www.mlspp.gov.az
Azərbaycanca   English 15.08.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
22.05.2018

Özbəkistanla əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər gəlmiş Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevlə görüşüb.
Azərbaycanla Özbəkistan arasında tarixi qardaşlıq münasibətləri üzərində əlaqələrin daim inkişaf etdiyini vurğulayan S.Babayev milli iqtisadiyyatın dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə aparılan siyasətin, eyni zamanda, əmək resurslarının səmərəli məşğulluğunun təminatı prinsipinə əsaslandığını qeyd edib. Nazir bu istiqamətdə əldə olunan nailiyyətlər, işçi qüvvəsinin daim dəyişən əmək bazarının tələblərinə uyğun olaraq rəqabət qabiliyyətinin artırılması, əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib. O, məşğulluq xidmətlərinin təkmilləşdirilməsinin və əmək bazarında rolunun artırılmasının da əsas hədəflərdən olduğunu qeyd edib. S.Babayev İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.
Görüş zamanı S.Babayev Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyinin Özbəkistan tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Ş.Kudbiyev Özbəkistanda əmək bazarında mövcud vəziyyətdən, ölkəsində işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı məqsədilə həyata keçirilən aktiv tədbirlərdən, aparılan məşğulluq siyasətinin əsas istiqamətlərindən bəhs edib.
Görüşdə ikitərəfli əməkdaşlığın, qarşılıqlı təcrübə mübadilələrinin daha geniş müstəvidə qurulması üçün yaxşı imkanların mövcud olduğu, bu imkanların reallaşdırılması üçün tərəflərin müvafiq səylər göstərəcəkləri vurğulanıb. Həmçinin, gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədin də hazırlanmasına dair yekdil fikir ifadə olunub.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.