www.mlspp.gov.az
Azərbaycanca   English 29.04.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib                    “Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlim-seminarlar keçirilib

Proqram və Layihələr / Dövlət proqramları
08.07.2011

«Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

    Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün dövlət təlim-tərbiyə müəssisələrindən ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və tətbiqini təmin etmək məqsədi ilə qərara alıram

    Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün dövlət təlim-tərbiyə müəssisələrindən ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) təsdiq edilsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 

3.Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir. 

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2006-cı il
№ 1386


 

 
 
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə
  TƏSDİQ EDİLMİŞDİR

 
 
 
Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı 
 
DÖVLƏT PROQRAMI
 
(2006-2015-ci illər)
 
1. GİRİŞ

    Azərbaycan Respublikasında bir sıra dövlət təlim-tərbiyə müəssisələrində (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri və internat məktəbləri, ümumtəhsil internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri və xüsusi məktəblər, atılmış uşaqlar üçün körpələr evi və s.) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif səbəblərdən (valideynlərin itirilməsi, valideyn himayəsindən məhrum olma, ailənin maddi vəziyyətinin son dərəcə aşağı olması, ailədə qeyri-normal psixoloji vəziyyət, uşaqların sağlamlıq imkanlarının məhdudluğu və s.) dövlət himayəsində yaşayır, təhsil və təlim-tərbiyə alırlar.

    Hazırda respublika üzrə qeyd olunan təlim-tərbiyə müəssisələrində 21000 nəfərə yaxın uşaq vardır və onların sayının əvvəlki illərlə müqayisədə artımı müşahidə olunur. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin maddi vəziyyətinin aşağı olması və digər sosial amillər dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının səbəblərindəndir.

    Dövlət uşaq müəssisələrində saxlanılan uşaqlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasına görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Həmin Konvensiyanın tələblərinə əsasən dövlət uşaq müəssisələrindən uşaqların bioloji və ya digər alternativ ailələrə verilməsi, bu uşaqların hüquqlarının qorunması daim diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir.

    Respublikada iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirin ilbəil artması əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması üçün zəmin yaratmışdır.

    Qeyd olunanlar hazırda respublikada dövlət uşaq müəssisələrində dövlət himayəsində təhsil və təlim-tərbiyə alan uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasına, belə müəssisələrdə uşaqların sayının azalmasına, ailə mühitində inkişafının təmin edilməsi üçün onların ailələrə verilməsinə geniş imkanlar yaradır.

    Həmin imkanların reallaşdırılması üçün uşaqların qayğısına qalmaqda çətinlik çəkən ailələrə müvafiq yardımın göstərilməsi, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, uşaqların ailələrə verilməsini və onların hüquqlarının qorunmasını təmin edən müvafiq sistemin yaradılması, bu sahədə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir.

    "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" (bundan sonra - Proqram) hazırkı mərhələdə De-institusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilmişdir.
 

2. Proqramın məqsədi

    Proqramın əsas məqsədi BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsidir.

    De-institusionalizasiyanın yerinə yetirilməsi üçün aşağıdakı prioritet istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

1) ölkədə yoxsulluğun azaldılması və sosial-iqtisadi vəziyyətin yaxşılaşması zəminində uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və belə müəssisələrdə olan uşaqların sayının tədricən azaldılması;

2) uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin sayının azaldılması, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, alternativ sosial xidmətlər sisteminin (icma və ailə əsaslı xidmətlər, qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilmə və s.) yaradılması;

3) uşaqların ailələrə (bioloji və ya alternativ) verilməsi imkanlarının genişləndirilməsi və stimullaşdırılma mexanizmlərinin tətbiqi;

4) dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünün dəyişdirilməsi və sosial işçilərin hazırlanması sisteminin yaradılması;

5) ailələrə verilmiş uşaqların vəziyyətinin monitorinqinin aparılması və onlara sosial xidmətlər (təhsil, səhiyyə, reabilitasiya) mexanizmlərinin yaradılması.


    Azərbaycan Respublikasında De-institusionalizasiya aşağıdakı dövlət uşaq müəssisələrini əhatə edir:

1) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri;

2) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri;

3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı internat evləri);

4) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri;

5) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər;

6) atılmış uşaqlar üçün körpələr evi.
 

3. Proqramın əsas vəzifələri

    Proqramda qarşıya qoyulan məqsədlərə nail olmaq, problemin həllində intensivlik və səmərənin əldə olunması üçün aşağıdakı vəzifələrin kompleks yerinə yetirilməsi zəruridir:

1) normativ hüquqi bazanın təkmilləşdirilməsi;

2) dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq edilməsi;

3) uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən uşaqlara ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması;

4) uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və stimullaşdırıcı amillərdən geniş istifadə etmək məqsədilə uşaqlar yerləşdirilən ailələrə maliyyə yardımlarının göstərilməsi;

5) dövlət uşaq müəssisələrinin kadr potensialından geniş istifadə olunmaqla uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması;

6) uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin ən sonuncu imkan olması baxımından uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət mexanizminin hazırlanması, dövlət himayəsinə qəbul olunma meyarlarının dəqiqləşdirilməsi və onlara riayət olunmasına nəzarətin gücləndirilməsi;
7) dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan (uşaqların ailələrdən belə müəssisələrə verilməsi baxımından) uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi;

8) kütləvi informasiya vasitələrindən istifadə etməklə və digər yollarla De-institusionalizasiya ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təbliğatın aparılması;

9) hazırlanan sosial işçilər üçün treninqlərin və seminarların keçirilməsi;

10) dövlət uşaq müəssisələrində uşaqların vəziyyətinin araşdırılması və mütəmadi olaraq monitorinqin keçirilməsi;

11) ailələrə verilmiş uşaqların təhsilə cəlb olunması, onlara səhiyyə və reabilitasiya xidmətlərinin göstərilməsinin təmin olunması;

12) dövlət ilə qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında De-institusionalizasiya məsələlərinin həlli sahəsində səmərəli əməkdaşlığın təmin olunması.

4. Gözlənilən nəticələr

    Proqramın həyata keçirilməsi ilə aşağıdakı nəticələr əldə ediləcəkdir: dövlət himayəsində olan uşaqların ailə mühitində inkişafı, hüquqlarının qorunması və sosial müdafiəsi; ailələrə verilən uşaqların sayının artması, dövlət uşaq müəssisələrində olan uşaqların və belə müəssisələrin, eləcə də dövlət uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayının azalması;
uşaq evləri və internat tipli müəssisələrin uşaqlar üçün ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması.

5. Proqramın əsas maliyyələşmə mənbələri

Proqramın həyata keçirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, beynəlxalq təşkilatların və donor təşkilatların texniki və maliyyə köməyi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdiriləcəkdir.


6. Proqramın tədbirlər planı

Tədbirlər İcra müddəti İcraçılar
1 2 3 4
I. NORMATİV HÜQUQİ BAZA
1 De-institusionalizasiyanın müvafiq beynəlxalq tələblərə uyğun səmərəli və intensiv həyata keçirilməsi üçün mövcud qanunvericilik bazasının stimullaşdırıcı amillər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması 2006 Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
2 De-institusionalizasiya ilə bağlı tədbirlərin yoxsulluğun azaldılması və davamlı inkişafı ilə bağlı tədbirlərlə əlaqələndirilməsi 2006 İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
3 Uşaq evlərində olan uşaqların ailələrə verilməsi, hüquqlarının qorunması və sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qəbul edilməsi 2006-2007 Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
4 Dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının qarşısını almaq məqsədilə uşaqların dövlət himayəsinə qəbul edilmə meyarlarının dəqiqləşdirilməsi, uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət mexanizminin hazırlanması, bu məqsədlə mövcud normativ hüquqi aktlara müvafiq əlavə və dəyişikliklərlə bağlı təkliflərin verilməsi 2006-2007 Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
5 Uşaqlar verilən ailələrin stimullaşdırılması, onlara maliyyə dəstəyinin verilməsi, ailədə belə uşaqlara ayrılmış müavinətin xərclənməsinin monitorinqi mexanizmlərinin hazırlanması 2006-2007 Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi
6 Sosial işçilərin statusunun müəyyənləşdirilməsi, onların maddi təminatı ilə bağlı təkliflərin hazırlanması 2007 Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi
7 Uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların hazırlanması və təsdiqi 2007-2008 Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
8 De-institusionalizasiyanın həyata keçirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların, metodiki vəsaitlərin, təlimatların və s. hazırlanması 2007-2008 Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
II. TƏŞKİLATİ TƏDBİRLƏR
9 Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması üçün risk qruplarından olan uşaqlar arasında və onların ailələrində sistemli preventiv tədbirlərin görülməsi Mütəmadi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları
10 Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri bazasında uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin və alternativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilmə və s.) yaradılması Mütəmadi Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları
11 Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması, onlara müvafiq treninqlərin keçirilməsi Mütəmadi Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
12 Dövlət himayəsində olan uşaqlar saxlanılan dövlət təlim-tərbiyə müəssisələrinin şəbəkəsinə yeni-dən baxılması, onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi Mütəmadi Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi
13 Ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat evlərinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların yaradılması məqsədilə tədbirlərin görülməsi 2007-2010 Nazirlər Kabineti, Təhsil Nazirliyi
14 Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsi 2007-2015 Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
15 Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların müəyyən hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və bu məktəblərdə onların sağlam uşaqlarla birgə təhsilinin təşkili üçün tədbirlərin görülməsi Mütəmadi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
16 De-institusionalizasiyanın həlli sahəsində qeyri-hökumət və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün tədbirlərin görülməsi Mütəmadi Nazirlər Kabineti, əlaqədar mərkəzi icra hakimiyyəti orqan-ları
17 Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə təmin edilməsi Mütəmadi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları
18 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların De-institusionalizasiyanın həyata keçirilməsində (himayədar ailələr və uşaqların seçilməsində, onlarla hazırlıq işlərinin aparılmasında və s.) bilavasitə iştirakının təmin edilməsi və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi Mütəmadi Nazirlər Kabineti, yerli icra hakimiyyəti orqanları
19 Proqramın həyata keçirilməsinin təmin edilməsi üçün Koordinasiya qrupunun yaradılması 2006 Təhsil Nazirliyi
III. TƏBLİĞAT VƏ MAARİFLƏNDİRMƏ
20 Kütləvi informasiya vasitələri və digər yollarla De-institusionalizasiya ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təbliğatın aparılması Mütəmadi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti
IV. MONİTORİNQİN APARILMASI ÜZRƏ TƏDBİRLƏR
21 Dövlət uşaq müəssisələrində uşaqların vəziyyətinin araşdırılması və monitorinqinin aparılması Mütəmadi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları
22 Sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazasının yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaqların vəziyyətinin monitorinqinin aparılması Mütəmadi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
23 Ailələrə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması Mütəmadi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları


 


Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.