www.mlspp.gov.az
Azərbaycanca   English 23.09.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
18.11.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə tələbə və məzunlar üçün virtual müəssisənin rəsmi açılışı olub (VİDEO)

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində tələbə və məzunların yiyələndikləri ixtisaslar üzrə nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara malik olmaları üçün virtual müəssisənin rəsmi açılış mərasimi keçirilib.
   Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkə iqtisadiyyatında gənclərin əmək potensialından səmərəli istifadə olunmasının, gənclərin məşğulluğunun artırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas komponentlərindən biri olduğunu vurğulayıb: “Həyata keçirilən uğurlu dövlət məşğulluq strategiyası ölkəmizdə işsizlik səviyyəsinin 4,9 faizədək azalmasına səbəb olmaqla, gənclər arasında işsizliyin azalması ilə müşahidə edilib. Hazırda respublika əhalisinin 28 faizini təşkil edən 15-29 yaşda olanlar arasında işsizlik səviyyəsi ötən illə müqayisədə daha 0,4 faiz azalaraq 9,7 faizə enib ki, bu da dünyada ən aşağı göstəricilərdən hesab edilir. Eyni zamanda ölkəmizdə bu yaşda olanlar arasında iqtisadi fəallıq səviyyəsi 47,2 faizə yüksəlib və bu da dünya miqyasında müsbət göstərici kimi dəyərləndirilə bilər”.
   S.Müslümov nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqamətinin gənclərə yönəldiyini qeyd edib. Gənclərin məşğulluğunun təmin olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində görülən işləri diqqətə çatdıran nazir həmçinin tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin davam etdirildiyini diqqətə çatdırıb: “Tələbə və məzunların uğurlu əmək fəaliyyətinə başlaması və karyeralarını məqsədyönlü şəkildə davam etdirmələri üçün əsas şərtlərdən biri də onların əmək bazarının tələblərinə uyğun səviyyədə bacarıqlara, lazımi təcrübəyə, işgüzar keyfiyyətlərə malik olmalarıdır. Bununla bağlı olaraq, hazırda dünyanın bir çox ölkələrində interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşdirilməsinə, tələbə və məzunların öz ixtisasları ilə bağlı əmək bazarında işgüzar bacarıqlar qazanmasına xidmət edən virtual müəssisələri, yəni təcrübə şirkətləri fəaliyyət göstərir. Müasir dünya təcrübəsində belə müəssisələrin səmərəli olduğu öz təsdiqini tapıb. Azərbaycan da sayı 7500 olan virtual müəssisələrin üzvlər şəbəkəsinə qəbul edilib və ötən ildən etibarən ölkəmizdə ilkin olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin və Xəzər Universitetinin bazalarında bu təcrübənin tətbiqinə, virtual müəssisələrin yaradılması işlərinə başlanılıb”.
   Nazir bildirib ki, bunun üçün müvafiq otaqlar ayrılaraq kompyuter və digər lazımi avadanlıqlarla təchiz edilib və beynəlxalq ekspertlər tərəfindən bu təcrübə müəssisələrində çalışacaq müəllim heyəti üçün müvafiq təlimlər keçirilib. Bu sahədə işlərin təşkili, habelə aidiyyəti proqram təminatı barədə aidiyyəti üzrə EUROPEN-PEN İnternational şirkətindən məlumat əldə olunub: “Bu bir təcrübə müəssisəsi olmaqla, tələbə və məzunlar burada real iş yerində olduğu kimi fəaliyyət göstərəcək, öz ixtisasları ilə bağlı əmək bazarında əmək şəraiti tələbləri çərçivəsində praktik bacarıq və vərdişlərə yiyələnəcəklər. Nəticədə isə onlar gələcəkdə çox asan şəkildə əmək bazarında özlərinə yer tuta biləcəklər”. S.Müslümov qarşıdakı dövrdə bu sahədə, eləcə də gənclərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, interaktiv tədrisin yaxşılaşdırlması və s. sahələrdə Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlığın genişləndirilməsinin, bu məqsədlə Anlaşma Memorandumu imzalanmasının da gündəlikdə duran məsələlərdən olduğunu qeyd edib, yeni virtual müəssisənin fəaliyyətinə uğurlar arzulayıb.
   Təhsil naziri Mikayıl Cabbarov ölkədə insan kapitalının inkişafı yönündə aparılan siyasətdə peşə və ixtisas təhsilinin mövcud əmək bazarının şərtlərinə uyğun qurulmasının, tələbə və məzunların ixtisas bilikləri ilə bərabər praktik və formalaşmış iş bacarıqlarına da malik olmalarının vacibliyini vurğulayıb. M.Cabbarov hər bir tələbənin, məzunun ixtisas bacarıqlarını reallaşdırmaları və təkmilləşdirmələri üçün virtual müəssisələrin yaradılması təcrübəsinin əhəmiyyətli olduğunu, bunun gənclərin karyera taleyində mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bu ali təhsil müəssisəsində tələbələr və məzunlar üçün belə önəmli müəssisənin təşkili üçün bütün lazımi işlərin görüldüyünü, gələcəkdə də təcrübə müəssisəsinin məqsədyönlü fəaliyyətinin təmin ediləcəyini bildirib.
   Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Lesçenko ölkəmizdə tətbiq olunan bu yeni təcrübənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Sonra virtual müəssisənin fəaliyyətinə baxış olub. Bu təcrübə müəssisəsi haqqında ümumi məlumat verilib və nümunə kimi Avropanın virtual müəssisələrindən biri ilə onlayn rejimdə biznes əməkdaşlığına dair ticarət sövdələşməsi aparılıb, layihənin Xəzər Universitetindəki mərkəzi ofisi ilə işgüzar sənəd dövriyyəsi təşkil edilib. Virtual müəssisənin təcrübəçiləri olmuş və öz karyeralarına uğurla başlamış tələbə və məzunların rəy və təəssüratları dinlənilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.