www.mlspp.gov.az
Azərbaycanca   English 22.08.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
20.07.2018

Uşaqlara yönələn sosial xidmətlərin inkişafı sahəsində UNICEF-lə birgə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların müdafiəsi, müvafiq təbəqələrdən olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sahəsində dövlət siyasətinin ildən-ilə güclənməsinə şərait yaratdığını vurğulayıb. Nazir bu sahədə fəaliyyət mexanizmlərinin, o cümlədən uşaqlarla bağlı sosial xidmət sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsində UNICEF-lə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.
Əməkdaşlıq çərçivəsində ötən dövrdə mühüm işlərin görüldüyünü diqqətə çatdıran S.Babayev birgə fəaliyyət müstəvisində hazırlanan Sosial Xidmətlər Strategiyası layihəsinin müvafiq sahədə strateji fəaliyyət istiqamətləri və hədəflərin müəyyən olunmasında önəmini vurğulayıb. O qeyd edib ki, layihədə sosial xidmətin göstərilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, bütün həssas əhali qruplarının fərdi ehtiyaclarına uyğun olaraq yeni “sosial iş modeli”nin yaradılması və tətbiqi əksini tapır. Həmçinin layihə sosial xidmət sahəsində vahid məlumat bazasının yaradılmasını, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsini və s. nəzərdə tutur. Bütün bunlar nazirlik tərəfindən hazırlanmış “2019-2023-cü illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası” layihəsində də yer alacaqdır.
S.Babayev qeyd olunan istiqamətlərdə, habelə sosial işçilərin peşəkarlıq səviyyəsinin artırılması, gənclərin bacarıqlarının inkişaf etdirilməsi, uşaq və gənclər üzrə demoqrafik təhlillərin aparılmasında ekspert dəstəyinin göstərilməsi, yeni “sosial iş modeli”nin yaradılması və tətbiqi, ailə əsaslı alternativ qayğı modelinin (foster ailə) təşviqi və digər sahələrdə əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun ola biləcəyini deyib.
E.Karvardin uşaqlarla bağlı sosial xidmət sisteminin inkişafı sahəsində birgə işlərin uğurla davam etdirilməsinin təqdirəlayiq olduğunu qeyd edib. O, gələcək əməkdaşlıq gündəliyinin əhatə dairəsinin zəruri olan iş istiqamətləri üzrə daha da genişlənəcəyini diqqətə çatdırıb.
Görüşdə uşaqlara yönələn sosial xidmətlərin inkişafı sahəsində UNICEF-lə birgə görüləcək işlər, Sosial Xidmətlər Strategiyası layihəsindən irəli gələn istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.