www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
03.12.2018

Bakıda Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası keçirilir

250 nəfərdən çox şəxsin 1500-dən çox əl işinin nümayiş olunduğu tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da qatılıb

Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində (İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Qoşa qala qapısı tərəfdən girişdə) fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası öz işinə başlayıb.  
Üç gün davam edəcək tədbirdə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr və s. ibarət 1500-dən çox əl işi nümayiş olunur. Tədbirdə eyni zamanda əl işlərinin satışı təşkil olunub. Bu da əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması məqsədi daşıyır.  
Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev əlillliyi olan insanların istedad və bacarıqlarının cəmiyyətə tanıdılması və dəstəklənməsi, onların yaradıcılıq potensiallarına ictmaiyyətin diqqətinin artırılması məqsədilə təşkil olunan belə tədbirlərə hələ 1990-cı illərdə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə başlandığını vurğulayıb. O bildirib ki, 20 il bundan əvvəl, 1998-ci ilin 30 noyabrında əlilliyi olan şəxslərin ilk ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin yekun tədbirində Ulu öndər “Hər bir insanın cəmiyyətdə özünün daxilində olan imkanlardan istifadə etməsi üçün, öz istedadını nümayiş etdirməsi üçün ona şərait yaratmalıyıq” deyə bəyan edib.  Ötən dövrdə dövlətimizin sosial siyasətində bu bəyanat öz əməli təsdiqini tapıb. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısı ümumən fiziki məhdudiyyətli insanların sosial təminatlarının gücləndirilməsində, onların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsində əhəmiyyətli addımların atılmasına imkan yaradıb.  
2018-ci il üçün Beynəlxalq  Əlilliyi olan şəxslər gününün mövzusunun "Əlilliyi olan şəxslərin imkanlarının genişlədirilməsi, inklüzivliyin və bərabərliyin təmin edilməsi" olduğunu qeyd edən S.Babayev bu gün əlilliyi olan insanların reabilitasiyası, öz fiziki məhdudiyyətlərinə qalib gələrək daim özlərinə güclü inam hissi ilə ictimai-mədəni həyatda fəal iştirak etmələri üçün çoxşaxəli işlər aparıldığını deyib. O, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın mühüm sosial əhəmiyyət kəsb edən nəcib və xoşməramlı layihə və təşəbbüslərinin digər həssas qruplarla yanaşı, əlilliyi olan insanları da əhatə etdiyini vurğulayıb. S.Babayev Heydər Əliyev Fondunun fiziki məhdudiyyətli insanların sosial reabilitasiyası işlərinə dəstək tədbirlərinin önəmini diqqətə çatdırıb.
Nazir BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq ölkəmizdə müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib. S.Babayev bu məqsədlə yeni qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun fiziki məhdudiyyətli insanlarla bağlı mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmaları əks etdirdiyini bildirib.  
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai BMT tərəfindən Beynəlxalq Əlilliyi olan şəxslər gününün təsis olunmasında əsas məqsədin bu kateqoriyadan olan insanlara  cəmiyyətin diqqətinin artırılması olduğunu deyib. O, BMT-nin  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan Azərbaycanda bu sənəddən irəli gələn öhdəliklərin icrası, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün aparılan işlərin təqdirəlayiq olduğunu qeyd edib.
Sonra xüsusi bacarıqları ilə fərqlənən iştirakçıların mükafatlandırılması olub. Əl işlərinin qiymətləndirilməsi üzrə münsiflər heyətinin sədri, xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri Məmmədhüseyn Hüseynov müvafiq nominasiyalar üzrə yer tutan iştirakçıları qeyd edib. Qaliblərə mükafatlar təqdim olunub.
Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasına gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva əl işləri ilə tanış olub, onların müəllifləri olan əlilliyi olan şəxslərlə və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. L.Əliyeva onlarla söhbət edərək, öz xoş arzularını ifadə edib, bacarıqlarını daim inkişaf etdirərək gələcəkdə də yeni-yeni əl işləri yaratmaqda davam edəcəklərinə əminliyini bildirib.
Sərgi-yarmarka çərçivəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzinin və uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərindən ibarət rəqs qruplarının çıxışı olub.
Daha sonra Azərbaycan Dövlət Musiqili Teatrının foyesində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr edilən, nəfis şəkildə tərtib olunmuş “Əlillik Qüsur Deyil” kitab-albomunun və əlilliyi olan şəxslərin əl işlərindən ibarət hazırlanmış hədiyyələrin  təqdimatı keçirilib.
“Əlillik Qüsur Deyil” kitab-albomunda ümummilli liderimiz Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın əlillliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları da əhatə edən nəcib və xoşməramlı layihələrindən bəhs olunur. Kitab-albomda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər də əksini tapır.
Eyni zamanda, kitab-albomda yaradıcılıq potensialına sahib olan, incəsənətin müxtəlif növləri ilə məşğul olan 60-a yaxın  fiziki məhdudiyyətli insan barədə məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapır. Azərbaycan idmanı üçün yenilik olan Boccia İdman Federasiyası və boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanlar, onların uğurları, həmçinin ilk inklüziv teatr olan ƏSA teatrı, onun əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyəti, hazırladıqları tamaşalar və s. barədə kitab-albomda məlumatlar yer alıb. 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm də ingilis dilində  təqdim olunur. Kitab-albomun gələcəkdə başqa dillərdə də nəşri nəzərdə tutulub.  
“Əlillik Qüsur Deyil” kitab-albomu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət tarixində nazirliyin nəzdindəki  sosial müəssisələrin sakinlərinin yaradıcı fəaliyyətini, onların yaradıclıq nümunələrini kitab-albom kimi əhatə edən ilk nəşrdir. Gələcəkdə bu kitab-albom əsasında yaradıcılıqla məşğul olan əlilliyi olan şəxslərin elektron reyestrinin, daha sonra həmin reyestr əsasında onlar üçün əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur.
Tədbir ƏSA teatrının əlilliyi olan aktyorlarının ifasında təqdim edilən Moris Metterlinkin “Göy quş” tamaşa-premyerasına baxışla davam edib. Qeyd edək ki, 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılan, yeganə inklüziv teatr olan və  dünyada inklüziv incəsənət sahəsində bir ilkə  imza atan ƏSA teatrı əsasən əliliyi olan şəxslərdən ibarət aktyor heyətinə malikdir. ƏSA teatrı yarandığı gündən bu günədək dünya və Azərbaycan ədəbiyyatının şedevr əsərlərini, o cümlədən U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin əsərləri və s. uğurla səhnələşdirib.  
Teatrın təqdim etdiyi mistik-dram janrında olan və 18 aktyorun rol aldığı, 1 saat 15 dəqiqə davan edən “Göy quş” tamaşasında 20-ci əsrin əvvəllərində Belçikada kasıb bir ailənin iki uşağının xoşbəxtlik rəmzi olan Göy quşun axtarışına çıxması əhvalatından bəhs olunur. Sonda uşaqlar, onların valideynləri əsl xoşbəxtliyi kənarda deyil, öz evində, öz yurdunda axtarmağın lazım olduğunu dərk edirlər. Ümumilikdə tamaşa nikbinliyi, özünəinam hissini təşviq edir.
Tədbir iştirakçıları tamaşadan sonra səhnə arxasında əlilliyi olan aktyorlarla görüşüblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.