www.mlspp.gov.az
Azərbaycanca   English 19.09.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
16.05.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb

Sahil Babayev: Məşğulluğun təminatında, inklüziv əmək bazarının inkişafında, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasında biznes qurumları ilə sosial tərəfdaşlıq müstəvisində birgə səylər artırılmalıdır
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), ölkəmizdə fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, ticarət palatalarının, istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi islahatlar proqramının milli iqtisadiyyatın postneft dövründə də dayanıqlı inkişafa təminat yaratdığını vurğulayıb. Nazir bildirib ki, xüsusilə biznes və investisiya mühitinin yaxşılaşmasına və şəffaflaşmasına, sahibkarların maliyyə-institusonal dəstəklə əhatə olunmasına yönələn ardıcıl və kompleks tədbirlər özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin 80 faizi ötməsinə səbəb olub. S.Babayev hökumətlə həmkarlar və işəgötürənlər təşkilatları arasında sosial tərəfdaşlığın xüsusi önəmini diqqətə çatdırıb və qeyd edib ki, hazırda fəaliyyət göstərən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya bu sahədə qarşıda duran məsələlərin həlli yönündə birgə fəaliyyəti təmin edir.
Nazir vurğulayıb ki, bununla belə, sosial tərəfdaşlarla, o cümlədən işəgötürənlər olaraq biznes strukturları ilə əməkdaşlığın daha da gücləndirilməsi zəruridir: “Hazırda qarşımızda duran əsas vəzifələrdən biri muzdla, yəni əmək müqaviləsi əsasında çalışan məşğul əhalinin sayını artırmaqdır. Ölkədə pensiyaçıların sayının getdikcə artmasına adekvat olaraq həmin göstəricinin ilkin mərhələdə dünya üzrə orta göstərici olan həddə çatdırılmasını, ümumilikdə gələcəkdə bütün əmək münasibətlərinin leqal müstəvidə qurulmasını, işçilərin əmək haqlarının reallıqda olduğundan az rəsmiləşdirilməsi hallarına son qoyulmasını əməkdaşlığımızda başlıca hədəflərdən biri kimi müəyyən etməliyik. Bu, işçilərin gələcək sosial təminat hüquqlarının formalaşması ilə yanaşı, sosial sığorta daxilolmalarının əhəmiyyətli şəkildə artırılması nəticəsində vətəndaşlarımızın pensiya və müavinət təminatının daha da gücləndirilməsi baxımından olduqca vacibdir. Təbii ki, qeyri-leqal əmək münasibətlərinə görə inzibati tədbirlərə, müxtəlif cərimə mexanizmlərinin tətbiqinə ehtiyac qalmadan, biz ilk növbədə bu istiqamətdə sahibkarlarla çox səmərəli əməkdaşlığın həyata keçiriləcəyinə və müsbət nəticələrin əldə olunacağına inanırıq”.
S.Babayev bu gün əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası sahəsində nazirlik tərəfindən müvafiq işlərin aparıldığını qeyd edib: “Doğrudur, özəl sektorda da əlilliyi olan şəxslərin işlə təmin edilməsi barədə bir çox nümunələr vardır. Amma biz istəyirik ki, ölkəmizin sahibkarları bu sahədə - əlilliyi olan şəxslərin onlar üçün münasib olan iş yerləri ilə təminatında korporativ sosial məsuliyyət prinsipinin təminatı mövqeyindən daha fəal rol oynasınlar. Hesab edirəm ki, hər bir sahibkar öz müəssisəsində imkan olduğu qədər sayda əlilliyi olan şəxslərin məşğulluğunu təmin etməklə sosial məsələlərin həllinə öz dəyərli töhfələrini vermiş olar. Təcrübə də göstərir ki, əlilliyi olan insanlar hər hansı müəssisədə işə qəbul olunduqları halda daha əzmkarlıqla çalışır, göstərilən inamı layiqli şəkildə doğruldurlar”.
Özünüməşğulluq proqramının icrası işlərindən bəhs edən nazir bu sahədə də biznes qurumları ilə əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb: “Həmin proqram aztəminatlı ailələrin sosial yardımdan asılılığının aradan qaldırılmasına, onların kiçik biznesə çıxışına imkan verir. Sahibkarlarımız da alternativ olaraq müvafiq iş sferalarında mümkün olduğu qədər aztəminatlı ailələrin kiçik biznesini qurmalarına şərait yarada bilərlər. Bu sahədə aidiyyəti informasiyaları, habelə biznesin təşkili üzrə təlim kursu keçmiş şəxslər barədə məlumatları nazirlikdən almaq olar”.
S.Babayev aktiv məşğulluq tədbirlərinin təşkilində sahibkarların dəstəyini yüksək dəyərləndirib, əmək yarmarkalarının təşkili, vakansiyalar barədə məlumatların məşğulluq orqanlarına təqdim edilməsi və digər sahələrdə biznes qurumları ilə əməkdaşlığın daha səmərəli və məqsədyönlü qurulmasının vacibliyini diqqətə çatdırıb:
“Ümumilikdə məşğulluğun təminatında, inklüziv əmək bazarının inkişafında, qeyri-leqal məşğulluq hallarının leqallaşdırılmasında biznes qurumları ilə sosial tərəfdaşlıq müstəvisində birgə səylər artırılmalıdır”.
ASK-nın prezidenti Məmməd Musayev hazırkı görüşün hökumətlə biznes strukturları arasında əmək bazarının tənzimlənməsi, layiqli əməyin təminatı, əmək bazarı iştirakçılarının maraq və mənafelərinin təminatı istiqamətində fəal əməkdaşlığın bir təzahürü kimi faydalı olduğunu vurğulayıb. O, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyət müstəvisinin genişləndirilməsinin məqsədyönlü ola biləcəyini qeyd edib.
Biznes qurumlarının nümayəndələri sahibkarlığın dəstəklənməsi sahəsində aparılan uğurlu dövlət siyasətindən məmnunluq ifadə edib, sosial məsələlərin həllində hökumətlə əməkdaşlığı genişləndirmək əzmində olduqlarını diqqətə çatdırıblar.
Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər qeyd edilib, biznes qurumlarının sualları cavablandırılıb. Görüşdə qarşılıqlı məlumat mübadiləsi və biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.