www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                   Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
06.11.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir qrup əlilliyi olan şəxs Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb (VİDEO)

Nazirlik cari ildə keçən illə müqayisədə 64,6 faiz çox müvafiq şəxsi xaricə bərpa müalicəsinə göndərib  

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən daha 20 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb. Həmin şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində həmin bölgənin zəngin təbii müalicəvi resurslardan istifadə şəraitində və peşəkar həkim-reabilitoloqların nəzarəti altında bərpa-müalicə kursu keçəcəklər.
   Əlilliyi olan şəxslərin yola salınması zamanı nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan insanların tibbi-sosial reabilitasiyasına diqqət və qayğısı nəticəsində  bu sahədə işlərin ilbəil gücləndirildiyini vurğulayıb: “Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən artıq 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ümumən ötən il göndərilənlərdən 64,6 faiz çoxdur. Həmçinin ötən illə müqayisədə 77,6 faiz çox əlilliyi olan şəxsin, 53 faiz çox sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Bu gün 20 nəfər əlilliyi olan şəxsin Türkiyəyə göndərilməsi ilə bu təbəqədən olan şəxslərin xaricdə bərpa-müalicəsi ilə bağlı cari il üçün nəzərdə tutulan tədbirlər artıq başa çatdırılır”.
   S.Abdullayev Nobel Tibb Mərkəzində hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə müalicə prosedurlarının həyata keçirildiyini, bir çox çətin sağalan xəstəliklərin müalicəsi baxımından həmin mərkəzin müsbət təcrübəsinin olduğunu qeyd edib: “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsi sahəsində ölkə daxilində də mühüm işlər aparılır. Təkcə cari ilin 9 ayında nazirliyin bərpa-müalicə müəssisələrində 5 min nəfərədək əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa müalicə xidməti, 7158 nəfər şəxsə protez-ortopedik bərpa xidməti göstərilib, 2526 nəfər müvafiq şəxs müalicəsi ilə əlaqədar sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilib, 53 nəfərin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilib”.
   Əlilliyi olan insanların rahat şəkildə Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə çatdırılması, onların orada 5 ulduz oteldə yerləşdirilməsi, müvafiq xidmətlərlə təmin olunması üçün bütün təşkilati işlərin görülüb. Bu işlərə nəzarət etmək üçün nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam edilib.
   Əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsinə, habelə tibbi-sosial reabilitasiyalarına və xaricə  ixtisaslaşmış bərpa müalicəsinə göndərilmələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.