www.mlspp.gov.az
Azərbaycanca   English 17.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
31.05.2018

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında çıxış edib (VİDEO)

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiyada çıxış edib.
S.Babayev sessiyada müzakirə üçün təklif edilən mövzu - cəmiyyətdə qadınların hüquqlarının genişləndirilməsi və əmək bazarında imkanlarının artırılmasına dair mövzu ilə əlaqədar bildirib ki, gender bərabərliyinə nail olmaq, qadın və qızların səlahiyyətlərini artırmaq kimi qlobal məqsəd 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəlikdə də xüsusi yer tutur. Bu məqsəd beynəlxalq ictimaiyyət və hökumətlər üçün gender əsasında sosial əhəmiyyətli məsələlərin həllinə, insan kapitalının və cəmiyyətin ümumi inkişafına yönəldilmiş birgə səylərin zəruriliyini bəyan edir.
Nazir vurğulayıb ki, müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider ölkələri sırasında yer alıb. Azərbaycanda innovativ iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi uğurlu dövlət siyasətinin strateji hədəflərini təşkil edir.
S.Babayev son 15 il ərzində Ümumi Daxili Məhsulun 3,2 dəfədən çox artdığı, 1 milyon 900 mindən artıq yeni iş yerinin yaradıldığı, iqtisadiyyatına 231 milyard dollardan çox investisiya (yarısı xarici investisiya) qoyulduğu ölkəmizdə bu dövrdə əhalinin gəlirlərinin 7,1 dəfə, minimum əmək haqqının 5,2 dəfə, orta aylıq nominal əmək haqqının 6,6 dəfə artdığını, işsizlik və yoxsulluq səviyyələrinin müvafiq olaraq 9,2 və 44,7 faizdən 5 faiz səviyyəsinədək azaldığını diqqətə çatdırıb.
Nazir bildirib ki, Azərbaycanda işçi qüvvəsinin tərkibində qadınlar 48,6 faiz, məşğul əhalinin tərkibində isə 48,1 faiz təmsil olunurlar. Azərbaycanda hər 100 təhsil alana orta hesabla 47 qadın düşür. Bütün elmi işçilərin isə 53,6 faizini qadınlar təşkil edir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti qadındır. Qadınlar həm seçkili, həm də idarəetmə və məhkəmə orqanlarında kifayət qədər təmsil olunurlar.
Ölkəmizin qadın hüquqlarının müdafiəsi sahəsində demək olar ki, bütün əsas beynəlxalq sənədləri ratifikasiya etdiyini vurğulayan S.Babayev iqtisadi islahatlarda gender bərabərliyinin nəzərə alınması, o cümlədən bütün dövlət orqanlarında qərar qəbul etmə səviyyəsində qadın və kişilərin bərabər təmsilçiliyinin təmin edilməsi, bütövlükdə qadın məşğulluğu sahəsində problemlərin həlli sahəsində ölkəmizdə aparılan siyasət barədə məlumat verib.
Nazir diqqətə çatdırıb ki, BMT-nin 2030-cu ilədək Dayanıqlı inkişaf sahəsində Gündəlikdən irəli gələn öhdəliklərin səmərəli icra mexanizminin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması, könüllü olaraq 6 Dayanıqlı İnkişaf Məqsədinin, o cümlədən məhz 5-ci məqsədin icrası üzrə ilkin Hesabatın təqdim edilməsi yeni Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir.
S.Babayev Azərbaycanda əmək və məşğulluq sahəsində siyasətin BƏT-in əsas prinsipini təşkil edən üçtərəflilik (tripartizm) prinsipi, habelə BƏT-lə, digər bir çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini qeyd edib. O diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı çərçivəsində aparılan, habelə qadınların və gənclərin məşğulluq imkanlarının artırılmasına yönəlmiş bir çox layihələrin, həmçinin özünüməşğulluq proqramının icrası sahəsində BƏT-lə birgə görülən işlər ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edir. Azərbaycanın BƏT-in siyasətini müəyyən edən orqan olan İnzibati Şurada təmsil olunmaq hüququ qazanması da ölkədə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti təzahürüdür.
Nazir bildirib ki, Azərbaycan Hökuməti tərəfindən sosial tərəfdaşlarla birgə BƏT-in “Əməyin gələcəyi” əsrin təşəbbüsünə ölkə əhəmiyyətli tədbirlər keçirməklə, öz dəstəyini bildirməsi, 2018-ci il 21 may tarixində Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair Beynəlxalq Konfransın Azərbaycanda keçirilməsi, BƏT-in Baş direktoru Qay Rayderin bu Konfransda iştirakı, sözsüz ki, Azərbaycanla BƏT arasında münasibətlərdə yeni bir irəliləyişdir.
S.Babayev çıxışı zamanı vurğulayıb ki, Azərbaycan öz paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması təşəbbüsünü irəli sürüb. Nazir “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” devizi altında keçiriləcək bu tədbirin əsas fokusunun qlobal nöqteyi nəzərdən hər bir fərd, hər bir cəmiyyət və hər bir ölkə üçün böyük əhəmiyyət kəsb edən insan kapitalının inkişafına, səhiyyə, təhsil və əməyin gələcəyi məsələlərinə yönəldiləcəyini qeyd edib və fürsətdən istifadə edərək, sessiya iştirakçılarını Azərbaycanı bu təşəbbüsdə dəstəkləməyə dəvət edib.
Sosial təhlükəsizliyin sosial hüquqların inkişafını şərtləndirən əsas amillərdən olduğunu bildirən S.Babayev bildirib ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20%-nin davam edən işğalı və 1 milyondan artıq qaçqın və məcburi köçkün olmasaydı, ölkəmizdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlər daha da yüksək olardı. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə baxmayaraq, hələ də həll olunmamış hərbi münaqişə nəinki bizim ölkənin, bütün regionun iqtisadi inkişafına təsir göstərir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, habelə BƏT-in bir çox strateji məqsədlərinə nail olmaq üçün mane olan bu kimi problemlərin həlli dünya birliyinin daha böyük səylərini zəruri edir.
Azərbaycanın davamlı olaraq əmək münasibətlərinin demokratikləşməsini həyata keçirdiyini qeyd edən S.Babayev son illərdə olduğu kimi, ölkəmizdə növbəti inkişaf mərhələsində də sosial yönümlü inkişafa daha çox üstünlük veriləcəyini vurğulayıb.
Sessiyada çıxış etdikdən sonra S.Babayev BƏT-in Kommunikasiya və ictimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi Belopopskiy Aleksə və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ölkə Ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Olqa Boqdanovaya müsahibə verib.
 
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.