və işsizliyin 5 faizədək azalmasına nail olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən layihəsi hazırlanan yeni Məşğulluq Strategiyasında əksini tapan fəaliyyət prioritetləri respublikada məşğulluq siyasətinin daha da güclənməsinə, əhalinin məşğulluq imkanlarının daha da artırılmasına istiqamətlənib.

Ölkədə müəyyən edilmiş prioritet sosial-iqtisadi inkişaf xəttinə uyğun olaraq 2016-cı ildə məşğulluq tədbirləri davam etdirilib. Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən 56,6 min nəfər münasib işlə təmin edilmiş, 1,1 min nəfər haqqı ödənilən ictimai işlərə, 3,4 min nəfər peşə hazırlığı kurslarına cəlb olunmuş, 11 min nəfərə işsiz statusu verilmiş, 11,6 min nəfərə işsizlik müavinəti təyin edilmişdir. 2016-cı ildə işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılmış, bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilmişdir.

“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə əksini tapan prioritetlər sırasında insan kapitalının inkişafının stimullaşdırılması ölkədə əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün mühüm önəm kəsb edən məsələlərdəndir və bu baxımdan nazirliyin peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün son illərdə aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Hazırda Bakı, Naxçıvan, Göyçay  şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir, Gəncə şəhərində daha modern belə bir mərkəz 2017-ci ildə istifadəyə veriləcəkdir. Bu sistemin gələcəkdə regional şəbəkəsinin daha da genişləndirilməsi diqqətdə saxlanacaqdır.

Dövlət məşğulluq siyasətinin bütün istiqamətlər üzrə gücləndirilməsi çərçivəsində əmək bazarı proqramlarının genişləndirilməsi, ölkədə ailə biznesinin inkişaf etdirilməsi baxımından dövlət başçısının 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı ilk dəfə ölkəmizdə dövlət səviyyəsində icra edilən proqram mühüm əhəmiyyətə malikdir. İcrasına start verilmiş bu özünüməşğulluq proqramına ölkə üzrə təqribən 1500 ailə cəlb olunacaqdır ki, bu məqsədlə 6 milyon manat vəsait ayrılıb. Hazırda praktik icra mərhələsində olan bu proqram təkcə məşğulluğun təminatı məqsədinə deyil, həm də kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Bu sahədə formalaşan uğurlu təcrübə gələcəkdə belə proqramların daha da genişlənməsini stimullaşdıracaq.

Ölkənin bütün rayon və şəhərləri üzrə bu proqramda iştirak etmək istəyən işsiz və işaxtaran vətəndaşlar iki aylıq biznesin təlimi kurslarına cəlb edilirlər. Təlim kurslarında Beynəlxalq Əmək Təşkilatının təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən iştirakçılara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilir. İndiyə qədər iştirakçılardan 1789 nəfəri kursları uğurla başa vurub. Onların hazırladıqları biznes-planların qiymətləndirilməsi biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyektiv və tam şəffaf şəraitdə keçirilib. Qiymətləndirmədə kursları bitirənlərdən 80 faizinin biznes planları müsbət dəyərləndirilib. Uğurlu hesab edilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrinə aiddir. Hazırda yaradılması nəzərdə tutulan müstəqil işsizlik sığortası sistemi aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə imkan verməklə kiçik ailə biznesinin maliyyə təminatı kimi çıxış edəcəkdir.

2006-cı ildən fəaliyyət göstərən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı müasir pensiya sistemivasitəsilə hazırda 1315,2 min nəfər pensiyaçıya yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları ödənilir. Ötən dövrdə ölkə rəhbəri tərəfindən əmək pensiyasının baza hissəsinin artırılması və sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı çoxsaylı sərəncamlar imzalanmış, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilmişdir. Bu mühüm sosial siyasət tədbirləri nəticəsində qeyd edilən dövr ərzində pensiya sisteminin büdcəsi 5,8 dəfə,əmək pensiyaları üzrə xərclər 5,9 dəfə,əmək pensiyasının baza hissəsi 4,4 dəfə, pensiyaların orta aylıq məbləği 6,4 dəfə artmış,yaşa görə pensiyanın ölkə üzrə orta aylıq əmək haqqına nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 43 faizə yüksəlmişdir.

2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilə nisbətən 261,1 milyon manat və ya 9 faiz artaraq 3175,7 milyon manat olub ki, bu da pensiya və müavinətləri hər ay vaxtında maliyyələşdirməyə imkan verib. 2016-cı ildə fondun xərclərinin 98,2 faizi və ya 3135,6 milyon manatı əmək pensiyaları və sosial sığorta müavinətləri şəklindəəhaliyə ödənişlərə yönəldilib. Prezident cənab İlham Əliyevin bu sahənin inkişafını daim xüsusi diqqət mərkəzində saxlaması əksər ölkələrin sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda ölkə əhalisinin 13,4 faizini əhatə edən pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısıdır.

Əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatların mühüm elementlərindən biri də ölkədə dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat sisteminin yenidən qurulması olmuşdur. Bu sistem çərçivəsində ödənilən müxtəlif növ müavinət, təqaüd və digər sosial ödənişlərin davamlı artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı töhfə vermişdir. 2016-cı ildə 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilmişdir. Bundan əlavə 57,8 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunaraq ödənilmişdir. 2016-cı ildə bu məqsədlər üçün 339,1 milyon vəsait xərclənmişdir ki, bu da 2015-ci illə müqayisədə 35,2 milyon manat və ya 11,6 faiz çoxdur. Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10 faiz artmışdır. 2016-cı ilin sonuna 165,4 min ailə (692,0 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunmuş və bu məqsədlərə 237 milyon manat xərclənmişdir.

Mühüm sosial proqramların, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə, müharibə əliləri və onlara bərabər tutulanların minik avtomobili ilə təminatı davam etdirilmişdir. 2016-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən olan 288 nəfər, o cümlədən 118 nəfər mənzillə, 170 nəfər isə fərdi evlə təmin olunmuşlar. Həmçinin il ərzində 140 nəfər imtiyazlı şəxsə pulsuz avtomobil verilmişdir.

2016-cı il ərzində nazirliyin tabeliyində olan sosial xidmət müəssisələrində ümumilikdə 1085  nəfər tam dövlət təminatında olmuş, 1237  nəfər sosial işçi tərəfindən isə 11,6 min nəfər şəxsə evdə sosial məişət xidməti göstərilmişdir.

Respublikada əlillərin həyata inteqrasiyası, tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi və əlillərin reabilitasiyası istiqamətində kompleks məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2016-cı il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə  müəssisələrində 23,3 min nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilmiş, 32,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilmişdir. Bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində də işlər aparılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  iştirakı ilə əsaslı yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında Respublika Əlillərin Bərpa Mərkəzi,  2016-cı ilin dekabr ayında Uşaq Bərpa Mərkəzi və Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün bərpa mərkəzi istifadəyə verilib. Həmin mərkəzlərdə yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.

Sosial sferanın qabaqcıl dünya təcrübəsinə uyğun modernləşdirilməsi istiqamətində reallaşdırılan kompleks islahatlar çərçivəsində müasir texnologiyalar və innovativ yeniliklərin geniş tətbiqi əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin əsaslı şəkildə yüksəldilməsiilə nəticələnmişdir.

Sığorta-pensiya sistemi hər bir vətəndaşın nazirliyin  internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə  daxil olaraq öz fərdi hesabı barədə məlumat almasına, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilməsinə imkan verir. Eləcə də pensiya yaşına çatmış şəxslər hər hansı sənəd toplamadan  və vaxt itirmədən nazirliyin “Çağrı Mərkəzi”nə zəng vurmaqla real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilirlər.

Əmək münasibətlərinin elektron qeydiyyat sistemi  əmək bazarının, eləcə də işçi hüquqlarının təminatının dövlətin birbaşa nəzarətində saxlanılmasına, məşğulluğun dinamikasını, iş qüvvəsinin icarə şərtlərini, əməyin şərtlərini, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələrini və yerdəyişməsini və s. dəqiq şəkildə izləməyə, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin dəqiq və əhatəli uçotunu aparmağa imkan verir.

Hazırda ünvanlı sosial yardım üçün müraciətlərin edilməsi, onların qəbulu və müraciətlərə baxılaraq qərar verilməsi prosesi tam avtomatlaşdırılmışdır.Vətəndaşlar təmsil etdikləri ailələrin sosial yardım almaq hüquqlarına baxılması üçün internet əlaqəsi olan istənilən nöqtədən və istənilən vaxt kompüterlər, mobil telefonlar və s. vasitəsilə müraciət edə bilirlər. Ailələr barədə sistemə daxil edilən məlumatların yoxlanılması 20-dən çox qurumun elektron məlumat bazalarına inteqrasiya şəraitində həyata keçirilir və məlumatların təhlili, qərar qəbul etmə prosesi də avtomatik rejimdə yerinə yetirilir. Elektron informasiya sisteminin fəaliyyəti ünvanlı sosial yardım təyinatında vətəndaş-məmur təmaslarını  aradan qaldırmış və təyinatda şəffaflıq tam təmin edilmişdir. Son nəticədə, bu, vətəndaşların sosial təminat hüquqlarından istifadədə məmnunluğa gətirib çıxarmışdır.

Həmçinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi vasitəsilə əlilliyin ekspert-vətəndaş təmasları  olmadan, tam şəffaf şəkildə qiymətləndirilməsinə başlanılmışdır. Bununla da əlilliyin təyini üçün tibbi-sosial ekspert komissiyaları tərəfindən vətəndaşların müayinəsi proseduru tamamilə aradan qaldırılmışdır. Belə ki, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə Səhiyyə Nazirliyindən alınan məlumat real vaxt rejimində göndərişlərin reyestrinə daxil edilərək avtomatlaşdırılmış alt sistemə ötürülür. Sonrakı mərhələdə göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin  kimliyinə dair məlumatlar adsızlaşdırılır, şifrə verilir və bundan sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün həmin göndəriş elektron şəkildə hər hansı ekspert komissiyasına ötürülür. Göndərişin kimə aid olduğu, hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız göndərişdə qeyd olunan xəstəlik vəziyyətinə  uyğun olaraq, tam obyektiv şəkildə əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Eləcə də, sistem tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyin müddətsiz, ikinci və üçüncü dərəcə əlilliyin isə müddətinin 5 ilə qədər uzadılması nəticəsində, hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə ehtiyac qalmamışdır.

Azərbaycanın əmək və sosial müdafiə sahəsində aparılan islahatlar, tətbiq edilən avtomatlaşdırılmış sistemlər beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir, böyük maraqla müşahidə edilir. 2016-cı ilin aprel ayında Stokholm şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Azərbaycanın “Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” adlı müsbət təcrübəsi müstəqil komissiya tərəfindən xüsusi sertifikata layiq görülüb və Beynəlxalq Sosial Təminat Assosiasiyasının Müsbət Təcrübələr məlumat bankına daxil edilib.

Bu yaxınlarda isə Dünya Bankının ekspert qrupunun müraciətinə əsasən, təşkilatın Vaşinqton şəhərindəki mərkəzi ofisi üçün ünvanlı sosial yardımla bağlı istifadə olunan avtomatlaşdırılmış sistemin geniş təqdimatı keçirilmişdir. BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında bu və digər avtomatlaşdırılmış sistemlərimiz təbliğ edilir. Həmin sistemlərlə bağlı bizim təcrübəmizi öyrənməyə maraq göstərən ölkələrin sayı da artır. Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə əldə olunmuş uğurlu təcrübəni bölüşmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təkcə 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərində Rusiya Federasiyasının, Ukraynanın, Moldova Respublikasının, Əfqanıstan İslam Respublikasının və Tacikistan Respublikasının nümayəndə heyətləri ilə görüşlər keçirilmişdir.

Müasir informasiya texnologiyalarının tətbiqi ilə əhaliyə göstərilən sosial xidmətlərin təkmilləşdirilməsi, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif fəaliyyət sahələri üzrə 30-dək elektron xidmətindən 2016-cı il ərzində əhali 6,5 milyon dəfə istifadə edib. Həmin il əzrində “Elektron hökumət” portalında elektron xidmətlərdən ən çox istifadə olunan dövlət qurumu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

Növbəti mərhələ kimi, nazirliyin digər fəaliyyət sahəsinin - məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması işləri aparılır. Artıq bu işlər yekunlaşmaqdadır. Yeni elektron sistem işsiz və işaxtaran vətəndaşların münasib iş yeri ilə təminatı və əmək bazarında işçi qüvvəsinə tələbin ödənilməsi işinin daha səmərəli və çevik təşkilinə imkan yaradacaq. Ümumilikdə, nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, əhaliyə məşğulluq xidmətlərinin də müasir əsaslar üzərində və daha səmərəli təşkili yönündə 2017-ci il ərzində lazımi tədbirlərin görülməsi təmin ediləcək.

Ulu öndər Heydər Əliyevin müasir dövlət quruculuğu fəlsəfəsinin uğurla gerçəkliyə çevrilməsi ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlərə yol açdığı kimi, sosial sferada da çevik idarəçilik, əhatəlilik, səmərəlilik, şəffaflıq və ünvanlılıq prinsiplərinə söykənən müasir sosial müdafiə sisteminin qurulmasına şərait yaratmışdır. Dahi şəxsiyyət tərəfindən böyük uzaqgörənliklə müəyyənləşdirilən hərtərəfli tərəqqi siyasətinin çağdaş dövrün reallıqları nəzərə almaqla həyata keçirilməsinin bariz nümunəsi kimi bu sistem qlobal maliyyə-iqtisadi böhran şəraitində belə əhalinin etibarlı sosial müdafiəsini təmin etməkdədir.

Səlim Müslümov,
Azərbaycan Respublikasının əmək və
əhalinin sosial müdafiəsi naziri

"Xalq" qəzeti, 04.05.2017.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.