www.mlspp.gov.az
Azərbaycanca   English 27.05.2017 - cı il
Xəbər lenti

Azərbaycanın əmək və məşğulluq sahəsində islahatlar gündəliyi Beynəlxalq Əmək Təşkilatının mənzil-qərargahında təqdim olunub                    Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq əlaqələri haqqında

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial müdafiə sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Bununla bağlı olaraq nazirlik müxtəlif ölkələrin aidiyyatı qurumları və mötəbər beynəlxalq təşkilatlarla  fəal əməkdaşlıq həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Niderland, İsveç, Latviya, Belarus, Bolqarıstan və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələr qurulmuş və daim inkişaf etdirilir. İndiyədək Nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 40-dək Hökumətlərarası və Nazirliklərarası Saziş, Protokol, Memorandum və Proqram imzalanmışdır.

Ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində 13 noyabr 2013-cü il tarixdə Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında sənədlərin imzalanması mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov və Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri cənab Faruk Çelik Azərbaycan və Türkiyə hökumətləri arasında  işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Sazişi, həmçinin Azərbaycan və Türkiyə hökumətləri arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair Sazişi imzalamışlar.

Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində 21 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov və Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey tərəfindən «Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş» imzalanmışdır.

2015-ci ildə isə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin davamı kimi, 2015-ci ilin aprel ayında Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçirilmişdir. İclasda iştirak etmək üçün Ankarada səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşmüşdür. Görüşdə Azərbaycanla Türkiyə arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunmuş, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri xüsusi vurğulanmışdır.

Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi  ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclasıında aparılan müzakirələrin yekunu olaraq, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyə Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq istiqamətlərini əhatə edən Protokolu imzalamışlar.

2015-ci ilin sentyabr ayında isə Ankara şəhərində Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında Azərbaycan da təmsil olunub. Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin insan resurslarının inkişafına sərmayənin artırılması üzrə “G20 üzrə Bacarıqlar Strategiyası”na həsr olunan sessiyasında çıxış edərək,  güclü və dayanıqlı, kifayət qədər iş yerləri olan iqtisadiyyatın formalaşdırılması əsasında işsizliyin azaldılması, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, bacarıqların artırılması və əmək məhsuldarlığının yüksəldilməsi sahəsində ölkəmizdə aparılan siyasət və əldə olunan nailiyyətlər barədə məlumat verib.   Tədbirin yekunu olaraq G20 Əmək və Məşğulluq Nazirlərinin Ankara Bəyannaməsi imzalanıb. Bəyannamədə hamı üçün keyfiyyətli iş yerlərinin yaradılması, tarazlı və davamlı inkişafa yardım məqsədilə bərabərsizliklərin azaldılması və bacarıqların inkişafına investisiya qoyuluşu, layiqli iş yerlərinin və daha inkluziv əmək bazarının yaradılması, sosial cəhətdən həssas qruplardan olan şəxslərin potensial imkanlarından tam istifadənin reallaşdırılması və s. məqsədlər əhatə olunub.

İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə aparılan işlərin davamı kimi, 2016-cı ilin iyun ayında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş”, 2017-ci ilin yanvar ayında isə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukrayna Respublikasının Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı” da imzalanmışdır.

Son illərdə əmək münasibətlərinin elektron qeydiyyatı, sosial təminat, sığorta-pensiya, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulması, bu sahələrdə xidmətlərin müasirləşdirilməsi və şəffaflaşdırılması sahəsində Azərbaycanda əldə olunmuş uğurlu islahat təcrübələrində maraq göstərən ölkələrin sayı getdikcə artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ayrı-ayrı ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın bir istiqaməti də həmin qurumların bu sahədə nazirliyin iş təcrübəsini öyrənməsi məqsədinə xidmət edir. 2016-cı ilin sentyabr ayında ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə də iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı yekdil fikir ifadə olunub, o cümlədən əmək müqavilələrinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsinə böyük maraq ifadə olunub. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiyanın Sosial Sığorta Fondunun müraciətinə əsasən, Fondun əməkdaşları üçün əmək və sosial müdafiə sahəsində elektron texnologiyaların tətbiqi ilə bağlı seminar təşkil olunub.

Həmçinin 2017-ci ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri sahəsində təcrübəsini öyrənmək üçün Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Azərbaycan mütəxəssisləri tərəfindən yaradılmış avtomatlaşdırılmış sistemlər (əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təminatı sistemi) barədə nümayəndə heyətinə məlumatlar verilib, sualları cavablandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin İnkişaf Proqramı (BMT İP), Dünya Bankı (DB), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (UNİCEF), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK), Avropa İttifaqının TACİS Proqramı, EuropeAid və BQXK ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə müşahidə olunur və ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təşkilata üzv dövlətlər arasında bir sıra sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də fəal əməkdaşlıq həyata keçirilir. 2013-cü ilin aprelində Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransı keçirilmişdir. həyata keçirilir. Bu istiqamətdə mühüm tədbir kimi, 2013-cü ilin aprelində Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransı keçirilmişdir. Konfransda İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı təşviq edən Çərçivə sənədi və digər siyasi  sənədlər qəbul olunmuşdur.  İƏT-in 56 üzv ölkəsindən 36 ölkənin təmsilçiləri, ümumən 200-dən çox nümayəndə, həmçinin beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri tədbirdə iştirak etmişlər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması barədə təklifi konfrans iştirakçıları tərəfindən məmnunluq hissi ilə qəbul edilərək fəal şəkildə  dəstəklənmişdir. Bununla əlaqədar, qəbul olunan Qətnaməyə və Bakı Bəyannaməsinə müvafiq müddəalar daxil edilmişdir.

2015-ci ilin oktyabr ayında İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin üçüncü konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması, məşğulluğun artırılması, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasət barədə məlumat verib.

Konfransda Təşkilata üzv ölkələrdə işsizliyin və yoxsulluğun azaldılması, əmək bazarının inkişafı, gənclərin məşğulluğu, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi, bu sahələrdə əməkdaşlığın genişləndirilməsi məslələsi ilə yanaşı, Təşkilatın Bakıda Əmək Mərkəzinin təsis olunması məsələsi də müzakirə edilərək, onun təsis sənədləri yekdilliklə dəstəklənib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyad bin Amin Mədəni ilə görüşüb. Görüşdə əməkdaşlığın inkişafından bəhs olunub, gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

 İƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-19-da oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 43-cü sessiyasında isə mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə əsasən İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcəkdir. Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcəkdir. İƏT-in ixtisaslaşmış qurumu olacaq mərkəzin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.

10 aprel 2017-ci il tarixində Cakarta şəhərində İƏT-ə üzv dövlətlərin Əmək Nazirləri Konfransının Rəhbər Komitəsinin ikinci iclasında  2017-ci ilin 29-30 noyabr tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək Əmək Nazirlərinin 4-cü konfransında İƏT Əmək Mərkəzinin Nizamnaməsinin imzalanması ilə bağlı mərasimin keçirilməsi, eləcə də Əmək Mərkəzi ilə bağlı Azərbaycan nümayəndə heyətinin və İƏT Katibliyinin birgə təqdimat verməsi qərara alınıb.  

Azərbaycan hökumətinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildən etibarən Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan sonra Azərbaycanda da BƏT-in nümayəndəliyi açılmışdır. Azərbaycan BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici və 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaların prinsipləri nəzərə alınmaqla ölkəmizdə ən mütərəqqi beynəlxalq standartlara cavab verən milli əmək qanunvericiliyi qəbul edilmişdir və bu qanunvericilik daim təkmilləşdirilir. BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair Azərbaycan Hökumətinin hesabatları müntəzəm olaraq BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur. Bununla yanaşı, BƏT-lə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün “Layiqli əməyin təminatı üzrə Ölkə Proqramı” uğurla icra olunmuşdur.

2016-cı ilin 30 sentyabr tarixində isə Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul olunması və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə birgə sənəd imzalanıb. Sənədin imzalanması tədbirində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Beynəlxalq Əmək Təşkilatının (BƏT), BMT İnkişaf Proqramının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının  nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni qəbul edilən “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın  xüsusi önəmini vurğulayıb və qeyd edib ki, Proqramda qarşıya qoyulan bir sıra sosial-iqtisadi məsələlərin həlli beynəlxalq təcrübəyə, iqtisadiyyatı  inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin təcrübəsinə əsaslanacaq. BƏT isə həm beynəlxalq təcrübə mübadiləsi, həm siyasətlərin müəyyənləşdirilməsi, həm də nəzərdə tutulan texniki dəstək baxımından yardım göstərəcək. 2017-ci ilin fevral ayında isə “Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.

BƏT-lə əməkdaşlıqda daha bir addım olaraq, Azərbaycan BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” adlı layihəsinə daxil edilmişdir. Bu layihənin əsas məqsədi gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində layihəyə cəlb olunan ölkələrin imkanlarının artırılması, sosial təcrid olunma təhlükəsi altında olan gənclərin sayının azaldılması və onların əmək bazarında rəqabət qabiliyyətinin təmin olunmasıdır. Layihə çərçivəsində 2014-cü ilin iyununda BƏT-lə birgə ölkəmizdə “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsinin icrasına başlanılıb. Bu layihə çərçivəsində məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər ali təhsilli gənclə işəgötürənlər arasında həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının yarısının subsidiya şəklində BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında əmək müqavilələri imzalanmışdır.

Azərbaycanda gənclərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi istiqamətində aparılan fəal siyasətin və əldə olunan uğurlu təcrübənin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin daha bir ifadəsi olaraq, BƏT-in rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində (https://www.ilo.org/dyn/youthpol/en/f?p=30850:1001:0::NO:::) Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilmişdir. 2014-cü ilin aprel ayında BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin XI sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla BƏT-in Baş Direktoru Qay Rayder arasında keçirilən görüşdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunmuş, qarşıdakı dövrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Ümumiyyətlə, Azərbaycan nümayəndə heyətləri hər il Beynəlxalq Əmək Konfransının sessiyalarında, bu sessiyalar çərçivəsində müvafiq mövzularda aparılan müzakirələrdə də fəal iştirak edir, Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan dövlət siyasəti, əldə olunmuş uğurlar barədə dolğun məlumatlar təqdim edirlər.

BƏT-lə əməkdaşlığın bir istiqaməti də ölkəmizdə özünüməşğulluq proqramının icrası işlərini əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğuna yönələn proqramın həyata keçirilməsi sahəsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verilmiş, BƏT-in dəstəyi ilə Azərbaycanda özünüməşğulluq proqramı üzrə beynəlxalq sertifikatlı təlimçilər qrupu formalaşmışdır.

Azərbaycan BƏT-in layihə və təşəbbüslərində də yaxından iştirak edir və bu sahədə növbəti tədbir kimi, 2017-ci ilin mart ayında BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, ölkəmizdə əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş silsilə tədbirlər və bu mövzuda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə milli dialoqun yekunlarına dair konfrans keçirilmişdir.

2017-ci ilin aprel ayında ölkəmizdə BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının da təqdimatı tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və BMT İnkişaf Proqramının nümayəndələri iştirak etmişdir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi, əmək haqqının artırılması sahəsində aparılan dövlət siyasəti, bu sahədə milli qanunvericilik və s. barədə məlumatlar verib. Daha sonra BƏT-in rəsmiləri Nikolas Studer və Rosalia Vazquez BƏT-in 2016-2017-ci illəri əhatə edən  Qlobal Əmək Haqqı hesabatını təqdim ediblər. Tədbir hesabat əsasında geniş müzakirələr şəraitində davam edib, əmək haqqı siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Azərbaycan Respublikası 1998-ci ildə BMT-nin  “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında”, 2008-ci ildə isə “Əlilliyi olan şəxslərin hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur. BMT-nin sabiq Baş Katibi Koffi Annanın Minilliyin Assambleyasında müraciətinə cavab olaraq, dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılmış və on üzv ölkə gənclərin məşğulluğu üzrə lider müəyyən olunmuşdur. Azərbaycan da həmin on lider ölkə sırasına daxil edilmişdir. 

BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sındakı öhdəliklərin səmərəli icrası üçün məqsədyönlü işlər aparılmış, o cümlədən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi, Konvensiyadakı müddəaların həyata keçirilməsi məqsədilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanmışdır. 2014-cü ilin aprel ayında BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tərəfindən “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikasının ilk məruzəsi təqdim olunmuşdur. Sessiyada Avropalı ekspertlər “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk məruzəsini yüksək dəyərləndirmiş və Konvensiyanın icrası ilə bağlı ölkəmizdə görülən işlərdən məmnunluqlarını ifadə etmişlər. Tədbirdə çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinə Komitənin ekspertləri tərəfindən də rəy verilməsini təklif etmişdir. Təklif Komitə üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanın bu təşəbbüsünün Komitə üçün ilk təcrübə, digər dövlətlər üçün isə müsbət nümunə olacağı vurğulanmışdır. 2014-cü ilin aprel-iyun aylarında qanun layihəsi Komitənin ekspertləri tərəfindən diqqətlə nəzərdən keçirilmiş və layihə ilə bağlı Komitənin Azərbaycan Hökumətinə təqdim etdiyi rəydə layihənin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının ümumi ruhuna, əsas prinsip və müddəalarına uyğun şəkildə hazırlandığı vurğulanmışdır.

Ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən siyasətdə BMT-nin  “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiyasının prinsipləri daim diqqətdə saxlanılır və layiqli şəkildə yerinə yetirilir. Təsadüfi deyil ki, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin əməkçi miqrantlarla bağlı Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş Büro iclası 2015-ci ilin dekabr ayında Bakıda keçirilib. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”sını  1998-ci ilin 11 dekabrında qəbul etdiyini və regionda bu Konvensiyaya qoşulan ilk ölkələr sırasında olduğunu vurğulayıb, sənədin icrası sahəsində Azərbaycanda aparılan işlər barədə məlumat verib.  İclasda BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin sədri Fransisko Karron miqrasiya proseslərinin tənzimlənməsi, əməkçi miqrantların hüquqlarına hörmətlə yanaşılması, onların intellektual və əmək potensialından səmərəli istifadə edilməsi sahəsində Azərbaycanın təcrübəsini yüksək dəyərləndirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramının birgə layihəsi olan  “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün qabaqcıl təcrübə əsasında innovativ yanaşmaların tətbiqində mühüm rola malikdir. Layihə çərçivəsində Bakıda, Sumqayıtda, Gəncədə yaradılan SYSLAB Təlim Tədris Mərkəzləri işsiz və işaxtaran vətəndaşların innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının təkmilləşməsinə öz töhfəsini verib. 2014-cü ilin 3 oktyabr tarixində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark arasında keçirilən görüşdə ötən dövrdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin gələcəkdə də davam etdirilməsinin məqsədəuyğun olduğu bildirilib. Beləliklə, 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb. Layihə çərçivəsində Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzinin və Qadın Resurs Mərkəzinin açılışı olub.

 1994-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirilir. Həmin il Qahirədə qəbul edilmiş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib. 1999-cu ildə  Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə  “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub. Hər iki sənəddə, habelə 2014-2025-ci illəri əhatə edən «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsində qeyd olunan Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkənin demoqrafik inkişaf prosesi, əhalinin sabit artım tempi nəzərə alınmaqla ölkədə uzunmüddətli məşğulluq strategiyasının hazırlanmasına başlanıb.

2014-cü ilin sentyabrında ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf şəraitində demoqrafik sabitliyə nail olunması üçün görülən işlər və əldə olunan uğurlar barədə məlumat verib. Nazir Azərbaycanda Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və 2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın prinsiplərinin uğurla icra olunduğunu vurğulayıb, bu istiqamətdə əldə olunan mühüm nailiyyətləri diqqətə çatdırıb. 2014-cü ilin oktyabrında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla BMT-nin Əhali Fondunun icraçı direktorunun müavini xanım Anna Birgit Albrektsenin görüşündə isə ölkəmizin BMT-nin Əhali Fondu ilə davamlı və səmərəli əməkdaşlığı vurğulanıb, respublikamızın gələcək dövrdə əhali sakinliyi və demoqrafiya sahəsində strateji hədəflərə nail olmasında BMT-nin Əhali Fondu ilə əməkdaşlığının daha da inkişaf etdiriləcəyi qeyd olunub.

2015-ci ilin noyabr ayında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun  ölkəmizdə səfərdə olan BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşündə Azərbaycanla BMT-nin Əhali Fondu arasında səmərəli əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində  Dövlət Proqramı (2017-2030-cu illər)”  qəbul olunduqdan sonra onun icrası çərçivəsində mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması nəzərdə tutulur. Demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması məqsədilə BMT-nin Əhali Fondu ilə birgə respublikamızın və ilk dəfə olaraq ölkənin iqtisadi rayonlarının əhali proqnozlarının və proyeksiyaların hazırlanması üzrə işlər aparılıb. 2017-cil ilin fevral ayında həmin əhali proqnozlarına dair hazırlanmış yekun təqdimat olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında əməkdaşlıq ölkəmizdə “Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində mühüm rol oynayıb. Bu əməkdaşlığın uğurlu davamı olaraq 2014-cü ilin iyununda  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı imzalanıb. Fəaliyyət Planında “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının, nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması, sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, çətin həyat şəraitində olan uşaqların və onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi və s. fəaliyyət istiqamətləri əksini tapmışdır. Planda həmçinin respublikanın regionları üzrə sosial xidmətlərə ehtiyacları əks etdirən “Sosial xəritələşmə” layihəsi əsasında 2015-ci və sonrakı illər üçün prioritet istiqamətlərin müəyyən olunması da yer almışdır. 2016-cı ilin may ayında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb.

Dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri olan Dünya Bankı ilə 1999-cu ildən etibarən başlanmış əməkdaşlıq çərçivəsində əvvəlcə «Azərbaycan Respublikasında Pensiya və Sosial Yardım islahatı» layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı işlər görülmüş, 2005-2010-cu illərdə isə “Pensiya və Sosial Təminat Layihəsi” həyata keçirilmişdir. Dünya Bankı əmək və sosial müdafiə sahəsində növbəti əməkdaşlıq mərhələsi kimi, 2009-cu ilin mart ayından “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin icrasına start verilmişdir. Layihənin əsas məqsədi Azərbaycan Hökumətinə ölkədə sosial islahatların və proqramların icrasında dəstək verməkdən ibarətdir.  «Sosial Müdafiənin İnkişafı Layihəsi» işsiz və işaxtaran vətəndaşlara, eləcə də  əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsində, əmək hüquqlarının təminatına dövlət nəzarətinin maddi-texniki və institusional potensialının artırılmasında mühüm rol oynayır. Layihə çərçivəsində aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sistemi yaradılmışdır. Eyni zamanda «Sosial Müdafiənin İnkişafı» Layihəsinin «İSCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması» tapşırığı üzrə 200 peşə standartı hazırlanmış və 2014-cü ilin əvvəlindən işəgötürənlərin istifadəsinə verilmişdir. Almaniyanın «GOPA Consultants» şirkəti ilə birgə beynəlxalq standartlar əsasında və yerli şəraitə uyğun hazırlanan bu peşə standartları ölkəmizdə peşə təlimi sisteminin, kadr hazırlığının iqtisadi inkişafa uyğunlaşdırılmasında, əmək bazarına daxil olan işçi qüvvəsinin işəgötürənlərin tələblərinə və beynəlxalq standartlara uyğun hazırlanmasında və səmərəli məşğulluğunun təmin edilməsində xüsusi önəm kəsb edir.

Bununla yanaşı, 2016-cı ilin oktyabr ayında Dünya Bankının ekspert qrupu tərəfindən ölkəmizdə sosial müdafiə sisteminin inkişafı sahəsində aparılan işlərlə bağlı qiymətləndirmənin nəticələri təqdim olunub. Dünya Bankının mütəxəssislər qrupu Azərbaycanın sosial müdafiə sistemini geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən bir sistem kimi qiymətləndirib. Bu, sosial müdafiə sisteminin əhatəliliyi baxımından dünya üzrə müsbət göstəricilərdən sayılır.

Eyni zamanda, Dünya Bankı Azərbaycanın avtomatlaşdırılmış sosial yardım sisteminin qabaqcıl təcrübə nümunəsi kimi dünyada təbliğini məqsədəuyğun hesab edir. Bununla əlaqədar, 2017-ci ilin fevral ayında Dünya Bankının ekspert qrupunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti nəzərə alınaraq, bu təşkilatın Vaşinqton şəhərində (ABŞ) yerləşən mərkəzi ofisi üçün nazirliyin  ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) videokonfrans vasitəsilə geniş təqdimatı keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqı ilə də Avropa Qonşuluq Siyasəti çərçivəsində daim inkişaf edən əməkdaşlıq əlaqələrinə malikdir. Hələ ölkəmizin dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda icra olunmuş Avropa İttifaqının TACİS layihələri respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini vermişdir. 2004-cü ildən etibarən Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən layihələrdən Tvinninq və TAİEX proqramlarına daha çox üstünlük verilmişdir. Tvinninq layihəsi aktuar hesablamaların, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensial imkanlarının artırılmasına xidmət etmişdir.

2014-cü ilin may ayında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni Tvinninq layihəsi təqdim olunub. 2016-cı ilin yanvar ayında yekunlaşan layihə Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyinin qabaqcıl Avropa dövlətlərinin təcrübəsi əsasında təkmilləşdirilməsi, ölkədə tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi, ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Planın, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının, onların tətbiqi üçün mexanizmlərin hazırlanmas və s. məqsədə xidmət edib. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycanda sosial xidmətlərin inkişafı” adlı yeni Tvinninq layihəsi də icra olunur. Layihə çərçivəsində sosial xidmətlərin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün Avstriyanın müvafiq qurumları ilə əməkdaşlıq həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyi nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunan Azərbaycan Respublikası 2002-ci ildə bu təşkilatın “İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiya”sını, 2004-cü ildə Avropa Sosial Xartiyasını ratifikasiya etmişdir. Ümumiyyətlə, ölkəmiz indiyədək Avropa Şurasının insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etmişdir ki, onların böyük qismi məhz sosial hüquqlarla bağlıdır. Həmçinin Avropa Şurasının “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı”nın yerinə yetirilməsi istiqamətində də bu təşkilatla əməkdaşlıq həyata keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə 2014-cü ilin may ayından başlanan sədrliyi çərçivəsində 2014-cü ilin sentyabrında  Bakıda Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə ikigünlük konfrans keçirilmişdir. Konfransda AŞ-nın üzvü olan 23 ölkənin, AŞ Katibliyinin və Azərbaycanın dövlət qurumlarının, ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla AŞ arasında əlaqələrin inkişafı,  AŞ-nın ölkəmiz tərəfindən ratifikasiya olunmuş sənədlərinin, habelə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. Nazir Azərbaycanın sosial birlik prinsiplərinə daim sadiq olduğunu və bu prinsiplərin  “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, AŞ-na üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin 2012-ci ildə İstanbul şəhərində keçirilmiş 2-ci Konfransı zamanı növbəti 3-cü Konfransın Bakı şəhərində keçirilməsi barədə Azərbaycan tərəfinin təklifi yekdilliklə dəstəklənmişdir. Bakıda növbəti Nazirlər Konfransının keçirilməsi AŞ çərçivəsində sosial birlik sahəsində faydalı dialoqun daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir.

2014-cü ilin oktyabrında İtaliya Respublikasının Turin şəhərində Avropa Şurasına (AŞ) üzv dövlətlərin aidiyyəti strukturlarının və Avropa İttifaqının rəhbər şəxslərinin iştirakı ilə keçirilən Avropa Sosial Xartiyası üzrə beynəlxalq səviyyəli konfransda, habelə Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransı tərəfindən Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə əlaqədar keçirilən seminarda  Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi adından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib. Nazir Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik prioritetləri sırasında sosial müdafiə və sosial birlik məsələlərinin mühüm yer tutduğunu, Avropa məkanında sosial birlik meyarlarına uyğun siyasətlərin həyata keçirilməsi üçün üzv dövlətlər arasında qarşılıqlı məlumat və təcrübə mübadilələrini nəzərdə tutan əməkdaşlığın inkişafının ölkəmiz tərəfindən daim dəstəkləndiyini, bu sahədə görülən işləri diqqətə çatdırıb. Eyni zamanda, Səlim Müslümov Azərbaycanın dinamik sosial-iqtisadi  inkişafı, sosial rifah halının yüksəldilməsi və yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində ölkəmizin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumatlar verib.

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə də əməkdaşlıq əlaqələri daim güclənir. BSTA dünyanın bütün regionlarından sosial müdafiə və sosial təminat təşkilatlarını bir platformada birləşdirən, ən dinamik sosial sığorta sistemlərinin yaradılması və təşviqi məqsədilə sosial sahənin qarşılaşdığı problemlər, onların həlli yolları, uğurlar və nöqsanlar barədə təcrübə mübadiləsini təşkil edən beynəlxalq təşkilatdır. Assosiasiya həmçinin üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi və s. üzrə əhəmiyyətli tədbirləri həyata keçirir.

2016-cı ilin aprel ayında BSTA və İsveçin Pensiya Agentliyinin birgə təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda  ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirin açılış mərasimində BSTA-nın prezidenti Errol Frank Stuve, İsveç Pensiya agentliyinin baş direktoru Katrin Uestlinq Palm və başqaları çıxış edərək, mövcud iqtisadi şəraitdə dayanıqlı sosial təminat sisteminin qorunub saxlanması ilə yanaşı, bu sahədə yeni çağırışlara cavab olaraq investisiya imkanlarının, xidmətlər və inzibati idarəetmə sahəsində innovativ texnologiyaların tətbiqinin genişləndirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıblar. Daha sonra BSTA Baş katibliyinin Avropa sosial təminat məkanında mövcud vəziyyət və son tendensiyalarla bağlı hazırladığı məruzə təqdim edilib və məruzə əsasında müzakirələr aparılıb. Forumun panel müzakirələrində İsveç, Rusiya, Fransa, Macarıstan, Almaniya, İrlandiya və digər ölkələrin sosial təminat sahəsinə cavabdeh qurumlarının rəsmiləri çıxış ediblər. Tədbirdə Azərbaycanın sosial təminat sistemində elektron əsaslar üzərində avtomatlaşdırılmış idarəetmə və xidmətlər infrastrukturunun formalaşdırılması sahəsində əldə olunmuş uğurlu təcrübədən də bəhs olunub.

   Forumun ilk günündə sosial təminat sistemlərində innovativ yanaşmaların və qabaqcıl texnologiyaların tətbiqi ilə seçilən iş təcrübələrinin mükafatlandırılması mərasimində Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” xidməti də BSTA-nın Müsbət Təcrübə üzrə Fəxri Diplomuna (Certificate of Merit) layiq görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin mühafizəsi sahəsində də mütərəqqi beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulur və nazirliyin əmək müfəttişliyi sahəsində beynəlxalq əlaqələri daim genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının və Əmək Müfəttişliklərinin Regional Alyansının üzvüdür. 2014-cü ilin iyununda İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasının (BƏMA) 14-cü Konqresi və Baş Assambleyasında ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə bütün dünyada səmərəli əmək müfəttişliyinin təmin olunması, layiqli əməyin təminatı məqsədilə sosial tərəfdaşlığın inkişaf etdirilməsi üçün birgə imkanlar, regional Alyanslarla işin gücləndirilməsi məsələləri müzakirə edilmişdir. Həmçinin BƏMA-nın 2014-2017-ci illər üzrə Fəaliyyət Planı da tədbirin əsas müzakirə mövzularından biri olmuş, BƏMA-nın İcra Komitəsinin tərkibi prosedur qaydalara uyğun olaraq yenilənmiş, Azərbaycanın 2008-ci ildən üzv olduğu, özündə 12 ölkəni birləşdirən regional "Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı"nın tərkibi də yenidən seçilmişdir. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin BƏMA-nın sabiq prezidenti xanım M.Patterson, Assosiasiyanın yeni prezidenti K.Myers ilə görüşlərində Azərbaycanda sağlam və təhlükəsiz əmək üzrə Milli Strategiyanın hazırlanması, əmək hüquqlarının təminatı sahəsində aparılan islahatlar, xüsusən əmək müqaviləsi bildirişlərinin onlayn qeydiyyat sisteminin yaradılması barədə verilən məlumatlar rəğbətlə qarşılanıb. Nümayəndə heyətinin "Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişləri Alyansı" tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycanda təşkil edilməsi barədə təklifi isə müsbət dəyərləndirilib.

Qeyd olunanlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları nüfuzlu beynəlxalq təşkilatların aidiyyatı mövzularda keçirilən tədbirlərində müntəzəm iştirak edir, həmin tədbirlərdə Nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlər üzrə çıxışlar edir və fikir mübadiləsi aparırlar.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər sahələrdə olduğu kimi, beynəlxalq əməkdaşlıq istiqamətində də fəaliyyətini  uğurla davam etdirir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.