www.mlspp.gov.az
Azərbaycanca   English 16.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
21.03.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində bayram şənlikləri təşkil edilib

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində,  Buzovna 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində, Şaqan 1 saylı və Saray 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində və Müharibə və əmək əlilləri üçün pansionatda Novruz bayramı münasibəti ilə bayram şənlikləri təşkil olunub. Tədbirlərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev, İlqar Rəhimov, Natiq Məmmədov, Mətin Kərimli və nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev  iştirak edərək, həmin müəssisələrin sakinlərinə və xidməti personalına  bayram təbriklərini və arzularını çatdırıblar.
   Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısından bəhs olunub. Bildirilib ki, dövlət başçısının iştirakı ilə 2013-cü ilin dekabr ayında açılışı olan bu Peşə Reabilitasiya Mərkəzi sağlamlıq imkanları məhdud gənclərin müxtəlif peşələr üzrə bilik və bacarıqlar qazanaraq məşğulluq və nəticə etibarilə həyatda öz potensiallarını təsdiq etmək imkanlarına yiyələnmələrində, ümumən onların sosial reabilitasiyasında mühüm rol oynayır. İstifadəyə verildiyi vaxtan bəri Peşə Reabilitasiya Mərkəzində artıq 750 nəfərdən çox sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına cəlb olunub.
   Vurğulanıb ki, sosial müdafiə sahəsinə Prezident qayğısı sosial xidmət müəssisələrində yaşayan şəxslərin təminatının da güclənməsi ilə müşahidə olunur. Son illərdə nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, pansionat üçün müasir tələblərə uyğun yeni korpus inşa olunaraq istifadəyə verilib. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı  çərçivəsində 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Həmçinin ayrı-ayrı sosial xidmət müəssisələrində əsaslı təmir işləri aparılıb və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
   Qeyd olunub ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1100 nəfərə yaxın şəxsin stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir. Həmin insanlardan 320 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır. Sosial xidmət müəssisələrində yaşayan şəxslər daimi olaraq qida, geyim, tibbi və reabilitasiya xidmətləri ilə təmin olunurlar. Bu müəssisələrdə yaşayanların doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də görülür. Aparılan işlər  nəticəsində təkcə ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfərin, o cümlədən 36 nəfər sağlamlıq imkanları məhdud uşağın doğma ailələrinə qayıtmasına nail olunub.
   Bayram süfrəsi ətrafında keçən tədbirlərdə incəsənət ustalarının ifasında musiqili-əyləncəli proqramlar təqdim edilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.