www.mlspp.gov.az
Azərbaycanca   English 21.01.2018 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfərə reabilitasiya xidmətləri göstərilib                    2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  3,9 min nəfəri peşə kurslarına, 105,3 min nəfəri isə peşəyönümü tədbirlərinə cəlb edib

Sosial müdafiə sisteminin modernləşdirilməsi: dəyişən paradiqmalar və yeni çağırışlar

Sosial müdafiə sisteminin modernləşdirilməsi: dəyişən paradiqmalar və yeni çağırışlar 

Hazırda dünyanın bir çox ölkələrində əksər qlobal məsələlərdə, o cümlədən sosial müdafiə sistemlərinin formalaşması proseslərində ciddi keyfiyyət dəyişikliklərinin baş verdiyi müşahidə olunur. İctimai inkişafın bir sıra elementləri əhalinin rifah səviyyəsinə yeni formada təsir göstərməyə başlayır ki, bu da ayrı-ayrı ölkələrin hökumətlərindən özlərinin sosial müdafiə siyasətinə yenidən baxaraq dəqiqləşdirmələr aparmağı tələb edir. Həmin elementlərə ictimai həyatın demokratikləşməsini, qloballaşmanı, demoqrafik problemləri, inkişafın sistem paradiqmasının dəyişməsini və sairəni aid etmək olar. Bunların hər birinin sosial müdafiə sisteminə təsirinin ayrılıqda təhlil edilməsi və nəticələrə uyğun olaraq konkret ölkənin sosial müdafiə sisteminin dəyişdirilməsi üzrə səmərəli təkliflərin hazırlanması son dərəcə vacib problemlərdən birinə çevrilmişdir.
   Təbiidir ki, ilk növbədə sosial müdafiə sisteminin düzgün anlayışı verilməlidir və onun təkamül tarixi qısaca nəzərdən keçirilməlidir.
Beynəlxalq Əmək Təşkilatının açıqlamasına görə, sosial müdafiə sistemi aşağıdakıları əhatə edən tədbirlər kompleksi kimi müəyyənləşdirilir: haqqı ödənilən sabit əmək fəaliyyətinin stimullaşdırılması; işçi qüvvəsinin gerçəkləşdirilməsi yolu ilə əldə edilən gəlirlərin sosial risklər nəticəsində itirilməsinin sosial sığorta mexanizmi vasitəsilə (kompensasiya yolu ilə) qarşısının alınması; sosial sığorta sistemində iştirak edən şəxslərin ehtiyacları yarandıqda sosial yardım alətlərindən istifadə olunması; insanların təhsil, səhiyyə və digər əsas hüquq və xidmətlərə çıxışının təmin edilməsi.
   Başqa sözlə, sosial müdafiə bəzi əlverişsiz şərtlər (işin və ya ailə başçısının itirilməsi, qocalıq, xəstələnmə, bədbəxt hadisə və s.) üzündən iqtisadi fəal ola bilməyən və müstəqil şəkildə özünə gəlir qazana bilməyən insanları zəruri həyati nemətlərlə təmin edərək onların müəyyən rifah səviyyəsini dəstəkləyən sistemdir.
   Sosial müdafiənin əsas elementi dövlət zəmanəti kimi çıxış edən sosial təminatdır.
Sosial təminat gəlirlərin səviyyəsindən asılı olmayaraq əhalinin müəyyən kateqoriyalarına dövlət və bələdiyyə büdcələrindən (eləcə də bütün digər səviyyəli büdcələrdən, məsələn, Azərbaycanda Dövlət Neft Fondunun və ya Dövlət Sosial Müdafiə Fondunun büdcələrindən) müavinət, təqaüd, kompensasiya verilməsi şəklində və ya müxtəlif pulsuz xidmətlər göstərilməsi və güzəştlər verilməsi formasında həyata keçirilən təminat formasıdır.
   Sosial müdafiənin digər elementləri sosial yardım və sosial sığortadır.
Başqa sözlə, fikrimizcə, hər bir dövlətin müasir sosial müdafiə sistemi üç əsas elementdən ibarətdir: 1) ayrı-ayrı əhali kateqoriyalarına verilən sosial müavinətlərdən və güzəştlərdən formalaşan dövlət sosial təminat növlərinin məcmusu; 2) sosial yardımlara əsaslanan ənənəvi dövlət sosial müdafiə elementləri; 3) sosial sığorta (məcburi dövlət və könüllü korporativ sosial sığorta).
Hər hansı bir zaman kəsiyində yaranmış şəraitdən, maliyyə ehtiyatlarının həcmindən, prioritetlərin sıralanmasından, qoyulan məqsədlərdən asılı olaraq yuxarıda qeyd edilən sosial müdafiə elementlərinin hər üçündən eyni vaxtda, yaxud ikisindən və ya yalnız birindən istifadə olunması, eləcə də üçü (və ya ikisi) tətbiq edildikdə, xüsusi çəkilərinin nisbətinin düzgün bəlirlənməsi ayrı-ayrı dövlətlərin hökumətlərinin vacib problemlərindən biridir. Məhz bu problemin uğurlu həlli hökumətlərin öz vətəndaşları qarşısında səmərəli sosial siyasət yürütməsini təsdiqləyən başlıca göstəricidir.
   Sosial müdafiə sistemi ictimai əhəmiyyətli və qanunla müəyyənləşdirilmiş fenomen kimi XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Qərbi Avropa ölkələrində (Almaniyada, Avstriyada, Macarıstanda, Finlandiyada və Rusiyada) formalaşmağa başlamışdır. Sistemin qurulması barədə ilk sosial qanun isə Almaniyada Kansler      Otto fon Bismark tərəfindən qəbul edilmişdir və tezliklə bir sıra digər Avropa ölkələri də bu təcrübədən yararlanmağa başlamışlar. 1929-1933-cü illərin qlobal iqtisadi böhranı sosial gərginliyin daha da artmasına səbəb olmuş və sosial məsələ hakimiyyət uğrunda mübarizədə mərkəzi məsələyə çevrilmişdir. Beləliklə, ilk əvvəllər yalnız istehsalatda bədbəxt hadisələrdən, xəstəlikdən və yaşlanmadan sığortalanma qanuniləşdirilmişdisə, sonradan işsizlikdən sığortalanma, həmçinin əmək haqqının minimum səviyyəsinin müəyyənləşdirilməsi barədə qanunlar qəbul olunmağa başlandı.
   C.Keynsin dövlətin tənzimləyici rolu barədəki ideyaları Qərb ölkələrinin sosial strategiyasının əsasına çevrildi və həmin ölkələrin hökumətləri öz siyasi fəaliyyətlərində həmkarlar ittifaqlarının bir sıra əsas tələblərini yerinə yetirməyə üstünlük verdilər. Bu ölkələrin çoxunda 8 saatlıq iş günü, sosial sığorta, haqqı ödənilən məzuniyyət kimi sosial təminatlar qanuniləşdirildi. Lakin I Dünya Müharibəsindən sonrakı illərdə sosial problemlər daha qabarıq şəkildə özünü göstərməyə başladı. Əksər Avropa ölkələrində tətillərin artması, zəhmətkeşlərin öz hüquqları uğrunda mübarizəsinin, eləcə də həmkarlar hərəkatının güclənməsi, dünyada   sosial–demokratik ideyaların artması sosial müdafiə sisteminin ümumi sosial siyasətin ayrıca sahəsinə çevrilməsinə səbəb oldu. Bu prosesə sosializm düşərgəsi ölkələrinin sürətli inkişafı, 1949-cu ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yaranması, eləcə də BMT-nin insan hüquqları sahəsində standartların formalaşması üzrə fəaliyyəti də müsbət impuls vermiş oldu.
   Artıq XX əsrin ortalarında bir çox Avropa ölkələrində sosial dövlətin əlamətləri görünür və iqtisadi mahiyyətə tədricən sosial məqsədəuyğunluq və sosial dəyər prizmasından baxılmağa başlanılırdı. Avropa ölkələri əvvəlcə iqtisadi, sonra isə sosial sferalarda öz səylərini birləşdirməyə başlayırdılar. 1961-ci ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Birlik və İnkişaf Təşkilatına çevrilməsi və bu təşkilatın əsas məqsədlərinin iqtisadi artımın, məşğulluğun və əhalinin yüksək həyat səviyyəsinin təmin edilməsindən ibarət olduğunun təsbitlənməsi sosial müdafiə elementlərinin tədricən prioritetə çevrildiyini göstərirdi.
   1957-ci ildə Roma müqaviləsi əsasında yaradılan Avropa İqtisadi Birliyi (AİB) sonradan öz təsirini iqtisadi siyasətdən sosial siyasətə doğru genişləndirdi.
   Roma müqaviləsində sosial məsələlərdən yalnız işçilərin sosial hüquqlarının müdafiəsi öz əksini tapmışdısa, XX əsrin 70-ci illərində AİB çərçivəsində sosial siyasətin əlaqələndirilməsi zərurəti yarandı ki, bunun da əsas istiqamətlərindən biri səmərəli sosial müdafiə sisteminin qurulması idi.
   1990-cı illərin axırlarında AB-nin vahid sosial siyasəti formalaşsa da, AB orqanlarının sosial sferada səlahiyyətlərinin genişləndirilməsi, eləcə də Birliyə daxil olan ölkələrin sosial müdafiə sistemlərinin yaxınlaşdırılması problem olaraq qalırdı.
   Yeni sosial müdafiə sistemlərinin formalaşmasında həlledici amil kimi inkişaf paradiqmasının dəyişməsi oldu. 1995-ci ildə Kopenhagendə keçirilən Sosial inkişaf üzrə Ümumdünya Konfransında əsas diqqətin iqtisadi inkişaf templərindən insanın sabit inkişafı məsələsinə yönəldilməsi və bu təməl prinsip üzərində cəmiyyətin yeni məqsədlərinin müəyyənləşdirilməsi barədə təkliflər gündəliyə çıxdı. Bu yanaşmanın əsasında belə bir ideya çıxış edirdi ki, “iqtisadiyyat insanın inkişafı üçündür, insan iqtisadiyyatın inkişafı üçün deyildir”. Bu hadisə bütün dünyanı insanın tələbatına öz yanaşmasını dəyişməyə, eləcə də sosial siyasətdə dəqiqləşdirmələr aparmağa vadar etdi. 186 ölkənin nümayəndəsi, o cümlədən 177 dövlət başçısı sosial strategiyanın iqtisadi planlaşdırmaya daxil edilməsinin zəruriliyini tanımış oldu. Kopenhagen Bəyannaməsi sərvət və gəlirlərin daha ədalətli bölgüsünə çağırırdı.
   BMT-nin Baş Assambleyasının Cenevrədə 2000-ci ildəki xüsusi sessiyası qlobal iqtisadi sistemə ədalətlilik məsələlərinin daxil edilməsi təşəbbüslərinə yeni impuls verdi.     
   Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərində dünya sosialist sisteminin çökməsi və bu sistemə aid ölkələrdə bazar iqtisadiyyatına keçid ilk əvvəllər işsizliyin və yoxsulluğun artmasına, əmək haqqının sürətlə aşağı düşməsinə səbəb oldu. Dünya Bankının mütəxəssislərinin hesablamalarna görə, Şərqi Avropa və MDB ölkələrində 1988-1994-cü illərdə yoxsulluq səviyyəsindən aşağıda yaşayan əhalinin xüsusi çəkisi 4%-dən 32%-ə qədər (14 mln. nəfərdən 119 mln. nəfərə qədər) qalxmışdı. Belə bir şəraitdə hansısa sosial müdafiə sisteminin qurulması barədə düşünmək belə çətin idi və əsas diqqət əhalinin daha çox ehtiyacı olan kateqoriyalarının müxtəlif müavinətlər, güzəştlər, kompensasiyalar, təqaüdlər verilməsi yolu ilə ilkin ehtiyaclarının təmin edilməsinə yönəldilirdi. Başqa sözlə, transformasiya dövründə hər hansı bir paradiqmadan deyil, mövcud vəziyyətdən çıxış imkanlarından söhbət gedirdi. Bu baxımdan Azərbaycan Respublikasında Ümummilli lider Heydər Əliyevin həmin illərdə həyata keçirdiyi sosial müdafiə siyasəti xüsusi bir tədqiqatın mövzusudur.  
   Hələ dövlət müstəqilliyinin bərpasının ilk illərində Heydər Əliyev yeni iqtisadi sistemə keçidin iqtisadi inkişaf üçün vacibliyi prinsipini irəli sürməklə yanaşı, eyni zamanda bu keçid prosesində əhalinin sosial maraqlarının təminatını, xüsusən aztəminatlı insanların sosial müdafiəsini, iqtisadi potensialın ilk növbədə xalqın rifahına  yönəldilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən etdi. Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin azaldılmasını və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulmasını, milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafını şərtləndirdi.
   Ümummilli lider Heydər Əliyevin yeni iqtisadi münasibətlər dövrünə uyğun sosial müdafiə sistemi qurulanadək əvvəlki dövlət təminatı sisteminin saxlanılması barədə qərarı aparılan zəruri iqtisadi islahatların aztəminatlı təbəqənin yaşayış səviyyəsinə müəyyən mənfi təsirlərinin qarşısının alınmasında mühüm rol oynadı. Bunun nəticəsi olaraq digər MDB respublikaları ilə müqayisədə Azərbaycanda sosial cəhətdən həssas qruplar keçmiş sovet sistemindən qalmış və yeniləşdirilməsi müəyyən zaman tələb edən sosial müdafiə sistemindən faydalanmaqda davam edərək, öz yaşayışında yeni bazar iqtisadiyyatına keçidin çətinliklərini kəskin şəkildə hiss etmədi. Bu model sahibkarlığın sürətli inkişafına yönələn kompleks tədbirlərin həyata keçirildiyi, yeni mülkiyyət formalarının yarandığı şəraitdə əhalinin aztəminatlı hissəsinin sosial maraqlarının davamlı şəkildə təmin olunması baxımından unikal olmaqla, analoji keçid dövrünü yaşayan ölkələr üçün də nümunəyə çevrildi.
   Heydər Əliyevin ölkənin iqtisadi inkişafının məhz xalqın rifahının yüksəldilməsinə yönəldilməsi və bu inkişafın sosial yönümlü olması, eləcə də əhalinin sosial müdafiəsinin dövlətin vəzifəsi olması barədə prinsipial tezisləri onun  təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən, müstəqil Azərbaycanın ilk Konstitusiyasında da  ayrıca maddələrdə əksini tapdı. Ölkənin Əsas Qanununun 15-16-cı maddələrində Azərbaycan iqtisadiyyatının inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etdiyi, dövlətin bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratdığı, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı öz əksini tapdı. Bu ali sənəddə ümumbəşəri normalara uyğun olaraq hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq və s. kimi hüquqlar da bəyan edildi. Bu isə müstəqil ölkənin formalaşmaqda olan hüquq sistemində qeyd olunan istiqamətlərin mühüm əsaslar kimi sonrakı dövrlərdə daim diqqətdə saxlanılmasını, sosial hüquqlar sisteminin bu əsaslar üzərində inkişafını şərtləndirdi.
   Ümumən 1993-2003-cü illər respublikada əhalinin sosial müdafiəsi ilə bağlı Heydər Əliyevin mühüm qərarlar verməsi və məqsədyönlü tədbirlər həyata keçirməsi, pensiya və müavinət təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atması ilə yaddaşlarda qalıb. 1990-cı ilin 20 Yanvar faciəsində şəhid olanların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi işlərinə başlanılması, bunlarla əlaqədar müvafiq qanunların qəbulu və hüquqi bazanın formalaşdırılması, İkinci dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, eləcə də Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin rifah halının yaxşılaşdırılması, habelə Azərbaycanın Milli Qəhrəmanlarının və onlardan həlak olanların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi barədə Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar yeni bir sosial müdafiə sisteminin yaradılmasının əsasını qoydu.
   1994-cü ildən əməyin ödənilməsinin minimum məbləğinin mütəmadi olaraq və əhəmiyyətli şəkildə artırılması, həmçinin pensiya, təqaüd və müavinətlərin məbləğinin əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirildi.   Heydər Əliyevin müdrik siyasi kursu sayəsində 1990-cı illərin ortalarına doğru respublikada ictimai-siyasi sabitliyin yaradılması və ilbəil möhkəmləndirilməsi, 1994-cü ilin 20 sentyabrında “Əsrin Müqaviləsi”nin imzalanması iqtisadi inkişaf proseslərinə, ölkənin artmaqda olan iqtisadi imkanları müqabilində Ulu öndərin sosial sahə ilə bağlı yüksək ideyalarının daha geniş müstəvidə reallaşmasına, əhalinin sosial müdafiəsi tədbirlərinin daha da gücləndirilməsinə və bu sahədə mühüm islahatlara şərait yaratdı.
   Artıq 1996-cı ildən ümumən sosial müdafiə sisteminin bütün sahələrində növbəti ciddi addımlar atıldı, dövlət büdcəsindən pensiya və müavinətlər, digər sosial ödənişlər üzrə yönəldilən vəsaitlərin davamlı olaraq artırılması təmin edildi. Yalnız onu qeyd etmək kifayətdir ki, 1997-ci ilin avqust ayında respublikada pensiyaçıların yarıdan çoxunun pensiyasının məbləği 2,2 dəfə, 1998-ci ilin avqust ayında şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırıldı. Habelə 1997-ci ilin avqustundan əlilliyi olan şəxslərin, tənha ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər hesablanmağa başlandı.
   2000-ci ilin noyabr ayından sosial pensiyalara əlavələr müəyyən edildi, 2001-ci ilin yanvarın 1-dən isə 20 Yanvar əlillərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlər orta hesabla 1,5 dəfə artırıldı. Aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinətin 1,4 dəfə, dəfn üçün müavinətin 1,5 dəfə,  üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin orta hesabla 1,8 dəfə artırılması təmin olundu. Həmçinin ölkənin pensiya qanunvericiliyində pensiyaların məbləğlərinin artırılmasını nəzərdə tutan bir sıra dəyişikliklər edildi. Ümumiyyətlə, Ulu öndərin imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar nəticəsində pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artdı. Bu dövrdə həmçinin sosial və işləməyən pensiyaçılara, ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrə və texniki peşə məktəblərinin şagirdlərinə, adambaşına aylıq gəliri minimum əmək haqqının iki mislindən az olan ailələrdə 16 yaşınadək uşaqlara pul kompensasiyaları təyin olundu.
   Bütün bu görülən sosial müdafiə tədbirləri ötən əsrin 90-cı illərində əhalisinin yarıya qədəri yoxsulluq səviyyəsindən aşağıda yaşayan bir ölkə üçün yeganə düzgün addımlar idi. Sosial müdafiə sistemlərinin tarixi də sübut edir ki, əhalinin böyük bir qismi kasıb olan ölkələrdə hökumətin sosial müdafiə tədbirləri, adətən, kateqorial xarakter daşıyır və sosial sığortanın tədricən inkişafı ilə müşayiət olunur. Belə ki, sosial müdafiənin ilk yaranma dövründə əsas paradiqma sürətli iqtisadi inkişaf (sənayeləşmə) şəraitində işçilərin və onların ailələrinin gəlirlərinin istehsalatda bədbəxt hadisələrdən, xəstələnmədən, yaşlanmadan və sairə bu kimi hallardan sığortalanmasını və bunun əsasən biznes hesabına həyata keçirilməsini ehtiva edirdi (sosial müdafiənin Bismark modeli). Növbəti mərhələdə sosial müdafiənin yeni paradiqması meydana gəlir ki, bunun da başlıca məğzi cəmiyyətin bütün üzvlərinin (iqtisadi fəal əhaliyə aid olub-olmamasından asılı olmayaraq) xəstəliklərə, qocalığa və ya digər bu kimi hallara məruz qaldıqda sosial baxımdan minimum müdafiə hüququnun formalaşmasından ibarətdir (sosial müdafiənin Beveric modeli). Bu halda sosial müdafiə tədbirləri tamamilə dövlətin hesabına həyata keçirilir. Bundan sonrakı paradiqma hər iki modelin sizntezini və birlikdə tətbiqini nəzərdə tutur ki, bu zaman xərclər də kateqorial sosial təminat və minimal gəlirlərin təmini (sosial yardım) üzrə dövlət tərəfindən, sosial sığorta xərcləri üzrə isə biznes (işəgötürən və işçi) tərəfindən ödənilir.
   Nəhayət, hazırda sosial müdafiə sistemlərinin inkişafında aşağıdakı yeni paradiqma formalaşır: cəmiyyətin hər bir üzvü özünün hansısa qabiliyyəti ilə müəyyən qazanc əldə edə və bunu sığortalaya bilər; bununla da sosial müdafiə sisteminin inkişafında yeni, sosial sığortanın daha yüksək paya və sığorta haqlarının ödənişində işçilərin gəlirlərindən ödəmələrin daha yüksək xüsusi çəkiyə malik olduğu bir sistem formalaşır. Lakin bu halda stabil inkişafın və sürətlə artan əmək haqlarının mövcudluğu tələb edilir. Başqa sözlə, yeni paradiqmanın əsas çağırışları stabil inkişaf, tam məşğulluq, yüksək peşəkar hazırlıq və buna uyğun əmək haqqıdır. Göründüyü kimi, sosial müdafiə sistemlərinin təkamülü, ilk növbədə iqtisadi inkişaf səviyyəsindən və büdcə gəlirlərinin formalaşması səviyyəsindən asılıdır (sxem 1).

Sxem 1. Sosial müdafiə sistemlərinin təkamül prosesinin təqribi sxemi

Azərbaycan Respublikasında son 20 il ərzində sosial müdafiə sistemi vasitəsilə ödənilən vəsaitlərin strukturu ölkəmizdə bu sistemin təkamülünün dünyadakı ümumi mənzərəyə uyğun olduğunu göstərir (cədvəl 1.)

Cədvəl 1. Azərbaycan Respublikasında sosial müdafiə sisteminin  bəzi parametrləri

 

   Cədvəl 1-dən göründüyü kimi, artıq 2007-ci ildən ölkədə mövcud olan maliyyə imkanları kasıb ailələrə minimum gəliri təmin edən ünvanlı sosial yardımların tətbiqinə, bu isə sosial müdafiə xərclərinin tərkibində sosial yardım xərclərinin xüsusi çəkisinin tədricən artmasına və yoxsulluğun aşağı salınmasına imkan vermişdir.
   Respublikada yoxsulluq probleminin həlli Heydər Əliyevin sosial siyasət kursunun əsas məqsədlərindən biri idi. 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin Minilliyin sammitində 147 ölkənin qoşulduğu “Minilliyin Bəyannaməsi”ni Azərbaycan adından Ümummilli liderimiz Heydər Əliyev imzaladı və bu Bəyannamədə 8 qlobal məqsəddən birincisi kimi, ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması məramı ifadə edilmişdi. Azərbaycanda Ulu öndərimizin rəhbərliyi ilə bu vacib məramın gerçəkləşdirilməsi üçün konkret və məqsədyönlü işlər aparıldı.  Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün  Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda yoxsulluğun azaldılması üzrə strategiyanın altı əsas strateji məqsədi müəyyən olunmaqla,  həssas qrupların daha səmərəli sosial müdafiəsi üzrə ən mühüm və ilkin islahat işi kimi ünvanlı dövlət sosial yardım sisteminin yaradılması qərara alındı. Sonralar ölkədə tətbiq olunan bu sistem aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsində mühüm rol oynadı. Ümumiyyətlə, qeyd olunan Dövlət Proqramı ölkəmizdə yoxsulluğun xeyli azalmasına səbəb oldu. Yoxsulluğun azaldılması sahəsində əsası Ulu öndərimiz tərəfindən qoyulan dövlət siyasəti sonrakı illərdə də müsbət nəticələrini verdi və artıq yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən hazırda 5 faizə enib ki, bu da  qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır.      
   1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyev tərəfindən ictimai-siyasi sabitlik şəraitində müstəqil Azərbaycanın sosial inkişaf kursunun etibarlı təməli formalaşdırılaraq, ölkənin ümumi tərəqqisi kontekstində onun getdikcə modern təcrübələr əsasında təkmilləşdirilməsi üçün institisional islahatlar mərhələsinə daxil edilməsi təmin olunub.
Ümummilli lider Heydər Əliyevin uğurlu sosial inkişaf kursunun 2003-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun olaraq davam etdirilməsi ölkəmizdə sosial firavanlığın təminatı sahəsində mühüm tarixi nailiyyətlərin qazanılmasına, əhalinin rifah halının yüksəlməsinə, sosial  cəhətdən həssas qrupların sosial müdafiəsinin daha da güclənməsinə səbəb olub.
   Azərbaycan Prezidentinin sosial sahəyə xüsusi diqqəti əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının davamlı olaraq artması ilə müşahidə olunur. 2014-cü ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilməsi bunun növbəti bariz təzahürüdür. 2014-cü ildə ölkəmizdə ümumilikdə 506 mindən çox insan sosial müavinət və Prezident təqaüdləri ilə təmin edilib. Bu dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə sosial cəhətdən həssas qruplara aid 80 min nəfərədək insana yönələn sosial ödənişlərdə ciddi artımlar edilib. 2014-cü ildə orta aylıq Prezident təqaüdü müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8%, Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6% artırılıb. Həmçinin bir sıra yeni təminat növləri (beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin, I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə ayda 67 manat sosial müavinətdən əlavə  60 manat məbləğində Prezident təqaüdünün təyin olunması və s.) yaranıb. 2014-cü ildə sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz  çox vəsait sərf olunub.
   Ümumiyyətlə, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib.
   Eyni zamanda ünvanlı dövlət sosial yardımı proqramı uğurla icra olunur və ölkədə sosial rifah halının yaxşılaşması və dövlət sosial yardım təyinatında ünvanlılığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı yardım alan ailələrin sayı ötən il 35,5 faiz azalaraq 92 514-ə enib. Bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşaiyət olunub. Ötən il eyni zamanda, 2014-cü ilin əvvəlinədək növbədə olan bütün vətəndaşlar, yəni 1453 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs, eləcə də ötən il  növbəyə dayananlardan 67 nəfəri avtomobillə təmin olunub. Habelə 2014-cü ildə  174 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib.
   Beləliklə, Azərbaycan Respublikasında formalaşan sosial müdafiə sistemi sürətlə dəyişən paradiqmalara uyğun şəkildə və müasir çağırışlara cavb verəcək formada təkmilləşdirilir və bu prosesin uğurla davam etdiriləcəyinə Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasəti təminat verir.

 

Səlim Müslümov,
Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.