www.mlspp.gov.az
Azərbaycanca   English 15.08.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
30.05.2018

“Qeyri-formal əmək münasibətlərinin qarşısının alınması məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Qeyri-formal əmək münasibətlərinin qarşısının alınması məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkədə layiqli əməyin təmin olunması istiqamətində də mühüm addımların atılmasına imkan yaratdığını vurğulayıb. BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”ndan bəhs edən nazir müavini BƏT-in layiqli əmək konsepsiyasının reallaşdırılması sahəsində ölkəmizdə aparılan işləri qeyd edib.  
İ.İsayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı”na uyğun olaraq normativ hüquqi aktların, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin hər biri üzrə sosial tərəfdaşlarla fəal əməkdaşlıq müstəvisində müvafiq işlər aparılır, həmçinin təbliğat-maarifləndirmə işlərinə xüsusi önəm verilir.
Qeyri-formal məşğulluğun qeyri-formal iqtisadiyyatın tərkib hissəsi olduğunu bildirən nazir müavini qeyd edib ki, dünyanın bütün ölkələrində qeyri-formal məşğulluq mövcuddur və BƏT-ə üzv ölkələrin yalnız 47-də qeyri-formal məşğulluğun statistikası aparılır. Qanunvericiliyin tələblərinə zidd olan qeyri-formal məşğulluq vergi, sosial sığorta və digər məcburi ödənişlərin  həyata keçirilməməsinə səbəb olmaqla, nəticədə,  dövlət büdcəsi üçün böyük itkilər yaratmaqla, eyni zamanda, işçiləri cari və gələcək sosial təminat hüquqlarına malik olmaqdan məhrum edir. Yəni qeyri-formal məşğulluq sektorunda çalışan işçilərin dövlətin sosial müdafiə sisteminə çıxışı heç bir halda mümkün olmur.
İ.İsayev bu konfransın qeyri-formal məşğulluğun qarşısının alınması üçün sosial tərəfdaşlarla birgə fəaliyyətin daha səmərəli təşkili üçün beynəlxalq təcrübənin,  dünyanın qabaqcıl praktikalarından irəli gələn yanaşmaların öyrənilməsi, müvafiq mövzuda səmərəli müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müavini Cavanşir Alxasov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ölkə ofisinin əmək haqqı üzrə mütəxəssisi Nikolas Ştuder çıxış edərək, mövzu ilə bağlı fikirlərini ifadə ediblər.
İki gün davam edəcək konfransın gündəliyinə N.Ştuder tərəfindən “Bu günkü iş dünyasında qeyri-standart məşğulluq formaları”, “Beynəlxalq təcrübədə əmək münasibətləri anlayışı”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov tərəfindən “Əmək münasibətlərinin yalnış təsnifatı haqqında”, Şeffield Universitetinin professoru Yason Heys tərəfindən “Avropa İttifaqında qanunvericiliyin tətbiqinə məsul orqanların təcrübəsi” və s. mövzularda təqdimatların edilməsi, “Təcrübədə konkret halların təhlili”, “Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər” mövzularında qruplar formatında müzakirələrin aparılması daxildir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.