www.mlspp.gov.az
Azərbaycanca   English 22.05.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib                    Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
04.05.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında  gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və  BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai arasında tanışlıq görüşü olub.   
S.Babayev BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı Azərbaycanda fəal və məqsədyönlü siyasət aparıldığını qeyd edib, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu Məqsədlərin həyata keçirilməsi sahəsində uğurlu addımların atılmasına imkan yaratdığını vurğulayıb. Nazir ötən dövrdə BMT İnkişaf Proqramı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs edib, həmin layihələrin milli sosial müdafiə sisteminin inkişafı, habelə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi sahələrində aparılan işlərə öz töhfəsini verdiyini bildirib.
S.Babayev hazırda təşkilatla birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinin davam etdirildiyini, gələcəkdə aktiv əmək bazarı proqramlarının təşkili sahəsində birgə işlərin miqyasının genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Q.İsakzai ölkəmizdə milli inkişaf prioritetlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasının, bu Məqsədlərə, o cümlədən hər kəs üçün səmərəli məşğulluq imkanlarının yaradılmasına doğru praktik fəaliyyət müstəvisində mühüm işlərin aparılmasının təqdirəlayiq olduğunu vurğulayıb. O, aktiv məşğulluq tədbirlərinin  təşkili və genişləndirilməsi sahəsində nazirliklə əməkdaşlıq təcrübəsinin davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.