www.mlspp.gov.az
Azərbaycanca   English 17.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.10.2018

Azərbaycanla Fransa arasında sosial təminat sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Parisdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair  simpoziumda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fransanın Milli Yaşa görə Pensiya Sığortası Kassasının (CNAV) direktoru Reno Viyar ilə görüşüb.

S.Babayev ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətlərdən, əhalinin sosial müdafiəsi və təminatı sahəsində həyata keçirilən islahatlardan söz açıb. Qeyd edib ki, bu gün nazirlik tərəfindən ümumilikdə 4,8 milyon insana əmək, məşğulluq, sosial təminat, sosial sığorta üzrə 120-dən çox xidmət göstərilir. Ölkəmizdə 1,3 milyon insan əmək pensiyası alır. Bundan əlavə, 480 mindən çox insan aylıq sosial müavinətlə, 50 min ailə sosial yardımla, 63,4 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə, 15 minədək insan səyyar və stasionar sosial xidmətlərlə təmin olunur. 620 mindən çox əliliyi olan şəxsə dəstək göstərilir. Ölkənin ümumi inkişafı bu sosial təminat növlərinin artımı ilə müşahidə olunur. Nazir pensiya və müavinətlər sahələrində avtomatlaşdırılmış, tam şəffaf, müasir idarəçilik və xidmət mexanizmlərinin qurulması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması yönündə aparılan islahatlar barədə də məlumat verib.

S.Babayev bildirib ki, Fransa ilə ölkəmiz arasında sosial müdafiə sahəsində iki Tvinninq layihəsi həyata keçirilib. “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsi isə Fransanın aidiyyəti qurumları ilə birgə hazırda icra olunur. Nazir pensiya və digər müavinətlərin təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, göstərilən xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması sahələrində Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

CNAV direktoru cənab Reno Viyar ölkəsində pensiya sisteminin köhnə və çox mürəkkəb olduğunu bildirib. “Köhnə və çox mürəkkəb pensiya sistemimiz olmasına baxmayaraq hələ də işləyir. Ancaq biz pensiya sistemimizi yeniləməliyik. Azərbaycan gənc ölkədir, yeni sistem qurmusunuz. Sizin pensiya sistemi, xüsusilə də informasiya texnologiyalarından istifadə sahəsində təcrübənizi öyrənməkdə maraqlıyıq” - deyə R. Viyar diqqətə çatdırıb. O, ölkəsindəki sosial təminat sisteminin hazırki vəziyyətindən danışıb. Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılması istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduqlarını bildirib. Bu istiqamətdə mövcud imkanların reallaşdırılması üçün müvafiq işlərin aparılacağına əminliyini bildirib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.