www.mlspp.gov.az
Azərbaycanca   English 19.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
26.10.2018

Məcburi köçkünlər üçün yeni salınmış “Qobu Park” yaşayış kompleksində əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə aktiv məşğulluq tədbirləri davam etdirilir. Növbəti belə tədbir kimi, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində əmək yarmarkası keçirilib.

Aktiv məşğulluq tədbirində 65 müəssisədən 462 vakant iş yeri təqdim olunub ki, onlardan  393-ü özəl, 69-u dövlət sektoruna aid müəssisələrdəndir.

Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynoviştirak ediblər.

M.Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini, sosial cəhətdən həssas qrupların, o cümlədən məcburi köçkünlərin məşğulluğunun təmin olunmasının dövlət məşğulluq orqanlarının əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Nazir müavini 2018-ci ilin 9 ayında nazirliyin məşğulluq orqanlarının xətti ilə 2349 nəfər məcburi köçkünün işlə təmin edildiyini, 186 nəfər məcburi köçkünün  peşə hazırlığına, 56 nəfər məcburi köçkünün isə ödənişli ictimai işlərə cəlb olunduğunu bildirib. M.Kərimli  qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində bu il 7 minədək şəxsin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan təsərrüfatlarının yaradılması nəzərdə tutulub ki, onlardan 1255-i məcburi köçkünlərdir. Bu da onların məşğulluğunun və kiçik ailə biznesinin yaradılmasına, sosial rifah halının yaxşılaşdırılmasına yönələn dəstəkdir. Hazırda proqram çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması üçün mal və materialların verilməsi prosesi davam etdirilir.

Nazir müavini bu əmək yarmarkasının məcburi köçkünlər üçün yeni salınmış “Qobu Park” yaşayış kompleksində təşkil olunmasının da burada yaşayan məcburi köçkünlərdən işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinə xidmət etdiyini deyib.

F.Hüseynov məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib. Məcburi köçkünlər arasında yoxsulluq həddinin son 15 ildə 75 faizdən 12 faizədək azaldığını bildirən sədr müavini respublikanın müxtəlif bölgələrində məskunlaşmış bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün layihələr həyata keçirildiyini vurğulayıb.

Qeyd olunub ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yerli və xarici qurumların həyata keçirdiyi layihələr, eyni zamanda bu il ABAD-la birgə başladılan layihə məcburi köçkünlərin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.

Sədr müavini bildirib ki, məcburi köçkünlərin iş yerləri ilə təmin olunmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təşkil olunan belə tədbirlər önəmlidir. Sayca ikinci olan əmək yarmarkasının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Yarmarkada vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri iştirak edib. İşsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı və əlavə təhsil kurslarına, ayrı-ayrı şəxslər isə haqqı ödənilən ictimai işlərə göndərilmələri üçün qeydiyyata götürülüb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.