www.mlspp.gov.az
Azərbaycanca   English 25.03.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub                    Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

Qanunvericilik / ƏƏSMN-nin dövlət qulluqçularının etik davranış qaydaları

Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirinin
“10” yanvar 2008-ci il tarixli 11/7-01-1
nömrəli əmri ilə təsdiq edilmişdir.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət qulluqçularının etik davranış
Qaydaları


1. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları” “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli 614 nömrəli fərmanının 2-ci bəndinə əsasən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8.-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

2. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında və bütün struktur bölmələrində, o cümlədən Naxçıvan Muxtar Respublikası ƏƏSMN-nin mərkəzi aparatında və bütün struktur bölmələrində çalışan dövlət qulluqçularına (bundan sonra dövlət qulluqçularına) şamil edilir.

3. Dövlət qulluqçuları davranışlarında “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununu və bu Qaydaların tələblərini rəhbər tuturlar.

4. Bu Qaydalar dövlət qulluqçularının ictimai maraqlara cavab verən etik davranış qaydalarını müəyyən edir.

5. Əsas dəyərlər

Dövlət qulluqçuları öz professional davranışlarında aşağıdakı mənəvi dəyərləri rəhbər tutmalıdırlar:

5.1. Öz vəzifəsinə hörmət
Dövlət qulluqçuları Nazirliyin və tutduğu vəzifənin nüfuzunun təmin edilməsi məqsədilə öz vəzifə borcunu vicdanla, məsuliyyətlə, yüksək səviyyədə həyata keçirməlidirlər.

5.2. Qərəzsizlik və ədalətlilik
Dövlət qulluqçularının fəaliyyəti sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara qarşı yönəlməməli, heç bir halda onlar dövlət qulluqçusu tərəfindən diskriminasiyaya məruz qalmamalıdırlar.
Dövlət qulluqçuları onlara məlum olan xidməti məlumatı qərəzli məqsədlərlə istifadə etməməlidirlər.

5.3. Şəffaflıq
Dövlət qulluqçuları vəzifə borclarını vicdanla, aşkarlıq və şəffaflıq şəraitində yerinə yetirməlidirlər.
Nazirliyin nüfuzunu artırmalı, vətəndaşların etimadını qazanmalı, onlarla mədəni davranmalı, korrupsiyaya qarşı mübarizə aparmalı, ictimaiyyətin etimadını qazanmalıdırlar.

5.4. Bərabərlik
Dövlət qulluqçuları vətəndaşlarla münasibətdə bərabərlik prinsipinə əsaslanmalıdırlar.
Əmək münasibətlərində işçilər, işsiz və işaxtaran vətəndaşlar və işəgötürənlər arasında yaranan mübahisələri tərəflərin qanuni hüquqları, sosial və iqtisadi məqsədəuyğunluq, ədalət prinsipi və mənəvi dəyərlər əsasında qiymətləndirməlidir.

5.5. Səmərəlilik və keyfiyyət
Dövlət qulluqçuları bütün iş vaxtını yalnız xidməti vəzifələrinə sərf etməli, işini keyfiyyətli və səmərəli yerinə yetirməlidirlər.

5.6. Məsuliyyət hissi
Dövlət qulluqçuları ona aid olan işlərin yerinə yetirilməsini başqasına həvalə etməməli, gördüyü işə görə məsuliyyət daşımalıdırlar.
Dövlət qulluqçuları vəzifə borcu ilə bağlı işlərin yerinə yetirilməsi zamanı əldə olunan xidməti məlumatın saxlanması üçün məsuliyyət daşıyır.
Vəzifəli şəxslər vəzifə borclarını yerinə yetirərkən rəsmi geyimdə olmalı, şəxsiyyətini və vəzifəsini təsdiq edən müvafiq sənədləri özləri ilə gəzdirməlidirlər. 
Dövlət əmlakından, maliyyə vəsaitlərindən, nəqliyyat vasitələrindən və digər texniki avadanlıqlardan qənaətlə və səmərəli istifadə etməlidirlər. 

5.7. Sosial həssaslıq 
Dövlət qulluqçuları hər bir vətəndaşın, xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin şərəf və ləyaqətinə hörmət etməli, lazım gəldikdə onlara psixoloji dəstək verməli, fəaliyyətini sosial bərabərlik prinsipi əsasında qurmalıdır.
 

6. Davranış


6.1. Vətəndaşlarla münasibətdə 
Vəzifə borclarını yerinə yetirərkən hər bir müraciət edən vətəndaşı nəzakətlə qəbul etməli, onu səbir və təmkinlə dinləməli, vətəndaşın müraciətinə qanunvericiliyə istinad edərək ona müvafiq izahatların verməsini bacarmalıdırlar.
Xarici ölkələrə işləməyə göndərilən vətəndaşlara verilən məlumatların anonimliyinin saxlanması üçün məsuliyyət daşıyır.
Vətəndaşların problemlərinin öz səlahiyyətləri çərçivəsində həlli üçün dərhal müvafiq tədbirlər görməlidirlər.

6.2. Subordinasiya 
Dövlət qulluqçuları rəhbərliyin tapşırıqlarını vaxtında, keyfiyyətlə yerinə yetirməli, xidməti tabeçilik normalarını gözləməlidirlər.

6.3. Həmkarlarla münasibətdə 
Dövlət qulluqçuları xidməti vəzifələrini yerinə yetirərkən həmkarları ilə nəzakətlə davranmalı və kobudluğa yol verməməlidirlər.

6.4. Digər müəssisə və təşkilatlarla münasibətdə 
Dövlət qulluqçuları müəssisələrdə dövlət nəzarətini həyata keçirən zamanı dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidirlər.
Dövlət qulluqçuları qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xidməti vəzifələrinin icrası ilə bağlı hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyətləri barədə onlara məlum olan informasiyanın konfidensiallığını təmin etməlidirlər.
Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidirlər.

6.5. Kütləvi informasiya vasitələri ilə münasibətdə 
Kütləvi informasiya vasitələri ilə çıxış edərkən dövlətin həyata keçirdiyi siyasəti təbliğ etməyi bacarmalı, Nazirliyin nüfuzunu aşağı salan ifadələrə yol verməməlidirlər.

6.6. Beynəlxalq münasibətlərdə 
Azərbaycan Respublikası daxilində və beynəlxalq səviyyədə keçirilən müvafiq tədbirlərdə iştirak etməli, tədbirlər zamanı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 6-cı (“loyallıq”) və 9-cu (“Mədəni davranış”) maddələrinin tələblərinə riayət etməlidirlər. 
Konfrans, seminar və digər tədbirlər zamanı tədbirin reqlamentinə əməl etməli, eləcə də öz çıxışlarında adı çəkilən Qanunun 6-cı maddəsinin (“Loyallıq”) tələblərinə riayət etməlidirlər.  
Dövlət qulluqçuları xarici ölkələrin dövlət, qeyri-hökumət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan Respublikasına rəsmi və işgüzar səfərləri çərçivəsində həyata keçirilən tədbirlər zamanı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunundan və bu Qaydalardan irəli gələn etik davranış qaydalarına riayət etməlidirlər.

7. Maraqların toqquşması
Dövlət qulluqçuları ictimai maraqları şəxsi maraqlardan üstün tutmalıdırlar. 
Xidməti informasiyanı qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etməli, xidməti fəaliyyət zamanı əldə etdikləri məlumatları şəxsi maraqları üçün istifadə etməməlidirlər. 
İstifadələrində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməli, habelə onlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadəyə yol verməməlidirlər.
Şəxsi problemlərinin əmək fəaliyyətinə təsirinin qarşısını almağı bacarmalıdırlar.

8. Peşəkarlıq
Dövlət qulluqçuları mütəmadi olaraq fəaliyyətləri çərçivəsində öz biliklərini mükəmmələşdirilməli, iş bacarığının, ixtisasının təkmilləşməsi, yeni biliklərinin əldə etməsi üçün çalışmalıdırlar.

Dövlət qulluqçuları bütün şəxslərə, o cümlədən rəhbəri ilə və ya tabeliyində olan şəxslərlə münasibətdə, habelə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirərkən nəzakətli, qərəzsiz, diqqətli və səbirli olmalıdırlar.
Dövlət qulluqçuları sosial cəhətdən həssas qrupa aid olan vətəndaşların, xüsusilə fiziki məhdudiyyətli insanların qanunvericilikdə nəzərdə tutulmuş hüquq və azadlıqlarının maneəsiz reallaşması və hərtərəfli qorunmasına, onların sosial tələblərinin və maraqlarının təmin edilməsinə hərtərəfli yardım göstərməlidirlər.

Əhalinin sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi yeni normativ hüquqi sənədlərin hazırlanması zamanı vətəndaşların qanuni mənafelərindən çıxış edərək peşəkar mövqe nümayiş etdirməlidirlər.

Vətəndaşların hüquqi mənafelərinin müdafiəsi istiqamətində aidiyyəti orqanlar və təşkilatlar qarşısında hüquqi mübahisə doğuran məsələlərin həllində prinsipiallıq göstərməlidirlər.

Mənafelərini müdafiə etdiyi sosial cəhətdən həssas qruplara aid olan insanların problemlərinə, bütün yazılı və şifahi müraciətlərinə həssaslıqla yanaşmalı, qaldırılan məsələlərin ədalətli həll edilməsinə daima səy göstərməlidirlər.

Vətəndaşların xüsusilə sosial cəhətdən həssas əhali qrupların mənafelərinin qorunması, həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi zamanı ayrıseçkiliyə yol verməməli və qərəzsiz olmalıdırlar.
Fiziki cəhətdən qüsurlu insanların mənəvi tələbatlarının ödənilməsi, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə fərdi yanaşmaya səy göstərməli, onlara cəmiyyətimizin ən dəyərli üzvləri kimi xüsusi hörmət və ehtiram göstərməlidirlər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.