www.mlspp.gov.az
Azərbaycanca   English 09.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
06.10.2018

7 oktyabr - Ümumdünya Layiqli Əmək Günüdür

Hər il dünyada 7 oktyabr - Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.

Layiqli əmək  - səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir. Layiqli əməyin ümumdünya məqsədinə çevrilməsi BMT-nin  İnsan Hüquqları Deklarasiyasının 23-cü maddəsində (1948), BMT-nin “2030 Dayanıqlı İnkişaf Tədbirlər Planı”nda (2015) və digər mühüm sənədlərinin müddəalarında da öz əksini tapıb.
Azərbaycan Respublikasında layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri kimi qəbul olunur. Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir.
Azərbaycan vətəndaş rifahının makroiqtisadi tərəqqinin başlıca məqsədi kimi çıxış etdiyi sosial dövlət statusunu gücləndirən ölkələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi milli inkişaf strategiyasında ölkə vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial ədalət prinsipinin üstünlüyü ön planda dayanıb.
Hazırda əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarəti sisteminin İKT-nin geniş tətbiqi ilə dünya praktikaları əsasında təkmilləşdirilməsi, həmin sistemin işçi və işəgötürənlərin qanuni mənafelərinin təminatında, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında çevik və fəal, təsirli alətlərə malik olması, məşğulluq xidmətlərinin çeşidinin və keyfiyyətinin, işsiz və işaxtaranlar, işəgötürənlər üçün əlçatanlıq səviyyəsinin yüksəldilməsi və şəffaflaşması, vahid məşğulluq portalının yaradılması, sosial təminat sistemində ünvanlılıq və şəffaflığın tam təminatı, aktiv əmək bazarı proqramlarının, özünüməşğulluq proqramının genişləndirilməsi, əmək bacarıqlarının artırılması üçün mövcud peşə tədrisi sisteminin maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində islahatlar aparılmaqdadır.
 Aparılan işlərin əsas məqsədi ölkə vətəndaşının sosial siyasətin nəticələrini öz həyatında yaxından hiss etməsinə, onun rifahına təminat yaradan bu sosial siyasətdən  layiqli şəkildə faydalana bilməsinə əlverişli şərait yaratmaqdır. Bunun üçün isə ilk növbədə dövlət sosial xidmətlərinin vətəndaşa daha yaxın və əlçatan, bu xidmətlərlə vətəndaş arasında bürokratik “sədlər”dən uzaq, tam şəffaf mühitin mövcud olması, xidmətlərdən istifadə mexanizminin çevikliyi və rahatlığı mühüm şərtdir.
Reallaşdırılan tədbirlər əmək resurslarının məşğulluq imkanlarının artırılmasında mühüm rol oynamaqla, hər il 100-120 min işçi qüvvəsinin daxil olduğu əmək bazarında sabitliyin təmin etməsinə imkan verib. Aparılan işlərin davamı olaraq, 2018-ci ilin 9 ayında 44 783 nəfər münasib işlərlə təmin olunub, 865 nəfər ödənişli ictimai işlərə göndərilib.
Prezident cənab İlham Əliyevin tapşırıqları ilə başlanılan özünüməşğulluq proqramı sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinə, onların rifah halının yaxşılaşdırılmasına yönələn siyasətdə passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına imkan verib. 2018-ci ildə 7 min ailənin bu proqramda iştirakı və ailə təsərrüfatlarını yaratmaları planlaşdırılıb. Bu il Proqrama cəlb olunmaq üçün müraciət edənlərdən 1 oktyabr tarixinə artıq 7303 nəfəri təlim kurslarına cəlb edilib və bu proses davam etdirilir. Kursları bitirənlərdən isə artıq 5855 nəfərin biznes planı qiymətləndirmə zamanı uğurlu hesab edilib. Yaxın  vaxtlarda onların aktivlərlə (mal və materiallarla) təminatı həyata keçiriləcək.
Ümumilikdə bu il 1000 nəfərdən çox əlilliyi olan şəxsin özünüməşğulluq proqramında iştirakı gözlənilir. Proqrama cəlb olunanlardan 1255 nəfərini məcburi köçkünlər, 158 nəfərini şəhid ailələrindən olanlar, 1026 nəfərini gənclər, 816 nəfərini ünvanlı dövlət sosial yardım alan ailələrin üzvləri, 388 nəfərini sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, 65 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad  olunanlar və s. təşkil edib.
Hazırda respublikamızda sosial tərəfdaşlar və Beynəlxalq Əmək Təşkilatı arasında 2016-2020-ci illər üçün bağlanılmış Layiqli Əmək üzrə Ölkə Proqramı qüvvədədir ki, bu Proqrama uyğun olaraq ölkəmizdə işçilərin layiqli əməyinin təmin edilməsi məqsədilə  əmək, məşğulluq, sosial-iqtisadi məsələlərlə bağlı kompleks tədbirlər həyata keçirilir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.