www.mlspp.gov.az
Azərbaycanca   English 29.04.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib                    “Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlim-seminarlar keçirilib

Proqram və Layihələr / Layihələr
23.08.2012

Sosial Müdafiənin İnkişafı Layihəsi.

Sosial Müdafiənin İnkişafı Layihəsi

      Sosial Müdafiənin İnkişafı Layihəsi (SMİL) Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Hökuməti arasında 28 noyabr 2008-ci il tarixində imzalanmış 4418 AZ saylı Kredit Sazişinə əsasən, 17 mart 2009-cu il tarixindən qüvvəyə minmişdir.
     Layihənin məqsədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətinin gücləndirilməsi, institusional və insan resursları imkanlarının genişləndirilməsi, sosial təminat proqramlarının ünvanlılığının təkmilləşdirilməsi vasitəsilə əmək bazarı və sosial müdafiə xidmətlərinin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir. Layihə ƏƏSMN-də idarəetmənin və əməliyyatların təkmilləşdirilməsi ilə dövlət sektorunda idarəetmənin keyfiyyətinə və şəffaflığa öz töhfəsini verəcəkdir.
     SMİL əmək ehtiyatlarından daha effektiv istifadəyə imkan verən təkmilləşdirilmiş əmək bazarı institutları, siyasət və proqramlarının, müasir bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşan keyfiyyətli əmək ehtiyatları bazasının yaradılması, həmçinin fərdlərə və onların ailələrinə əmək bazarına keçidlə bağlı riskləri minimuma endirmək istiqamətində köməklik göstərən müasir sosial təminat proqramlarının hazırlanması ilə qeyri-neft sektorunun davamlı və balanslaşdırılmış inkişafına dəstək verəcəkdir.
      Layihə 4 komponentdən ibarətdir: a) əmək bazarının islahatı; b) ƏƏSMN-in potensialının artırılması və sosial təminat sisteminin inkişafı; c) pensiya sisteminin inkişafı; d) layihənin idarə edilməsi.
Hazırda layihə çərçivəsində aşağıdakı fəaliyyət istiqamətləri üzrə məsləhətçi xidmətləri icra olunur:

- Dövlət Məşğulluq Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə texniki dəstək. Bu fəaliyyətin həyata keçirilməsində əsas məqsəd iş axtarışına yardım, əmək yarmarkaları, işəgötürənlərlə əlaqələr, kiçik biznes məsləhət xidmətləri və s. məşğulluq xidmətlərinin təkmilləşdirilməsidir.

- Modul təlim proqramlarının işlənib hazırlanması. Modul təlim ənənəvi təlimin alternativi kimi meydana gəlib və mövcud olan bütün qabaqcıl pedaqoji nəzəriyyə və təcrübələri əhatə edir. Qeyd olunan fəaliyyətin məqsədi yeni modul təlim proqramları hazırlamaq və yeni regional peşə təlimi mərkəzlərinin yaradılmasına dəstək göstərməkdən ibarətdir.

- ISCO 88/08-ə uyğun təkmilləşmiş peşə standartlarının və müvafiq təlim standartlarının hazırlanması (Bax: www.dios.az). Qeyd olunan fəaliyyətin əsas məqsədi Azərbaycan mütəxəssislərinin dünya bazarında rəqabətə davamlılığının artırılmasıdır. Belə ki, bu fəaliyyət nəticəsində Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartı hazırlanmaqdadır.

- Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə İnformasiya və İdarəetmə Sisteminin yaradılması. Bu fəaliyyətin məqsədi «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən əmək bazarı proqramlarının tələb olunan istiqamətlər üzrə və xərclər baxımından səmərəli çatdırılmasına dəstək verilməsi, aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradılmasıdır.

- Gənclər üçün peşəyönümü xidmətlərinin yaradılması və inkişafı. Gənclərin Peşəyönümü Mərkəzlərinin yaradılması üçün konsepsiya hazırlanması, peşə orientasiyası və karyeranın inkişafı üzrə mövcud məsləhət xidmətlərinin təkmilləşdirilməsi, müxtəlif qavrama və texniki-peşə ixtisasının qiymətləndirilməsi testlərinin hazırlanması bu fəaliyyətin əsas hədəfləridir.

- Virtual müəssisələr və ya təcrübə şirkətləri. Bu fəaliyyətin məqsədi interaktiv tədrisi yaxşılaşdırmaq, işgüzar bacarıqlar əldə etmək və onları inkişaf etdirmək, təcrübə şirkəti/ virtual müəssisə anlayışı çərçivəsində iş axtaranlara və tələbələrə gündəlik işgüzar həyatı və əmək bazarı reallıqlarını nümayiş etdirməkdən ibarətdir.

- Dövlət Əmək Müfəttişliyi Xidmətinin Potensialının Artırılması. Qeyd olunan məsləhətçi xidmətinin məqsədi Dövlət Əmək Müfəttişliyi Xidmətinin beynəlxalq tələblərə cavab verən strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına dəstək verilməsidir.

- Azərbaycanda əhalinin iqtisadi fəallığına dair sorğunun keçirilməsi. Bu sorğunun keçirilməsi işçi qüvvəsinin vəziyyəti haqqında əmək bazarının həm sosial-iqtisadi, həm də demoqrafik aspektlərini özündə birləşdirən məlumat bazası hazırlamaq ehtiyacından irəli gəlmişdir. Qeyd olunan məlumat bazası ölkədə əmək bazarının tənzimlənməsi və məşğulluq siyasətinin həyata keçirilməsi ilə bağlı məsələlərin səmərəli şəkildə icrasına xidmət edəcəkdir.

- Sosial müdafiə proqramları və xərclərinin, Azərbaycanda həyat/ yaşayış səviyyəsinin monitorinqi və qiymətləndirilməsi üçün təlimatların hazırlanması, həmçinin ƏƏSMN-nin Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin potensialının gücləndirilməsi. Bu fəaliyyətin əsas məqsədi monitorinq və qiymətləndirmə metod və üsullarının təkmilləşdirilməsi ilə sosial müdafiə proqramlarının və sosial siyasətin təsirlərinin qiymətləndirilməsi, nəticə etibarı ilə ƏƏSMN-in potensialının gücləndirilməsidir.

- Aztəminatlı ailələr üçün Sosial Yardım Fondunun yaradılması və fəaliyyətə başlaması ilə bağlı məsləhətçi xidmətləri. Bu fəaliyyətin ümumi məqsədi ünvanlı sosial yardım alan ailələri aktiv özünədəstək proqramlarına cəlb etməklə, bu qrupun fəallaşmasına təkan verməkdir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.