www.mlspp.gov.az
Azərbaycanca   English 20.06.2018 - cı il
Xəbər lenti

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunub                   Reabilitasiyaya cəlb olunmuş kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sərgisi təşkil olunub

Qanunvericilik / Nazirlər Kabinetinin Qərar və Sərəncamları
29.12.2017

“Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında


Azərbaycan Respublikasının Nazirlər Kabineti


           № 620                                                                      Qərar

Bakı şəhəri, 29 dekabr 2017-ci il

“Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı
ilə təsdiq edilmişdir.

Sığorta ödənişinin verilməsi QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) yerli orqanları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir.

1.2. Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Xidmətdə işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.

1.3. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi halda yaranır.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləş-dirilmiş mənaları ifadə edir.

2. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti

2.1. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti “İşsizlikdəın sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə tənzimlənir.

2.2. Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə, sığorta ödənişi təyin edilən şəxs bu barədə 10 (on) iş günündən gec olmayaraq Xidmətə məlumat verməlidir.

3. Sığorta ödənişinin təyin edilməsindən imtina

3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir.

4. Sığorta ödənişinin hesablanması

4.1. Sığorta ödənişini almaq hüququna malik olan və işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:

4.1.1. sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;

4.1.2. sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;

4.1.3. sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.

4.2. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır.

4.3. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

4.4. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması məqsədi ilə işəgötürənlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində (bundan sonra – MİS) dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya 3 işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi halda, bu Qaydaya əlavə olunmuş formada məlumatı tərtib edərək gücləndirilmiş elektron imza ilə təsdiq etməlidirlər (1 nömrəli əlavə).

4.5. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsi ilə müəyyən edilir.

4.6. Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.

4.7. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan birinin) əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 faizi, lakin ümumilikdə 20 faizindən çox olmamaq şərtilə artırılır.

4.8. Sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

4.9. Sığorta ödənişini almaq hüququna malik olan və işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə sığorta ödənişi minimum məbləğdə təyin edilir. Minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

5. Sığorta ödənişinin ödənilməsi

5.1. Sığorta ödənişini almaq hüququna malik olan şəxs dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi aydan sonrakı ayda MİS-in “Məşğulluq Alt Sistemi"nə (bundan sonra - MAS) işsiz kimi qeydiyyata alınması üçün müraciət edərək müəyyən edilmiş qaydada qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir.

5.2. Sığorta ödənişini almaq hüququ olan şəxsin müraciəti MAS tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə məlumat bu Qayda ilə müəyyən edilmiş formada sığorta ödənişi alan şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) ismarıc ərizədə qeyd edilmiş mobil telefon nömrəsinə göndərilir (2, 3, 4 və 5 nömrəli əlavələr).

5.3. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

5.3.1. ilk 2 təqvim ayı üçün - 100 faiz;

5.3.2. 3-4-cü təqvim ayları üçün - 80 faiz;

5.3.3. 5-6-cı təqvim ayları üçün - 70 faiz.

5.4.Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Bu halda təkrar sığorta ödənişini almaq hüququ olan şəxs yuxarıda göstərilən qaydada MAS-a müraciət etməlidir.

5.5. Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi 3 ay müddətində hər ay üçün bərabər məbləğdə ödənilir.

5.6. Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

5.7. Sığorta ödənişi təyin edilən şəxsə sığorta ödənişi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ayın 15-dək işsiz kimi qeydiyyata alındıqda, həmin ayın sonuncu iş günü bitənədək, ayın 15-dən sonra alındıqda isə növbəti ayın 15-dək fərdi məşğulluq proqramının icrası barədə hesabatı elektron kabinetinə daxil olaraq elektron qaydada şəxsən təsdiq edərək təqdim etdikdən sonra və proqramın icrası barədə hesabatı qəbul edildiyi təqdirdə ödənilir.

6. Sığorta ödənişinin verilməsinin dayandırılması

6.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən hallardan biri baş verdikdə, sığorta ödənişinin verilməsi dayandırılır.

6.2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Xidmətə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

6.3. Xidmətin yerli orqanları sığorta ödənişinin təyin edilməsi və ödənişinin dayandırılması haqqında qərarlara əsasən vətəndaşın əmək kitabçasında qeydlər aparırlar.

6.4. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, MAS tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır və bu barədə məlumat bu Qayda ilə müəyyən edilmiş formada onun elektron kabinetində yerləşdirilir və (və ya) ismarıc Müraciət-Ərizədə qeyd edilmiş mobil telefon nömrəsinə göndərilir (6 və 7 nömrəli əlavələr).

7. Sığorta ödənişinin verilməsi qaydasının icrasına nəzarət

7.1. Sığorta ödənişinin verilməsi qaydasının icrasına nəzarət Xidmət tərəfindən həyata keçirilir.

7.2. Sığorta ödənişi almaq hüququ olan şəxslər sığorta ödənişinin verilməsi ilə bağlı Xidmətin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

Əlavələr

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.