www.mlspp.gov.az
Azərbaycanca   English 19.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
06.09.2018

Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanı əmək, məşğulluq və sosial müdafiə sahələrində modern və çevik idarəetmənin, şəffaf və operativ xidmətlərin təşkili işlərinin gücləndirilməsinə xidmət edir

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində, tam şəffaf və operativ şəkildə qurulmaqla, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sistemli islahatların mühüm bir istiqamətini təşkil edir. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixdə imzaladığı “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərman bu istiqamətdə tədbirlərin daha geniş müstəvidə davam etdirilməsinə, əmək və sosial müdafiə sahələrində modern və çevik idarəetmənin, şəffaf və operativ xidmətlərin təşkili işlərinin gücləndirilməsinə xidmət edir.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılmaqla, üç ay müddətində "e-sosial" internet portalı formalaşdırılacaq ki, bu da nazirliyin  fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsinə imkan verəcək. Belə bir portalın – "e-sosial" internet portalının yaradılması Azərbaycan Prezidenti tərəfindən  ötən ay imzalanmış “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası olaraq, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin yaradılması üçün zəruri elektron infrastrukturun formalaşmasında xüsusi önəm kəsb edir. Bu infrastruktur əsasında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim edilməsi təmin olunacaq.

Həmçinin 5 sentyabr 2018-ci il tarixli Fərmana uyğun olaraq MEİS-də altı ay müddətində məşğulluq altsisteminin qurulması məşğulluq xidmətlərinin elektron şəkildə həyata keçirilməklə təkmilləşməsinə, bu xidmətlərin operativliyinə və şəffaflığına, işsiz və işaxtaranlara daha əlçatan olmasına, məşğulluq xidmətlərinin idarəedilməsi mexanizminin səmərəli təşkilinə şərait yaradacaq. Məşğulluq altsisteminin qurulması ölkədə vahid məşğulluq portalının yaradılmasında vacib alət kimi mühüm əhəmiyyət daşıyır.

Fərmanın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalı vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə tədbirlərin görülməsi təmin olunacaq. Eyni zamanda, nazirlik Ədliyyə və Maliyyə nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində MEİS və "e-sosial" internet portalı haqqında əsasnamələrin layihələrini, habelə pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Sənəddə həmçinin müvafiq dövlət qurumları üçün bir sıra tapşırıqlar müəyyən olunub. Qeyd olunanlarla yanaşı, Fərmanla əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi üçün zəruri işlər aparılacaqdır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.