www.mlspp.gov.az
Azərbaycanca   English 20.06.2018 - cı il
Xəbər lenti

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunub                   Reabilitasiyaya cəlb olunmuş kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sərgisi təşkil olunub

Qanunvericilik / Təlimatlar, Qaydalar
29.12.2017

Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 29 dekabr tarixli 618 nömrəli qərarı
ilə təsdiq edilmişdir.


Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunun əhatə dairəsinə düşən sığortaedənlərin və sığortaolunanların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qeydiyyatı qaydalarını tənzimləyir.

1.2. Bu Qaydada istifadə olunan “Fərdi şəxsi hesab” anlayışı – dövlət sosial sığorta sistemi üzrə məlumatların toplusunu özündə əks etdirən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab mənasını ifadə edir.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı

2.1. Sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmağa borcludurlar.

2.2. Məcburi dövlət sosial sığortası məqsədləri üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, Fondda uçota alınmış sığortaedənlər 3 işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.

2.3. Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.

2.4. Yeni yaradılan (ləğv edilən) sığortaedənlərin işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) qaydaları “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin dördüncü hissəsinə uyğun tənzimlənir.

3. Sığortaolunanların işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı

3.1. Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmış hesab olunurlar.

3.2. Sığortaolunanların işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) qaydaları “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir.

3.3. Sığortaçı sığortaedənlər tərəfindən hesablanıb ödənilən işsizlikdən sığorta haqları barədə məlumatları sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə almır.

3.4. Sığorta hadisəsi baş verdiyi halda sığortaolunanların işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı onların sığorta ödənişini almaq hüququnu və sığorta stajını müəyyənləşdirir.

4. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarət

4.1. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Fondun orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun həyata keçirirlər.

4.2. Sığortaolunanlar və sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı ilə bağlı məsələlərdə Fondun yerli orqanlarının işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.