www.mlspp.gov.az
Azərbaycanca   English 17.07.2018 - cı il
Xəbər lenti

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq                   Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

Azərbaycanın sosial dövlət konsepsiyası - sosial sabitlikdən müasir innovasiyalara doğru

Azərbaycanın sosial dövlət konsepsiyası - sosial sabitlikdən müasir innovasiyalara doğru


Dünya sosialist sisteminin çökməsi nəticəsində planetin siyasi xəritəsinin dəyişməsi ilə səciyyələnən 1980-ci illərin sonu və 90-cı illərin əvvəlləri eyni zamanda postsovet ölkələrində işsizliyin və yoxsulluğun artması  şəraitində ağır sosial böhranların yaranması ilə yadda qaldı. Həmin dövrdə planlı təsərrüfat sistemindən yeni iqtisadi münasibətlərə üz tutan digər ölkələrlə müqayisədə Azərbaycan təkcə transformasiya dövrünün gətirdiyi çətinliklərə görə deyil, həm də Ermənistanın işğalı nəticəsində ərazisinin 20 faizinin itirilməsi, milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, müharibənin vurduğu böyük ziyanlar, separatçı meyillərin güclənməsi, vətəndaş qarşıdurması səbəbindən daha ağır sosial mənzərə ilə üzləşmişdi. O zaman ölkədə siyasi, iqtisadi və sosial təhlükəsizlik təminatı sahəsində vahid dövlət siyasətinin müəyyən edilməməsi, siyasi hərc-mərclik, xaos və anarxiyanın hökm sürməsi vəziyyəti son dərəcə təhlükəli həddə çatdırmışdı. Məhz belə bir vaxtda, 1993-cü ilin iyununda Azərbaycan xalqının iradəsi ilə dünya şöhrətli siyasi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, onun siyasi müdrikliyindən irəli gələn islahatlar kursu ölkənin ağır tənəzzül dövrünün acı gerçəkliklərindən qurtularaq tədricən ictimai-siyasi və sosial-iqtisadi sabitlik dövrünə keçməsinə şərait yaratdı.

Ayrı-ayrı ölkələrin dövlətçilik təcrübəsində dövlət quruculuğu prosesləri ilə paralel sosial müdafiə siyasətinin həyata keçirilməsi nadir hallarda özünü göstərib və əksər ölkələrdə əhalinin mövcud sosial durumundan asılı olmayaraq, ilk növbədə dövlətin qurulması mərhələsi başa çatdıqdan sonra sosial rifah məsələsinin həllinə başlanılıb. Heydər Əliyevin təkrarsız siyasi liderliyinin ilk növbədə xalqa bağlılığa istinad etməsinin nəticəsidir ki, ötən əsrin 90-cı illərində Ulu Öndər müstəqil dövlət quruculuğu kimi olduqca çətin, eyni zamanda şərəfli tarixi vəzifəni yerinə yetirməklə bərabər, sosial tənəzzülün qarşısının alınması və xalqın rifahının yaxşılaşdırılması, aztəminatlı insanların sosial ehtiyaclarının ödənilməsi üçün bütün mümkün tədbirlərin həyata keçirilməsinə nail oldu. Azərbaycanın bir dövlət kimi yox olmaq təhlükəsindən və vətəndaş qarşıdurmasından, beynəlxalq təcriddən xilas olunması, separatçı meyllərin qarşısının alınması, ictimai-siyasi sabitliyə nail olunması və s. kimi taleyüklü problemlərin həlli ilə bərabər sosial müdafiə sahəsinə ciddi diqqət və qayğı göstərilməsi məhz sosial rifah amilinin Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiq etdi.

Yenicə dövlət müstəqilliyi əldə etmiş ölkədə yeni iqtisadi sistemə keçidin iqtisadi inkişaf üçün vacibliyi prinsipini irəli sürən Ulu Öndər bununla belə "Biz yaxşı bilirik ki, aparılan iqtisadi siyasət, həyata keçirilən islahatlar iqtisadiyyatı ümumən inkişaf etdirməklə yanaşı, aztəminatlı təbəqənin vəziyyətinə müəyyən qədər mənfi təsir göstərir. Ona görə də biz islahatlarımızın sosial yönümünə xüsusi fikir veririk və bundan sonra da bu, bizim diqqət mərkəzimizdə olacaqdır"-deyə vurğulayaraq, keçid prosesində əhalinin sosial maraqlarının nəzərə alınmasını və təmin edilməsini dövlət qarşısında strateji vəzifə kimi müəyyən etdi. Köklü iqtisadi islahatların əhalinin rifahına mənfi təsirinin azaldılması və etibarlı sosial müdafiə sisteminin qurulması ilə paralel şəkildə aparılmasını nəzərdə tutan bu strategiya müstəqil Azərbaycanda  milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında qurularaq inkişaf etməsinin əsaslarını formalaşdırmış oldu.

Həmin dövrdə yeni iqtisadi münasibətlərə uyğun sosial müdafiə sisteminin hələ ki, mövcud olmadığını, onun qurulması üçün müəyyən zaman tələb olunduğunu, bununla belə əhalinin sosial müdafiəsi tədbirlərinin zəruriliyini diqqətdə saxlayan Heydər Əliyev bunun üçün əvvəllər mövcud olmuş dövlət sosial təminat sistemindən istifadənin keçid dövrü ərzində də davam etdirilməsi ilə xüsusən aztəminatlı əhalinin maddi ehtiyaclarının aradan qaldırılması prinsipini müəyyən etdi. Bu tədbir ölkənin aztəminatlı vətəndaşlarının sovet dönəmindən qalmış sosial müdafiə sistemi ilə əhatə edilməklə, bazar iqtisadiyyatına keçidin çətinliklərindən müdafiəsində mühüm rol oynadı. İqtisadiyyatda bazar prinsiplərinin sürətlə formalaşdığı, yeni mülkiyyət formalarının yarandığı, sahibkarlığın sürətlə inkişaf etdirildiyi şəraitdə sosial cəhətdən həssas qruplardan olan insanların maraqlarının, aztəminatlı vətəndaşların mənafelərinin müdafiəsi də təmin edildi.

Digər tərəfdən, islahatların cəmiyyətə mənfi təsirlərinin qarşılanması üçün əhalinin sosial təminatının gücləndirilməsi, xüsusən də vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atıldı. Hələ 1993-cü ilin 22 noyabrında Azərbaycan Respublikası Prezidentinin imzaladığı "İşləməyən pensiyaçılara kompensasiya verilməsi haqqında", "Çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanlar həmin dövrdə bazar iqtisadiyyatı prinsiplərinin diqtə etdiyi   qiymətlərin sərbəstləşdirilməsi barədə qərarların qəbul olunması qarşılığında adekvat sosial müdafiə tədbirləri oldu.

Eyni zamanda, Ümummilli liderin təşəbbüsü əsasında 1990-cı ilin 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi, "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi, bu faciədə şəhid olanların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” xüsusi qanunların qəbulu, İkinci Dünya müharibəsində iştirak etmiş veteranların sosial müdafiəsinin gücləndirilməsi, 1994-cü ildə 9 May gününün Azərbaycanda yenidən Qələbə günü kimi rəsmiləşdirilməsi təmin edildi. Ölkəmizin  suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın Milli Qəhrəmanlarının və onlardan həlak olanların ailələrinə yardım edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları imzalandı.

Mühüm tədbirlərdən biri kimi, 1994-cü ildən əməyin ödənilməsinin minimum məbləğinin əhəmiyyətli şəkildə artırılması, pensiya, təqaüd və müavinətlərin məbləğinin bu məbləğə uyğun müəyyən edilməsi təmin olundu. Həmin ilin 1 dekabrından sosial və işləməyən pensiyaçıların, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrin, texniki peşə məktəblərinin şagirdlərinin, adambaşına aylıq gəliri minimum əməkhaqqının 2 mislindən az olan ailələrdəki 16 yaşınadək uşaqların yeni məbləğlərlə pul kompensasiyası ilə təmin edilməsinə başlanıldı. Büdcə vəsaitlərinin yetərincə olmadığı şəraitdə qeyd olunan təbəqələrin maddi çətinliklərdən müdafiəsinə yönələn bu tədbirlər ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan addımların eyni zamanda ardıcıl sosial müdafiə siyasəti ilə müşaiyət edildiyini, iqtisadi islahatlar prosesində aztəminatlı təbəqənin mənafeyinin mütləq nəzərə alındığını göstərirdi.  

Heydər Əliyevin müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi sayəsində artıq 1990-cı illərin ortalarına doğru respublikada ictimai-siyasi sabitliyin yaradılmasına nail olunması, 1994-cü ilin 20 sentyabrında “Əsrin Müqaviləsi”nin imzalanması ölkənin iqtisadi dirçəlişinə təkan verərək, respublikanın iqtisadi dividendlərinin artmasına, bunun müqabilində sosial sahə ilə bağlı məqsədlərin uğurla reallaşmasına  şərait yaratdı.

Ümummilli liderin sosial dövlət konsepsiyası onun təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında da əksini tapdı. Ölkənin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasını şərtləndirən bu ali sənəddə Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Konstitusiyamızda əksini tapan bu mühüm sosial normalar ölkədə müasir və hüquqi dövlət quruculuğu proseslərini sürətləndirməklə bərabər, bazar münasibətləri əsasında sosialyönümlü milli iqtisadiyyatın qurulmasını şərtləndirən fundamental normativ bazanın formalaşmasına güclü əsaslar yaratdı.

Bunun nəticəsi olaraq, məhz  1995-ci ili, ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial müdafiə sahəsində də ciddi islahatlarla müşahidə edilən, sosial-iqtisadi tənəzzül proseslərinin qarşısının tam alınması və sabit inkişaf istiqamətində dönüşə nail olunduğu yeni inkişaf mərhələsinin başlanğıc dövrü kimi səciyyələndirmək olar.

Bu mərhələ etibarlı iqtisadi bazanın formalaşması şəraitində sosial müdafiə sisteminin yeni iqtisadi dövrün tələblərinə uyğun şəkildə müasirləşdirilməsinə, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönələn məqsədlərin uğurla həyata keçirilməsi, əhalinin sosial müdafiəsinə istiqamətlənən dövlət vəsaitlərinin ölkənin ümumi inkişaf tempinə uyğun şəkildə mütəmadi artırılması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün yeni və mühüm sosial proqramlara başlanılması ilə xarakterikdir. Təkcə 1996-cı ildə respublikada pensiya və müavinətlərin ümumən 50 faiz artırılması qeydə alındı və sonrakı illərdə bu proses davamlı xarakter aldı. 1997-ci ilin avqust ayında əlilliyi olan şəxslərin, tənha ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlərin hesablanması,  pensiyaçıların yarıdan çoxunun pensiya məbləğinin 2,2 dəfə, 1998-ci ilin avqust ayında şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiya məbləğlərinin 2 dəfədən çox artırılması, 2000-ci ilin əvvəlindən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddinin 50 min manata çatdırılması, həmin ilin noyabrından sosial pensiyaçıların pensiyalarına əlavə olaraq 10 min manat aylıq müavinətin müəyyən edilməsi təmin olundu.

Bu, eləcə də  2001-ci ilin əvvəlindən 20 Yanvar əlillərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlərin orta hesabla 1,5 dəfə artırılması, aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinətin 1,4 dəfə, dəfn üçün müavinətin 1,5 dəfə,  üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin orta hesabla 1,8 dəfə artırılması, ölkənin pensiya qanunvericiliyində pensiyaların məbləğlərinin artırılmasını nəzərdə tutan bir sıra dəyişikliklər edilməsi və digər tədbirlər Ümummili lider Heydər Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, əhalinin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsi sahəsində artıq dövlətin məqsədyönlü siyasətə malik olduğunu göstərirdi. Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan fərman və sərəncamlar, habelə müvafiq qərarlarla əməkhaqlarının artırılması nəticəsində 1995-2003-cü illər ərzində pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artmışdı. Həmçinin bu dövrdə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqında 6 dəfədən çox artım özünü göstərmişdi. 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitlərin orta hesabla 50 faizdən çoxu əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə yönəldilib. Ümumiyyətlə, Ulu öndər tərəfindən imzalanan 60-dan artıq sənəd müstəqil ölkədə sosial inkişafın təmin olunmasına xidmət edib.

Bununla yanaşı, həmin dövrdə MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı qəbul olundu, ölkənin Demoqrafik İnkişaf Konsepsiyası təsdiq edildi. Digər tərəfdən, ölkədə aqrar islahatların uğurla həyata keçirilməsi iqtisadi fəal əhalinin böyük hissəsini təşkil edən kənd əhalisinin səmərəli məşğulluğuna şərait yaratdı. Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində müharibə əlillərinin, şəhid ailələrinin dövlət hesabına mənzillərlə, müharibə əlillərinin minik avtomobilləri ilə təminatına başlanıldı. Əlilliyi olan şəxslərin müxtəlif reabilitasiya vasitələri, bərpa-müalicə və protez xidməti ilə təminatı gücləndirildi.

2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin Minilliyin sammitində 147 ölkənin qoşulduğu “Minilliyin Bəyannaməsi”ni ölkəmiz adından imzalayan Ulu öndərimiz Bəyannamənin məqsədlərinin, o cümlədən ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması məramının respublikamızda uğurlu icrasının təmin olunması üçün konkret və məqsədyönlü işlərin aparılmasını təmin etdi. Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün  Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” bu sahədə əhəmiyyətli nəticələrin əldə edilməsinə səbəb oldu.

Milli əmək və sosial müdafiə sisteminin  qabaqcıl dünya təcrübəsinə uyğun müasir əsaslar üzərində qurulması Ümummilli lider Heydər Əliyevin sosial inkişaf strategiyasında mühüm yer tuturdu. Bu yöndə aparılan islahatların mühüm bir istiqaməti kimi, Ulu öndərin  müvafiq sərəncamı ilə 2001-ci ilin iyul ayından icrasına başlanılan Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulmasına, sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında qarşılıqlı əlaqəni nəzərdə tutan avtomatlaşdırılmış sığorta-pensiya sisteminin formalaşdırılmasına şərait yaratdı.

Ümumilikdə 1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın özünəməxsus sosial inkişaf modelini formalaşdırmaqla, ölkənin ümumi tərəqqisi kontekstində onun getdikcə modern təcrübələr əsasında təkmilləşdirilməsi və respublikanın gələcək sosial firavanlığının təminatı üçün fundamental əsaslarının yaradılmasını təmin etdi.

Ümummili liderimiz Heydər Əliyevin ölkənin hərtərəfli və uzunmüddətli tərəqqisinə yönələn müdrik strategiyasının 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qlobal məkanda gedən proseslərə və yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilməsi respublikamızın  yeni tərəqqi və modern islahatlar mərhələsinə daxil olmasını şərtləndirdi. Dövlət başçısının mükəmməl islahatlar kursu ölkənin ötən müddətdə 3,4 dəfə iqtisadi artıma nail olmasına, qeyri-neft sektorunun ÜDM-də payının 70%-i ötməsinə, əhalinin gəlirlərinin 7 dəfə və cari ilin ilk rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9 faiz artmasına,  orta aylıq əmək haqqının 5,6 dəfədən çox və cari ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 472,2 manata çatmasına səbəb olub.  Ümumilikdə son 12 ildə əhalinin real gəlirlərinin orta illik artım sürətinin iqtisadi artım sürətini orta hesabla 8,3 faiz üstələdiyi qeydə alınıb.

Sosial müdafiə sistemində mühüm yer tutan pensiya təminatı da ildən-ilə gücləndirilir. Pensiyaların orta aylıq məbləği qeyd edilən dövrdə 10,3 dəfədən çox artaraq 18,4 manatdan 190 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 210,8 manata çatdırılıb.  

Qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,5 milyondan çox, cari ilin ilk rübündə 37 min yeni iş yerinin yaradıldığı ölkəmizdə əmək bazarında sabitliyə və işsizliyin 5 faizədək azalmasına nail olunub. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsi hazırlanır ki, bu Konsepsiyada əksini tapan fəaliyyət prioritetləri respublikada məşğulluq siyasətinin daha da güclənməsinə, əhalinin məşğulluq imkanlarının daha da artırılmasına istiqamətlənib.

Əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalaraq 5 faizə qədər azalması ilə nəticələnib. Bu sahədə  ölkəmizdə əldə olunan müsbət təcrübə Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilməsini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunmasını şərtləndirib. BMT İnkişaf Proqramı tərəfindən 2015-ci ildə insan potensialının inkişafına dair hazırlanan “İnsan inkişafı naminə əmək” adlı məruzədə də Azərbaycan həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı, təhsil, mədəni inkişaf və s. sahələrdə uğurlarına görə insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli» ölkələr qrupunda, BMT İnkişaf proqramının hesabatında isə «yüksək insan inkişafı» ölkələri qrupunda qərarlaşan Azərbaycan rəqabət qabiliyyətliliyinə görə  MDB ölkələri arasında öz birinciliyini qoruyub saxlayır.

Təbii ki, dayanıqlı sosial-iqtisadi inkişaf respublikanın demoqrafik vəziyyətində də müsbət meyllərin davamlı xarakter almasına əsas yaradıb. Əhalinin 1,3 faizlik illik artımına görə Avropa məkanında ön cərgədə olan, doğulanların sayının ölənlərin sayını 3 dəfədən çox üstələdiyi Azərbaycanda əhalinin artımı davam edir və bu ilin əvvəlindən ölkə əhalisinin sayı daha 17,9 min nəfər və ya 0,2 faiz artaraq mart ayının 1-i vəziyyətinə 9723,5 min nəfərə çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan  və 2025-ci ilədək dövr üçün nəzərdə tutulan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik  inkişaf  sahəsində Dövlət Proqramı” layihəsində ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafını stimullaşdıran  tədbirlər əksini tapıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan siyasət hər bir ölkə vətəndaşının, eləcə də sosial cəhətdən həssas qruplardan olan insanların rifahına xidmət edir. Dövlətimizin başçısı Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial siyasətin həmişə prioritet olduğunu qeyd edərək ”Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar”, deyə vurğulayıb. Cari ilin əvvəllərində əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident İlham Əliyevin 25-dən artıq Fərman və Sərəncam imzalaması da vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının dövlət başçısı tərəfindən hər şeydən üstün tutulduğunu təsdiq edir. Bu sənədlər əsasında ölkədə ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn bütün sosial ödənişlərin fevral ayının 1-dən orta hesabla 10 faiz artırılması təmin edilib.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan mühüm sosial proqramların, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə, müharibə əliləri və onlara bərabər tutulanların minik avtomobili ilə təminatı ildən ilə gücləndirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə keçən il və cari ilin ötən dövründə 385 nəfər, o cümlədən 180 nəfər  Qarabağ müharibəsi əlili, 205 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillə təmin ediliblər. Ümumilikdə bu vaxta qədər  Nazirliyin xətti ilə 5336 nəfər əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 3515 nəfəri Qarabağ müharibəsi əlilli, 1330-u şəhid ailəsi, digərləri Böyük Vətən müharibəsi əlilləri, Çernobıl AES əlilləri və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir. 2014-2015-ci illərdə 1933 nəfərə “Naz-LİFAN” markalı avtomobili verilməklə, 2014-cü ilədək növbəyə duranların hamısı, hətta 2014-cü il ərzində növbəyə dayananlardan bir qrupu avtomobillə təmin olunub. Ümumilikdə indiyədək ölkəmizdə dövlət tərəfindən 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib.

Prezident cənab İlham Əliyevin ölkədə idarəçilik praktikasının və xidmətlər sisteminin yeni paradiqma və çağırışlara uyğun şəkildə müasir dünya təcrübəsinə uyğun qurulması ilə əlaqədar müəyyən etdiyi vəzifələrin icrası işləri son illərdə əmək və sosial müdafiə sistemini də geniş şəkildə əhatə edir.

Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 2001-ci ilin iyul ayından icrasına başlanılan Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası ilə nəzərdə tutulan müddəaların icrası 2005-ci ilin sonunadək yekunlaşdırılıb və artıq 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya sisteminin tətbiqinə başlanılıb. Bununla da sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı vahid mexanizm formalaşdırılıb.  Bu sistem hər kəsin ödəmiş olduğu sığorta haqlarına, yəni sistemə verdiyi paya uyğun pensiya təminatına malik olması prinsipini özündə ehtiva edən, buna görə də vətəndaşların gələcək pensiyaları ilə bağlı sistemdə fəal iştirakını stimullaşdıran, eyni zamanda pensiyalar üçün maliyyə təminatının gücləndirilməsinə əsas yaradan mütərəqqi bir sosial müdafiə modelidir. Həmin sistemin tətbiqinin müsbət nəticəsi kimi, 2006-cı illə müqayisədə sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı ötən dövrdə 2,5 dəfəyə yaxın artaraq 3 milyon 226 minə çatıb, əmək pensiyalarının orta aylıq məbləği isə 10,3 dəfədən çox artıb.

Ölkəmizin malik olduğu bu sığorta-pensiya sistemi hər bir vətəndaşın nazirliyin  internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə  daxil olaraq öz fərdi hesabı barədə məlumat almasına, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilməsinə imkan verir. Eləcə də pensiya yaşına çatmış şəxslər hər hansı sənəd toplamadan  və vaxt itirmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun «Çağrı Mərkəzi» nə zəng vurmaqla real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilirlər. Bu sahədə islahatlarımız beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.  Məsələn,  2010-cu ilin martında Varşavada keçirilən Avropa Sosial Təminat Forumunda Dövlət Sosial Müdafiə Fondu «Avropanın uğurlu təcrübəsi» müsabiqəsinin «İKT-nın tətbiqi ilə effektiv idarəetmə» nominasiyası üzrə Avropa qalibi elan edilib. Dünya Bankının Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Fond «Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid» nominasiyası üzrə xüsusi sertifikatla mükafatlandırılıb.

Ötən ay isə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və İsveçin Pensiya Agentliyinin birgə təşkilatçılığı ilə Stokholm şəhərində (İsveç) keçirilən BSTA Avropa Regional Sosial Təminat Forumunda isə Azərbaycanın “Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” adlı müsbət təcrübəsi müstəqil komissiya tərəfindən xüsusi sertifikata layiq görülüb və BSTA-nın Müsbət Təcrübələr məlumat bankına daxil edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 2014-cü ilin iyulundan əmək münasibətlərinin elektron qeydiyyat sisteminin tətbiqinə başlanması da müvafiq sahədə idarəetmə sisteminin müasir meyarlara uyğunlaşdırılması, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılması baxımından ümumən ölkəmiz üçün uğurlu bir təcrübəni formalaşdırdı. Artıq iki ilə yaxındır ki, əmək müqavilələri, bu müqavilələrə dəyişiklik edilməsi, yaxud xitam verilməsi müvafiq bildiriş formasında “Elektron hökumət” portalı üzərindən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti vasitəsilə elektron qaydada rəsmiləşdirilir. Bu sistem  əmək bazarının, eləcə də işçi hüquqlarının təminatının dövlətin birbaşa nəzarətində saxlanılmasına, məşğulluğun dinamikasını, iş qüvvəsinin icarə şərtlərini, əməyin şərtlərini, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələrini və yerdəyişməsini və s. dəqiq şəkildə izləməyə, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin dəqiq və əhatəli uçotunu aparmağa imkan verir. Cari ilin 01 may tarixinədək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən 5 milyon 232 min dəfədən çox istifadə edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanı ilə ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması müasir texnologiyaların tətbiqi şəraitində sosial müdafiə sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması tədbirlərinin uğurlu davamı oldu. 2016-cı ilin 15 fevralından işə salınan VEMTAS vasitəsilə dövlət sosial yardım sisteminin bütün prosedurları elektronlaşdırılıb. Hazırda sosial yardım üçün müraciətlərin edilməsi, onların qəbulu və müraciətlərə baxılaraq qərar verilməsi prosesi avtomatlaşdırılmış rejimdə aparılır. Nəticədə, bu sahədə məmur-vətəndaş təması mümkün olmayan, ümumiyyətlə, məmur amilinin rol oynamadığı və şəffaflığın tam təmin olunduğu bir sistem mövcuddur. Bu sistem digər tərəfdən vətəndaşları ünvanlı sosial yardım üçün rəsmi şəkildə müraciət etmək üçün müxtəlif qurumlardan sənədlər toplamaq çətinliyindən azad edib və indi onlar sadə formada, çevik və rahat şəkildə sosial yardım üçün müraciət edə bilirlər.

Əlillik təyinatı və reabilitasiya sisteminin də tam avtomatlaşdırılması təmin edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) əlilliyin qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı verib.  Artıq nazirliyin Tibbi-Sosial Ekspertiza Xidməti ilə aidiyyəti qurumlar arasında əlilliyə dair sənədlərin, göndəriş formalarının mübadiləsi elektron şəkildə həyata keçirilir. Bu da  əlilliyin müəyyən olunmasında şəffaflığın təmin olunmasına, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılmasına səbəb olub. Əlillik müyainəsi üçün edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul olunmuş qərarlar barədə məlumatlar elektron formada real vaxt rejimində sistemə ötürülür. Həmin qərarlar barədə eyni rejimdə məlumat əldə edilməsi üçün müayinə olunan şəxslərin, işəgötürənlərin və bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə sistemə çıxışı da təmin edilib.

Digər tərəfdən, sistem tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlillik müddətsiz müəyyən olunmaqla, ikinci və üçüncü dərəcə əlilliklərin müddəti 5 ilə qədər uzadılıb. Yəni hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə artıq ehtiyac qalmayıb ki, bu da məmur-vətəndaş təmaslarının xeyli dərəcədə azalmasına səbəb olub.

Onu da qeyd etmək gərəkdir ki, nazirliyin fəaliyyət sahələrinin elektron texnologiyalar əsasında yenidən qurulması həmin sahələr üzrə əhaliyə göstərilən xidmətlərin də elektron müstəvidə təşkilini reallaşdırıb. Bu gün vətəndaşlar əmək münasibətləri, sosial yardım, əlilik müayinəsi və digər sahələrdə xidmətlərdən elektron formada faydalanmaq imkanlarına malikdirlər.

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru” və nazirliyin digər e-xidmətləri ən çox istifadə olunan e-xidmətlərdir. Bu e-xidmətlərdən istifadə statistikası da artmaqda davam edir. Məsələn, Nazirliyin e-xidmətlərindən istifadə sayı aprel ayında əvvəlki ayla müqayisədə 21,5 faiz artaraq 637674-ə çatıb ki, bu da "E-hökumət" portalından ötən ay ərzində ümumi istifadənin 33 faizə qədəri deməkdir.

Təbii ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial müdafiə siteminin innovativ texnologiyalar əsasında təkmillləşdirilməsi istiqamətində atılan uğurlu addımlar Ümummilli liderimiz Heydər Əliyevin sosial ideyalarının uğurla reallaşmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər bir ölkə vətəndaşının etibarlı sosial müdafiəsinə yönələn sosial siyasətinin və dövlət orqanlarının xidmətlərinin müasir və şəffaf şəkildə qurulması barədə tapşırıqlarının yüksək səviyyədə icrasına xidmət edir.

Bu gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşıb. Bu model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur.

Müstəqillik dövründə ölkəmizdə Heydər Əliyev ideyalarının uğurla reallaşdırılması nəticəsində sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, əhalinin sosial təminatı sahəsində də effektiv və müasir avtomatlaşdırılmış idarəetmə sisteminin formalaşmasına gətirib çıxarmışdır. Dahi şəxsiyyətin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf siyasətinin vaxtında və mövcud reallıqları nəzərə almaqla gerçəkləşdirilməsi Azərbaycan xalqının sosial rifahına xidmət edəcək bir sistemin qurulmasını təmin etmişdir və bu sistem son illər dünyanın üzləşdiyi maliyyə böhranı şəraitində belə əhalinin sosial müdafiəsinin etibarlı təminatına zəmanət verən bir model olduğunu tam sübuta yetirmişdir.


i.e.d., prof. Səlim Müslümov,

Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri

"Azərbaycan" qəzeti, 06.05.2016.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.