www.mlspp.gov.az
Azərbaycanca   English 27.05.2017 - cı il
Xəbər lenti

Azərbaycanın əmək və məşğulluq sahəsində islahatlar gündəliyi Beynəlxalq Əmək Təşkilatının mənzil-qərargahında təqdim olunub                    Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb

Qanunvericilik / Təlimatlar, Qaydalar
27.07.2012

İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin , sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi[3] Qaydaları

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 8 iyul tarixli, 103 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin , sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi[3]


QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsini tənzimləyir.[4]
1.2. İkinci Dünya müharibəsi iştirakçılarına protez-ortopediya məmulatları, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud olan şəxslər istisna olmaqla)*, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşlara protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri dövlət büdcəsi vəsaiti hesabına pulsuz verilir. [5]
1.3. Protez-ortopediya məmulatlarının və reabilitasiya vasitələrinin növləri və anlayışı:
Protez - amputasiya olunmuş ətrafın anatomik və funksional cəhətdən bərpa olunması üçün istifadə olunan texniki konstruksiyadır.
Ortez-müalicəvi və ortopedik texniki məlumat olub, insanın dayaq-hərəkət aparatının pozulmuş və ya itirilmiş funksiyasının bərpasına və hərəkətinə xidmət edir.
Korset və bandaj - ortezin bir növü olub, gövdənin zədələnməsi və deformasiyası zamanı, qarın boşluğu və qarın divarının xəstəliklərində müdafiə məqsədi ilə istifadə olunan ortopedik məmulatdır.
Ortopedik ayaqqabı - pəncənin zədələnməsi, deformasiyası və aşağı ətrafın qısalığı zamanı müalicəvi və reabilitasiya məqsədi ilə istifadə olunan xüsusi hazırlanmış ayaqqabıdır.
Protez ayaqqabısı - aşağı ətraf protezlərinə geyinilən ayaqqabıdır.
Eşitmə aparatları - eşitmə funksiyasını bu və ya digər dərəcədə itirmiş şəxslərin eşitmə funksiyalarını nisbətən bərpa etmək üçün istifadə olunan cihazdır.
Kreslo-veloarabalar - dayaq-hərəkət funksiyalarını bu və ya digər səbəbdən itirmiş şəxslərin hərəkət etməmələri üçün istifadə olunan reabilitasiya vasitəsidir.
Reabilitasiya vasitələri (əsalar, qoltuqaltı ağaclar, dirsəkaltı ağaclar və s.) - əlillərin , sağlamlıq imkanları məhdud uşaqların və xəstələrin itirilmiş funksiyalarının bərpasına kömək edən yardımçı vasitələrdir. [6]
1.4. Bu Qaydaların 1.2 bəndində göstərilən şəxslərin bütün növlərdən olan protez-ortopediya məmulatları və digər reabilitasiya vasitələri ilə təmin edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki protez-ortopedik bərpa mərkəzləri (bundan sonra- mərkəz) səyyar, ambulator və stasionar formada həyata keçirir.
2. PULSUZ VERİLƏN PROTEZ-ORTOPEDİYA MƏMULATLARDAN VƏ REABİLİTASİYA VASİTƏLƏRİNDƏN İSTİFADƏ MÜDDƏTLƏRİ VƏ PROTEZ-ORTOPEDİK MƏMULATLAR ÜÇÜN MÜƏYYƏN EDİLMİŞ TƏMİNAT MÜDDƏTLƏRİ
2.1. Yuxarı və aşağı ətraf protezləri, ortez və korsetlər üçün aşağıdakı istifadə müddətləri müəyyən edilir:
yuxarı və aşağı ətraf protezləri iki ildən az olmayan müddətə verilir;
yuxarı və aşağı ətraf protezlərinin pulsuz almış vətəndaşlara eyni zamanda əsas protezlə birgə ayaq yaxud əl üçün işlək protez (onların arzusu ilə), eləcə də 2 il müddətinə ayağın salamat qalmış hissəsi üçün 10 ədəd toxunma çexol verilir;
iki ayaq yaxud əl protezi (əsas və işlək) alan vətəndaşların protezləri verilmə vaxtından başlayaraq 3 ildən tez olmayan müddətdə dəyişdirilir;
xlorvinil əl protezləri altı aydan az olmayan müddətə verilir;
aşağı və yuxarı ətraflar üçün hazırlanmış tədris protezləri güdüllərin formalaşmasından asılı olaraq 3-6 ay müddətindən sonra daimi protezlə əvəz olunur;
yuxarı və aşağı ətraf ortezləri və korsetlər bir il müddətinə verilir;
bandaj məmulatları bir il müddətinə verilir;
əsas protez-ortopediya məmulatları ilə yanaşı, onların alınma tarixindən asılı olmayaraq, mərkəzin tibbi-texniki komissiyasının qərarı ilə 2 il və ya daha çox (iş, idman, məişət və s. üçün) müddətə ehtiyat protez verilə bilər;
2 il müddətinə verilmiş protezlər, bu müddətə əlilin və sağlamlıq imkanları məhdud uşağın ətraflarında hər hansı xəstəlik (reamputasiya və s.) yaranarsa, mərkəzin tibbi-texniki komissiyasının qərarı ilə vaxtından əvvəl dəyişdirilə bilər.[7]
Uşaqlar üçün protez-ortopediya məmulatlarının istifadə müddəti və təkrar protezləşdirmə müddəti mərkəz tərəfindən müəyyənləşdirilir.
2.2. Protez ayaqqabılarının istifadə müddəti:
protez ayaqqabıları ildə iki cüt verilir;
hər iki əli amputasiya olunmuş şəxslərə ildə bir cüt rezin yanlıqlı protez ayaqqabıları verilir.
2.3. Ortopedik ayaqqabıların istifadə müddətləri:
mürəkkəb ortopedik ayaqqabılar ildə iki cüt verilir;
16 yaşadək uşaqlara ortopedik ayaqqabıların verilmə müddəti mərkəzin rəyi əsasında müəyyənləşdirilir.
2.4. Eşitmə aparatlarından istifadə müddətləri:
eşitmə aparatları hər bir şəxsə bir komplekt olmaqla surdoloqun tibbi rəyi əsasında üç il müddətinə verilir.
2.5. Kreslo-veloarabalardan istifadə müddətləri:
kreslo-veloarabalar zona tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında üç il müddətinə verilir.[8]
Qeyd. Kreslo-veloarabalar istifadə müddətindən əvvəl yararsız vəziyyətə düşdükdə, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin və müvafiq zona tibbi-sosial ekspert komissiyalarının birlikdə verdikləri akta, eşitmə aparatları isə mərkəz tərəfindən verilən arayışa uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı əsasında vaxtından qabaq yenisi ilə pulsuz əvəz oluna bilər.
2.6. Digər reabilitasiya vasitələrindən istifadə müddətləri:
əsalar, çəliklər, qoltuqaltı və dirsəkaltı ağaclar və s. bu tipli vasitələr mərkəzin rəyi əsasında ildə bir dəfə verilir.
2.7. Protez-ortopedik məmulatları üçün müəyyən edilmiş təminat müddətləri:
təminat müddəti ərzində aldıqları məmulatlar yararsız hala düşdükdə, vətəndaşların onları geri qaytarmaq hüququ vardır. Mərkəz həmin məhsulları öz vəsaiti hesabına təmir etməyə və ya dəyişdirməyə borcludur. Protez-ortopediya məmulatlarının təminat müddətində dəyişdirilməsi yaxud qüsurunun aradan qaldırılması növbədənkənar yerinə yetirilir.
Protez-ortopediya məmulatları üçün aşağıdakı təminat müddətləri müəyyənləşdirilir:

yuxarı və aşağı ətraf protezləri, ortezlər - 6 ay;
xlorvinil əl protezləri, toxuma korset və reklinatorlar, müalicə bandajları - 2 ay;
döş vəzisinin protezləri - 40 gün;
ortopedik ayaqqabı və bütün növlərdən olan protezlər üçün dəri altıqlı ayaqqabılar - 40 gün
rezin altlıqlı kişi və qadın ortopedik ayaqqabıları - 60 gün;
16 yaşadək uşaqlar üçün rezin altıqlı ortopedik ayaqqabılar - 45 gün;
rezin örtüyü olan dəri altlıqlı ortopedik ayaqqabı - 50 gün;
başmaq qoyulmuş şinli ortopedik ayaqqabılar - 40 gün.
3. PROTEZ-ORTOPEDİYA MƏMULATLARIN HAZIRLANMA VƏ TƏMİR MÜDDƏTLƏRİ
3.1. Protez-ortopediya məmulatın və ortopedik ayaqqabının hazırlanma müddəti sifarişin mərkəz tərəfindən qəbul edildiyi gündən hesablanır.
3.2. Əgər gündəlik sifariş məmulatın gündəlik buraxılma normasından artıq olarsa, onun yerinə yetirilmə müddəti 20 gündən çox olmayan müddətə uzadıla bilər.
3.3. Protez-ortopediya məmulatları və ortopedik ayaqqabılar (o cümlədən uşaqlar üçün) aşağıda göstərilən müddətlərdə hazırlanır:

modeli çıxarılmadan - 25 iş günü;
obturator, bel tutqacları, müalicəvi bandajlar, supinator və pronatorlar - 8 iş günü.
Hazırlanma müddətinə aşağıdakı müddətlər əlavə olunur:
modeli çıxarılmaqla - 8 iş günü;
əlavə yoxlamanın (iki dəfədən artıq) təyin edilməsi, xüsusi yarımfabrikat hazırlanmaqla - 8 iş günü;
ikitərəfli zədə və amputasiya zamanı hazırlanan məmulatlar üçün - 25 iş günü.

3.4. Sifariş qəbul edilərkən yaxud yoxlama zamanı şəxsə yoxlama və ya hazır məmulatın alınma vaxtı haqqında məlumat verilir.
3.5. Səyyar protez emalatxanaları tərəfindən protez-ortopediya məmulatları, eləcə də ortopedik ayaqqabılar üçün qəbul edilmiş sifarişlər 60 təqvim günü müddətinə yerinə yetirilir.
3.6. Əlilin və ya sağlamlıq imkanları məhdud uşağın protezin yoxlanılması və alınması üçün gəlmədiyi vaxt hazırlama müddətinə daxil edilmir. [9]
3.7. Eksperimental-sınaq qaydasında düzəldilən, qeyri-tipik və xüsusi mürəkkəb məmulatların hazırlanma müddətləri fərdi olaraq mərkəzin direktoru, yaxud baş həkimi tərəfindən müəyyənləşdirilir.
3.8. Protez-ortopediya məmulatlarını, eləcə də ortopedik ayaqqabıları pulsuz almış şəxslər üçün həmin məmulatların təmiri pulsuz aparılır.
Protez-ortopediya məmulatları, eləcə də ortopedik ayaqqabıların təmiri aşağıdakı müddətlərdə aparılır:
əsaslı təmir -15 təqvim günü;
orta təmir - 7 təqvim günü.
4. PROTEZ-ORTOPEDİYA MƏMULATLARIN VƏ ORTOPEDİK AYAQQABILARIN HAZIRLANMASI VƏ TƏMİRİ ÜÇÜN SİFARİŞLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİ
4.1. Protez-ortopediya məmulatların və ortopedik ayaqqabıların hazırlanması və təmiri üçün sifarişlər mərkəz tərəfindən müəyyən olunmuş qaydada qəbul olunur. Şəxsiyyət vəsiqəsi, uşaqlar üçün doğum haqqında şəhadətnamə, pensiya vəsiqəsi (zəruri hallarda digər sənədlər tələb oluna bilər) əsasında protezləşmə vərəqəsi və sifariş blankı açılır. Protezləşmə vərəqəsi, sifariş blankı protez-ortopediya məmulatlarının və ortopedik ayaqqabıların hazırlanması (təmiri) üçün əsas sənədlərdir. Protezləşmə vərəqəsi mərkəzin həkim tərəfindən doldurulur. Protezləşmə vərəqəsində şəxsin anket məmulatları, ona əvvəllər protez-ortopediya məmulatlarının və ortopedik ayaqqabının verilib-verilməməsi, belə yardımın göstərilmə tarixi haqqında məlumat qeyd olunur. Sifariş blankında şəxsin protez-ortopediya yardımına ehtiyacı müəyyənləşdirilir, yardım növü və həcmi qeyd olunur.
Protezləşmə vərəqəsi və sifariş blankı ciddi hesabat sənədi sayılır. Protezləşmə vərəqəsi on il, sifariş blankı isə üç il müddətinə saxlanılır.
* Əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud olmuş şəxslərin protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları və digər reabilitasiya vasitələri ilə təmin edilməsi xərcləri təqsirkar müəssisə tərəfindən ödənilir.

 

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.