www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
23.11.2018

Buxarestdə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib

Buxarest (Rumıniya) şəhərində Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.

İclasın plenar sessiyasının açılışında Müştərək Komissiyanın həmsədrləri - Azərbaycan tərəfindən həmsədr, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniya tərəfindən həmsədr, Rumıniyanın Baş nazirinin strateji əməkdaşlığın həyata  keçirilməsi üzrə müavini xanım Ana Birçal çıxış ediblər.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanın bu gün regionda iqtisadi güc mərkəzinə çevrildiyini və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının uğurla davam etdirildiyini bildirib.

Nazir Azərbaycanla Rumıniya arasında diplomatik münasibətlərin 26 ilinin tamam olduğunu, 2009-cu ildə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamənin təsdiq edildiyini və bu əməkdaşlığın ildən-ilə genişləndiyini vurğulayıb. O bildirib ki, Azərbaycan Avropa üçün vacib və etibarlı tərəfdaş olaraq, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir və enerji ixrac marşrutlarının bu istiqamətdə şaxələndirilməsi üçün ardıcıl işlər görülüb. Həmçinin, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı Rumıniyanın mövqeyini, ölkəmizin Avropa və Avroatlantika strukturları ilə əlaqələrinin inkişafındakı rolunu yüksək qiymətləndirir.

İki ölkə arasında ötən dövrdə müxtəlif sahələr üzrə 56 əməkdaşlıq sənədinin imzalandığını, daha 5 sənəd layihəsinə baxılmaqda olduğunu, həmçinin parlamentlərarası əlaqələr qrupunun yaradıldığını diqqətə çatdıran S.Babayev  qeyd edib ki, iqtisadi əlaqələrin mühüm istiqaməti kimi Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi də artmaqdadır. Bu artım cari ilin 9 ayında 62,11 faiz təşkil edib. Eyni zamanda, Rumıniyaya  ixrac 94,01 faiz artıb. Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Rumıniyanın payı 1,25 faizdir.

Azərbaycanla Rumıniya arasında enerji sahəsində geniş əməkdaşlıq gündəliyindən, birgə icra olunan və Rumıniyanın enerji təchizatında önəmli dəstək olan layihələrdən bəhs edən S.Babayev eyni zamanda  SOCAR-ın 2011-ci ildə yaradılmış “SOCAR Romania S.A” şirkəti vasitəsilə Rumıniya neft məhsulları bazarında əhəmiyyətli rol oynadığını deyib. O, şirkətin Rumıniyanın 18 bölgəsində 40 yanacaqdoldurma məntəqəsinin olduğunu, onlarda 550 insanın işlə təmin edildiyini, gələcəkdə daha 20 belə məntəqənin açılmasının nəzərdə tutulduğunu deyib.

Nazir qarşılıqlı investisiya qoyuluşu, habelə kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə əməkdaşlığın genişlənməsi üçün aparılan işləri, əldə olunan uğurları da diqqətə çatdırıb.  S.Babayev bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarest şəhərindəki Rumın-Amerikan Universitetində yaradılan Azərbaycan Araşdırmalar Mərkəzində Azərbaycan dili tədris olunmaqla yanaşı, Azərbaycan tarixi və mədəniyyəti təbliğ edilir. Həmçinin Fondun dəstəyi ilə Babeş-Bolyai Universitetində Azərbaycan dili tədris olunur. Azərbaycan Dillər Universiteti (ADU) və Rumıniyanın Dil İnstitutu arasında ADU-da rumın dili, ədəbiyyatı və mədəniyyətinin tədrisinə dəstək üçün əməkdaşlıq protokolu da imzalanıb.

S.Babayev əməkdaşlığın qarşıdakı dövrdə qeyri-neft məhsullarının ixracı, Azərbaycan istehsalı olan malların təşviqi, ixrac nümayəndəliklərinin təşkili, sənaye parklarında Rumıniya şirkətlərinin iştirakının təmin olunması, birgə ixracyönümlü mebel istehsalı müəssisələrinin yaradılması, tranzit nəqli, limanlar arasında əməkdaşlığın təşkili, AZPROMO ilə birgə sərgilərin, təqdimatların keçirilməsi və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin önəmli ola biləcəyini deyib.

Xanım A.Birçal da çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya- Azərbaycan münasibətlərinə göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib. O, yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında oynadığı mühüm rolu vurğulayıb. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin vacibliyini qeyd edib. A.Birçal Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. Azərbaycan ilə Rumıniya arasında energetika sahələrində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən Ana Birçall Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası baxımından Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizinin önəmindən danışıb. Ölkəsi ilə Azərbaycan arasında əməkdaşlıq sahələrində aparılan işlərin Rumıniya iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs edib. O, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud olan potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.         

İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əlaqələrin mövcud vəziyyəti, bu sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub, təkliflər səsləndirilib.  Yekunda Müştərək Komissiyanın 5-ci iclasının nəticələrinə dair Protokol imzalanıb.

Protokolda vacib məqamlardan biri kimi qeyd olunur: “Azərbaycan tərəfi Dağlıq Qarabağ regionu daxil olmaqla işğal olunmuş ərazilərdə istehsal edilən və ya Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki sərvətlərdən istifadə yolu ilə istehsal edilən məhsul və xidmətlərin Rumıniya bazarında idxalı, satışı və realizə edilməsinin, həmçinin Rumıniya şirkətlərinin bu ərazilərdə hər hansı iqtisadi fəaliyyətdə iştirakının qarşısının alınması məqsədilə Rumıniya tərəfinə müraciət edib. Tərəflər bu məqsədlə gələcəkdə məlumat  mübadiləsinin aparılmasına dair razılığa gəldilər. Rumıniya tərəfi Azərbaycan tərəfini Rumıniya dövlət qurumlarının öz fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətdən çəkindirəcəyinə əmin etdi. Bu kontekstdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti dəstəyini təsdiq etdi.”

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.