www.mlspp.gov.az
Azərbaycanca   English 23.01.2018 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfərə reabilitasiya xidmətləri göstərilib                    2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  3,9 min nəfəri peşə kurslarına, 105,3 min nəfəri isə peşəyönümü tədbirlərinə cəlb edib

Azərbaycan Respublikasında sosial inteqrasiya

Azərbaycan Respublikasında sosial inteqrasiya

Sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqi proseslərinin geniş vüsət aldığı Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının  hüquqlarının etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi ilbəil genişlənir. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların da cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlü, dolğun həyat şəraitinə malik olmalarının və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir.

Cəmiyyətin qayğıya və yardıma daha çox ehtiyacı olan üzvləri kimi aşağıdakı kateqoriyalar üzrə şəxslərin sosial müdafiəsi sahəsindəki problemlərin aradan qaldırılması və onların cəmiyyətə inteqrasiyası ölkənin sosial müdafiə sisteminin vacib elementləridir:

1) əlillərin və sağlamlıq imkanları məhdud uşaqların;
2) sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların;
3) valideyn himayəsindən məhrum olmuş uşaqların;
4) ahıl vətəndaşların,
5) penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin,
6) insan alveri qurbanlarının.
 
Ümumiyyətlə, Azərbaycan Respublikasının qoşulduğu müvafiq beynəlxalq sənədlər, həmçinin milli qanunvericilik  qeyd olunan həssas əhali qruplarının sosial hüquqlarının müdafiəsini, o cümlədən sosial xidmətlərlə təmin olunmasını mühüm bir vəzifə kimi qarşıya qoyur. Bu vəzifələrin icrası üçün ölkədə sosial xidmət sisteminin təkmilləşdirilməsi, müvafiq sahədə qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, həssas əhali qruplarının maraqlarına maksimum cavab verən alternativ sosial xidmətlərin yaradılması istiqamətində xeyli işlər görülmüş və bu işlər hazırda da davam etdirilir.
 
1) Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial inteqrasiyası.
Hazırda Azərbaycanda 570 min nəfər və ya ölkə əhalisinin 5,96%-i qədər əlilliyi olan şəxs vardır ki, bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır.        
Bu insanların səmərəli sosial müdafiə sisteminin təmin edilməsi və onların cəmiyyətin həyatına bütün istiqamətlər üzrə və müxtəlif tədbirlərlə inteqrasiya edilməsi Azərbaycan hökumətinin daimi diqqət mərkəzindədir.
Hazırda ölkədə əlilliyi olan bütün şəxslərə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiya xarakterli müavinətlər və sosial yardımlardan ibarət aylıq ödənişləri nəzərdə tutan səmərəli sosial müdafiə sistemi fəaliyyət göstərir.
Bu sistem vasitəsilə Azərbaycan hökuməti əlilliyi olan şəxslərin minimum maddi ehtiyaclarını qarşılamaqla bərabər onların tibbi-sosial reabilitasiyası üçün kompleks tədbirlər həyata keçirir. Ölkənin bütün ərazisini əhatə edən 15 əlillərin bərpa mərkəzi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Təkcə 2015-ci ildə bu mərkəzlər tərəfindən 7180 nəfər əlilliyi olan şəxsə tibbi-sosial bərpa xidməti göstərilmişdir. Ötən il ərzində Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1194 aşağı ətraf protezi, 1143 ortez, 1710 dirsəkaltı ağac, 3738 əsa, 3923 ortopedik ayaqqabı, 1273 əlil arabası, 539 eşitmə aparatı və s. vasitələr olmaqla, cəmi 34 min reabilitasiya vasitəsi pulsuz olaraq əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara verilmişdir.
Eyni zamanda, 2015-ci il ərzində 135 nəfər əlilliyi olan şəxs və 130 sağlamlıq imkanı məhdud uşaq valideynlərindən biri ilə bərabər ölkə hüdudlarından kənarda dövlət hesabına bərpa müalicəsi ilə təmin edilmişlər.
Bundan əlavə, son iki il ərzində 1933 nəfər hərbi əlil avtomobillə, 132 gözdən əlil şəxs və  212 nəfər Qarabağ müharibəsi əlili evlə təmin olunmuşlar.
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası tədbirləri də xüsusi diqqət mərkəzində olmuşdur.  
Artıq bir neçə ildir ki, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılmasına, onlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyası həyata keçirilir.  
Əlilliyi olan şəxslər arasında müxtəlif qabiliyyət və bacarıqlara malik  şəxslərin istedad və bacarıqlarının aşkar olunaraq cəmiyyətə təqdim olunması, dəstəklənməsi, beləliklə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılması istiqamətində müxtəlif zəruri addımlar atılmaqdadır. 2003-cü ildən başlayaraq Azərbaycanda hər il Əlillərin Ümumrespublika sərgi müsabiqəsi, Əlillərin Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsi və Əlillərin stolüstü idman oyunları üzrə Ümumrespublika yarışları keçirilir. Ötən dövrdə 12 mindən artıq əlilliyi olan şəxs bu müsabiqələrdə iştirak etmişdir. Bu tədbirlər yaradıcı əlillərə yeni əzm, özünəinam, cəmiyyətin mədəni həyatında daha fəal iştirak etmək üçün yüksək mənəvi ruh verir.
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müxtəlif peşələrə yiyələnərək əmək bazarına çıxması və ya özünüməşğulluğunu təmin etməsi sosial inteqrasiyanın mühüm elementidir.
Hazırda Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa edilən Gözdən əlil gənclər üçün Tədris-Bərpa Mərkəzinin tikintisi başa çatdırılmaq üzrədir. Burada gözdən əlil gənclərə sosial-psixoloji yardım göstəriləcək, onlar müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb ediləcəklər. Mərkəzin yaxın aylarda istifadəyə veriməsi planlaşdırılır.
Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan şərait də bir daha sağlamlıq imkanları məhdud gənclərin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu sübut edir. Mərkəz tərəfindən 2015-ci ildə 378 nəfər 10 peşə istiqaməti üzrə peşə hazırlığına cəlb edilmiş, 214 nəfərə ayrı-ayrı peşələrə yiyələnmələrinə dair sertifikatlar təqdim edilmişdir. Bu gənclərin bir çoxu əldə etdiyi peşə ilə özlərinin məşğulluğunu təmin edərək cəmiyyətə tam inteqrasiya olunmuşlar. Ümumiyyətlə, bu mərkəzin məzunlarının işlə təmin edilməsi istiqamətində mühüm addımlar atılır.
Əlilliyi olan şəxslərin sərbəst hərəkət imkanlarının təmin edilməsi onların cəmiyyətə inteqrasiyasının mühüm şərtlərindən biridir. Bunu nəzərə alaraq 2014-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ADA Universiteti və BMT-nin Uşaq Fondu (UNİCEF)  tərəfindən “Bərabər hüquqlar üçün bərabər imkanlar” devizi altında əlilliyi olan şəxslər üçün Bakı şəhərində və digər yaşayış məntəqələrindəki ictimai yerlərdə (küçə kəsişmələrində, yeraltı keçidlərdə, metro və şəhər nəqliyyatında, hava, avto, dəmiryolu və dəniz limanlarında, məktəb və universitetlərdə, alış-veriş mərkəzlərində və s.) hərəkət və xidmət üçün əlçatarlığın təmin olunması məqsədilə bütün dövlət və ictimai orqanlara gərəkən tədbirlərin görülməsinin tələb olunması barədə müddəaları nəzərdə tutan Memorandum imzalanmış və onun icrası məqsədilə ötən 2 il ərzində böyük işlər görülmüşdür.  

2) Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların inteqrasiyası.
Artıq dörd  ildir ki, dövlət sifarişi ilə həssas əhali qruplarından olan uşaqların (sağlamlıq imkanları məhdud uşaqlar, valideyn himayəsindən məhrum uşaqlar, sosial təhlükəli vəziyyətdə olan baxımsız uşaqlar və s.) daha çox olduğu regionlarda onların sosial xidmətlərlə təmin edilməsi, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə bir sıra sosial layihələr həyata keçirilir. 2013-2015-ci illərdə ölkənin bütün ərazisi üzrə icra olunan layihələr 20 mindən artıq uşağı və onların ailələrini əhatə etmişdir. Layihələr çərçivəsində uşaqların psixoloji problemləri və fərdi xüsusiyyətləri öyrənilərək reabilitasiya işi həyata keçirilmiş, sığınacaq və reinteqrasiya xidmətlərinin göstərilməsi vasitəsilə onların uşaq alverinin və məcburi əməyin qurbanına çevrilməsinin qarşısı alınmış, cinsi, fiziki, psixoloji və emosional zorakılığa, əməyin istismarına məruz qalmış uşaq və gənclər sosial, psixoloji və hüquqi xidmətlərlə təmin edilmişlər.
Bundan əlavə,  yetkinlik yaşına çatmayan və risk qrupuna daxil olan uşaqların cəmiyyətə inteqrasiyası, onların sağlamlıq vəziyyətlərinin yaxşılaşdırılması, hüquqi yardımın göstərilməsi, həyat səviyyəsinin qorunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində həmin kateqoriyadan olan uşaqlar üçün hər biri 50 yerlik ixtisaslaşmış reabilitasiya mərkəzi və sosial sığınacaq inşa edilmişdir. Bu müəssisələr yetkinlik yaşına çatmayanları kimsəsizlik və nəzarətsizliyə gətirib çıxarmış səbəblərin aşkar edilərək aradan götürülməsinə, çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayışının təmin olunmasına xidmət edəcəkdir. Eyni zamanda, həmin uşaqların müvəqqəti yaşayış yerində sosial statusunun bərpası və ailələrinə qayıtmasına yardım olunması, çətin həyat şəraitinin ləğv olunmasında uşaqlara, həmçinin onların valideynlərinə və ya digər qanuni nümayəndələrinə sosial, psixoloji və digər xidmətlərin göstərilməsi təmin olunacaqdir.

3)  Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial inteqrasiyası.
Respublikamızda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Lakin ötən ilə qədər həmin müəssisələri tərk etmiş məzunların müvafiq yaşayış yeri ilə təminatında bir sıra problemlər var idi. Bu məqsədlə Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli “Məzun evi” inşa edilərək  həmin kateqoriyadan  olan gənclərin istifadəsinə verildi. Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Məzunlar burada yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventar, kommunal xidmətlərlə təmin olunmuşlar. Ürək açan məqam ondan ibarətdir ki, internat məktəblərinin məzunları bununla da bir sıra sosial-məişət qayğılarından azad olunmuşlar.  Hətta, cari ilin fevral ayında mənzillə təmin olunmuş iki gənc nikaha daxil olaraq ailə qurmuşdur. Müəssisədə yaşayan 35 məzun artıq yaşadıqları müəssəsədə işlə təmin olunmuşlar. Hazırda gündəlikdə duran məsələlərdən biri də "Məzun evi"ndə yaşayan digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə, o cümlədən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb etməkdir.

4) Ahıl vətəndaşların sosial inteqrasiyası.
Ölkəmizdə ildən-ilə güclənən sosial siyasətin mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmış insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlib.
Habelə Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının prinsiplərinə, onun icrasına dair Regional Strategiyanın tövsiyələrinə və Yaşlaşma Problemləri üzrə Vyana nazirlər konfransının prinsiplərinə uyğun olaraq, ahılların cəmiyyətə inteqrasiyası, onların potensialından istifadə edilməsi, gənc nəslin təlim-tərbiyə prosesinə cəlb olunması, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi, yaşlı nəslin ailədə, uşaq və valideynlər arasında tərbiyəvi rolunun təbliği məsələlərinə önəm verilir. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır. Son 2 il ərzində burada yaşayanlardan 14 nəfəri öz ailələrinə  verilmişdir. 2015-ci ildə 13679  nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilmişdir.

5)  Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial inteqrasiyası.
Əhalinin həssas kateqoriyalarının cəmiyyətə inteqrasiyasından danışarkən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsləri də qeyd etmək lazımdır. Həmin kateqoriyadan olan şəxslərin sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası məqsədilə hazırda Qobustan rayonu ərazisində 50 yerlik Sosial Adaptasiya Mərkəzinin inşası başa çatdırılmaqdadır. Mərkəz müəyyən yaşayış yeri olmayan şəxslərin yaşayış yeri ilə təmin edilməsi, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və digər məsələlərlə  bağlı işləri dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirəcəkdir. Mərkəzin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur.
2015-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 152 nəfər şəxs üçün azad etmədən əvvəlki 3 ay ərzində həmin müəssisələrdə peşə hazırlığı kursları təşkil olunmuş, eləcə də cəzasını çəkib azadlığa çıxmış 5823 şəxsin hər birinə ilkin tələbatlarını ödəmək üçün minimum əmək haqqının 4 misli məbləğində müavinət ödənilmişdir.  

6) İnsan alveri qurbanlarının sosial inteqrasiyası.
Qloballaşan dünyanın dəhşətli problemlərindən biri də insan alveri ilə bağlıdır. Son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi və həyat səviyyəsinin yaxşılaşması insan alveri probleminin həllində əhəmiyyətli nəticələri şərtləndirmişdir. İnsan alveri ilə mübarizə standartlarının yüksəlməsi, o cümlədən qarşıda duran məqsədlərə nail olunmasında müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının peşəkarlığının, qurbanlara göstərilən dövlət dəstəyinin artması, müvafiq sahədə infrastrukturun və texniki təminatın güclənməsi ilə səciyyəvidir. Bunun nəticəsi olaraq son illərdə insan alverinin potensial qurbanlarının sayı əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə azalmışdır. 2015-ci ildə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə 77 müraciət daxil olmuşdur ki, Mərkəz tərəfindən həmin şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin edilmiş, onlara tibbi, psixoloji və digər sahələrdə, habelə onların sosial reabilitasiyaslarına, cəmiyyətdə reinteqrasiyalarına, normal həyat tərzinə qaytarılmalarına köməklik göstərilmişdir.

Beynəlxalq əməkdaşlıq
Ölkəmizin qoşulduğu müvafiq beynəlxalq sənədlər BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, Dəyişdirilmiş Avropa Sosial Xartiyası, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası, eləcə də “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunu xüsusilə əlillər və sağlamlıq imkanları məhdud 18 yaşadək və  sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün keyfiyyətli sosial xidmətlərin təmin edilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur.
Sosial reabilitasiya sahəsində böyük təcrübəsi olan ölkələrdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sosial model üzrə həyata keçirilir. Buraya aktiv  fizioterapiya, erqoterapiya, oyun terapiyası, art terapiya kimi müasir metodlar aiddir. Beynəlxalq təcrübə göstərir ki, müasir reabilitasiya metodları həmin şəxslərə tibbi reabilitasiyadan daha effektiv təsir göstərir. BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası qeyd edilmişdir. Bundan əlavə 2014-cü ilin aprel ayında BMT-nin Əlillərin  hüquqları üzrə Komitəsinin Cenevrədə keçirilmiş 11-ci sessiyasında Komitə üzvləri tərəfindən Azərbaycanda əlillərin reabilitasiyasında tibbi modeldən sosial modelə keçid tövsiyə olunmuşdur. Buna uyğun olaraq hazırda ölkədə fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin mütərəqqi beynəlxalq təcrübəyə əsaslanaraq tibbi modeldən sosial reabilitasiya modelinə keçidi konsepsiyası hazırlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyi ilə birgə ilk dəfə sosial xidmət sahələri üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün prioritet layihələr müəyyənləşdirilmişdir.
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Sosial xəritələşmə” layihəsi həyata keçirilmiş, ölkə üzrə   əhalinin sosial xidmətlərə olan ehtiyacları müəyyən edilmiş və buna uyğun olaraq sosial xidmət sahəsində prioritet layihələr müəyyənləşdirilmişdir. UNİCEF-lə birgə əməkdaşlıq çərçivəsində sosial xidmətlərin vahid monitorinq sisteminin yaradılması planlaşdırılır.
Nazirlik tərəfindən əhaliyə göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması məqsədilə cari ildə BMT-nin Uşaq Fondunun texniki dəstəyi ilə minimum standartların, monitorinq və qiymətləndirmə meyarlarının hazırlanması işinə başlanılmışdır.
Çətin həyat şəraitində olan şəxslərin sosial inteqrasiyasının  təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və institutsional mexanizmlərin təkmilləşdirilməsi və keyfiyyətli sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması məqsədilə Avropa İttifaqının maliyyə dəstəyi ilə  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vyana şəhəri İşçi Nümayəndəliyi tərəfindən birgə  ikiillik (01 iyun 2015 - 31 may 2017) “Sosial xidmət təminatının inkişafı” Tvinninq layihəsi həyata keçirilir.
Hazırda Bütün Avropada geniş müzakirə olunan sosial inteqrasiya məsələlərinin həlli üçün müxtəlif ölkələrdə fərqli yanaşmalar olsa da, ümumi yanaşma bundan ibarətdir ki, hökumətlər öz ölkələrinin əhalisi üçün elə bir şərait formalaşdırmağa çalışmalıdırlar ki, bu şərait daxilində hər bir fərd həm cəmiyyətin sosial həyatına fəal şəkildə qoşulsun, həm də mövcud ictimai norma və dəyərləri rahat qavraya bilsin. Məhz bu şəraiti təmin etmək istiqamətində Azərbaycan Respublikasında həyata keçirilən siyasət bütün məzmunu və forması ilə sosial inteqrasiyanı təmin etməyə yönəlmişdir.  

i.e.d., prof. S.Y.Müslümov
Azərbaycan Respublikasının
əmək və əhalinin
sosial müdafiəsi naziri

“Sosial Həyat” jurnalı (30.06.2016)

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.