www.mlspp.gov.az
Azərbaycanca   English 21.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

İctimaiyyətlə əlaqələr / Xəbərlər
12.04.2018

“Dayağımıza, güvəncimizə, himayədarımıza bir daha etimad göstərdik”

“Qocalar evi”nin sakinləri Prezident seçkilərində fəal iştirak edərək sabitlik və inkişafa, uğurlu gələcəyə səs verdilər
 
Aprelin 11-i Azərbaycan dövlətinin və xalqımızın həyatında əlamətdar tarixi və siyasi hadisə olan Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və bu seçkilərlə ölkəmizin demokratik inkişafında növbəti mühüm addımın atıldığı bir gün kimi yadda qaldı. Seçicilərin fəallığı və mütəşəkkilliyi şəraitində keçən, ölkəmizdə şəffaf, demokratik seçki ənənəsinin formalaşdığını bir daha dünyaya nümayiş etdirən bu seçkilərdə ölkə vətəndaşları sırasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin (Qocalar evi) sakinləri də fəal iştirak edərək, səs vermək hüquqlarını reallaşdırdılar.
 
113 nəfər üçün daşınar seçki qutusu
 
Azərbaycan dövlətinin daim güclənən sosial siyasətini xarakterizə edən əsas cəhətlər sırasında ağsaqqal, ağbirçək insanlara qayğıkeş münasibət göstərilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, layiqli ömür sürmələrinin təmin edilməsi üçün məqsədyönlü tədbirlərin görülməsi mühüm yer tutur. Xüsusən də dövlətimiz bu təbəqədən olan, lakin müxtəlif səbəblərdən tənha və köməksiz qalmağa məhkum olmuş insanlara dayaq durur, onların ehtiyac duyduqları diqqət və qayğı ilə təmin edilmələri üçün müvafiq tədbirlərin görülməsini təmin edir. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də bunun əyani nümunəsidir.
Bütün seçkilərdə olduğu kimi, aprelin 11-ində ölkəmizdə keçirilən Prezident seçkilərində də bu müəssisənin sakinlərinin səsvermə hüquqlarından rahat şəkildə istifadə etmələri üçün lazımi şərait yaradılıb. Biz müəssisədə olarkən burada yaşayan insanların seçkilərdə iştirak etmələrindən dolayı sanki bir bayram əhvali-ruhiyyəsi keçirdiklərinin şahidi olduq.
Müəssisənin direktoru Qətibə Əsədova bizimlə söhbətində bildirdi ki, burada hazırda 222 nəfər pensiya yaşında olan şəxs yaşayır. Onlardan 113 nəfərinin səhhətləri nəzərə alınmaqla elə müəssisənin özündə səs vermələri üçün müvafiq seçki məntəqəsinə müraciət edilib və daşınar seçki qutuları müəssisəyə gətirilməklə onlar burada səs verdilər. Qalan 109 nəfər şəxs isə qeydiyyatda olduqları ünvanlar üzrə seçki məntəqələrində, həmçinin onlardan bir hissəsi yaxınlıqdakı seçki məntəqələrində seçkiyə qatılıblar.
Q.Əsədova vurğuladı ki, əvvəlki dövrlərdə bütün seçkilərdə müəssisənin sakinləri fəallıqları, mütəşəkkil olmaları ilə seçiliblər, bu dəfə də belə oldu: “Məlum olduğu kimi, ölkəmizin gələcək taleyinin müəyyənləşdirilməsində Prezident seçkiləri xüsusi əhəmiyyətə malikdir. Həm də bu gün Azərbaycan demokratik, azad seçkilərin keçirildiyi bir ölkədir. Ona görə də seçicilər seçkilərdə daim fəal iştirak edirlər. Ölkədə baş verən ictimai-siyasi proseslərə heç vaxt biganə qalmayan bizim müəssisənin sakinləri də Prezident seçkilərində böyük həvəslə iştirak etdilər və Azərbaycanın uzunmüddətli inkişafı naminə ən layiqli namizədə səs verdiklərindən məmnunluq hissi keçirdilər”.
Bizimlə söhbətdə müəssisənin sakini Davud Əliyev bildirdi ki, Azərbaycan dövləti və xalqı demokratiya yolu ilə inamla irəliləyir. Prezident seçkilərinin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi də bunu təsdiq edir: “Son 15 ildə Azərbaycanımız çox böyük inkişaf yolu keçib. İqtisadiyyatımız xeyli güclənib, eyni zamanda ordumuz indi dünyada qüdrətli ordulardan biridir ki, bundan fərəhli heç nə ola bilməz. Ömrümün ixtiyar çağında mən bunları görəndə çox böyük iftixar hissi keçirirəm. Eyni zamanda təkcə Bakı yox, ölkəmizi bütün rayon və şəhərlərində inkişaf prosesləri gedir. Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Əhalinin yaşayış səviyyəsi də daim yaxşılaşır. Bunun üçün dövlətimiz tərəfindən çox uğurlu siyasət aparılır, həmçinin əmək haqları, pensiyalar, müavinətlər, təqaüdlər hər il artırılır ki, bu da əhalinin gəlirlərinin çoxalmasına səbəb olur və yaşayışına müsbət təsir edir. Elə bu ilin fevral ayında da imzalanan Fərman və Sərəncamlarla əmək pensiyaları, aylıq və birdəfəlik sosial müavinətlər, Prezidentin təqaüdləri növbəti dəfə artırıldı. Yəni bütün səylər ona yönəlib ki, Azərbaycan vətəndaşı yaxşı yaşasın, sosial sahədə problemlər olmasın. Biz də bunu yaxşı görürük və bir ahıl vətəndaş olaraq düzgün dəyərləndiririk. Mən də bax bu amili nəzərə alaraq prezidentliyə ən layilqi namizəd olan şəxsə -cənab İlham Əliyevə səs verdim”.
Səsvermədə iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd edən digər sakin Həbib Qəmbərov dedi: “Mən də bu gün öz vətəndaşlıq borcumu ödədiyim. Prezident seçkilərində iştirak etdiyim üçün özümü xoşbəxt sayır və bundan, xüsusilə də bu seçkilərdə ölkəmizin firavan gələcəyi üçün böyük və uğurlu siyasət aparan namizədə -cənab İlham Əliyevə səs verdiyim üçün qürur duyuram”.
 
Seçki məntəqələrinə böyük axın
 
Prezident seçkilərində iştirakın müəssisənin sakinlərinə bəxş etdiyi məmnunluq hissinin əsasında isə ilk növbədə dövlətin bu insanlara xüsusi qayğısı, onların bir vətəndaş kimi hüquqlarının dolğun şəkildə təminatı üçün görülən işlər dayanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ 1998-ci ildə həmin müəssisədə ahıl insanlarla görüşündə söylədiyi «Əmin ola bilərsiniz ki, sizin həyatınız, yaşayışınız daim bizim, Prezidentin qayğısı altındadır və bundan sonra da belə olacaqdır» sözləri real həyatda öz təsdiqini tapıb. Ölkəmizdə sosial siyasət kursunun ildən-ilə güclənməsi şəraitində sosial xidmət müəssisələrində, o cümlədən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan vətəndaşların da sosial hüquqlarının dolğun şəkildə reallaşdırılması, rifah halının yaxşılaşdırılması, hərtərəfli təminatlarının artırılması yönündə ardıcıl tədbirlər həyata keçirilib.
Son illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığı əsasında Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində əsaslı təmir və geniş yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən 5 mərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq sakinlərin istifadəsinə təqdim olunub. Hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin edilib. Sakinlər kompleks sosial-məişət və tibbi xidmətlərlə təmin edilirlər. Asudə vaxtlarını mənalı keçirmələri üçün kitabxana və idman zalları, özünüməşğulluq fəaliyyəti, müəyyən əl işləri hazırlamaları üçün emalatxanalar onların istifadəsindədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük hümanizm nümunəsi olan nəcib layihələri bu sosial xidmət müəssisəsini də əhatə edir və burada tez-tez humanitar məqsədli tədbirlər həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın tez-tez bu müəssisəyə gələrək, ahıl, ağbirçək insanlarla görüşməsi, həmsöhbət olması dövlət himayəsində olan bu insanların qəlbinə fərəh və qürur hissləri bəxş edir.
Sakinlərdən Zəminə Əliyeva ilə də həmsöhbət olduq. O qeyd etdi ki, neçə nəfər şəxsin Prezidentliyə namizəd kimi qeydə alınmasından asılı olmayaraq, hər bir vətəndaş istəyir ki, Azərbaycanda özünü göstərən bu inkişaf prosesləri, əmin-amanlıq, sabitlik davam etsin: “Ona görə də bütün seçicilər, o cümlədən mən bu inkişaf proseslərinin, əmin-amanlığın, sabitliyin, təhlükəsizliyin bundan sonra da davam etməsini, ölkəmizin gələcəkdə də yeni-yeni böyük uğurlar qazanmasını təmin edəcək namizədə-cənab İlham Əliyevə səs verdik. Bu seçimimə görə də çox məmnunam. Çünki hesab edirəm ki, ölkənin inkişafı, xoşbəxt gələcəyi üçün aparılan siyasətə səs verib dəstəkləmək də elə ölkəyə xeyir verməyin bir formasıdır”.
Məleykə Quluzadə isə elə səhər saatlarında müvafiq seçki məntəqəsinə gedərək səs verdiyini bildirdi: “Məntəqə açılandan iki saat sonra mən səs verdim. İnsanlar axın-axın məntəqəyə gəlib azad şəkildə səs verirdilər. Mən də həmişə qəlbimdə böyük inam hissi bəslədiyim, xalqa bağlı olan, biz ahıllara həmişə qayğıkeş münasibət göstərən namizədə səs verdim. Ondan da çox razıyıq ki, seçki çox şəffaf, demokratik şəraitdə keçirdi. Bundan ötrü bütün lazımi işlər aparılmış, eyni zamanda seçicilərin istədiyi namizədə səs verməsi üçün uyğun şərait yaradılmışdı”.
Elmira Əliyeva da seçkilərin demokratik, şəffaf təşkil olunmasından, hər bir seçicinin sərbəst şəkildə səs verməsi üçün yaradılan şəraitdən çox razı qaldığını ifadə etdi: “Mənimlə birgə seçki məntəqəsinə səs verməyə gələnlərin hər birində xoş əhvali-ruhiyyə, nikbinlik gördüm. İnsanlar seçkilərə əsl bayram ovqatı ilə gəlirdilər. Hətta ailəvi olaraq, bütün ailə üzvləri ilə gəlib səs verənləri gördüm. Bir vətəndaş kimi çox sevinirəm ki, Azərbaycanın belə demokratik seçki təcrübəsi vardır. Seçicilər həvəslə gedib səs verir və bundan məmnunluq duyğusu keçirirlər”.
 
Ahılların seçim ünvanı dəyişməzdir
 
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin digər sakini Xanım Hümbətovanın dediklərindən: “Əvvəla, dövlətimə, dövlətimizin rəhbərinə çox təşəkkür edirəm ki, bizim üçün bu müəssisədə çox rahat şərait yaradılıb və bizə daim mehriban münasibət vardır. Burada özümüzü daim yüksək qayğı əhatəsində hiss edirik. Bir vətəndaş kimi mənim borcum da dövlətimiz üçün vacib olan bir tədbirdə - seçkilərdə fəal iştirak etmək, səs verməkdir. Bizim seçki məntəqəmiz çox uzaqda deyil və bu gün də elə səhər tezdən digər qocalarla birgə rahat şəkildə gedib səs verdik”.
Mina Abakarova isə bildirdi ki, xeyli insan səsverməyə gəlmişdi: “Məntəqədə elə şərait yaradılmışdı ki, hər kəs rahat, sərbəst, normal şəkildə səs versin. Mən də əvvəlki Prezident seçkilərində olduğu kimi, bu dəfə də gözəl Vətənimizin təhlükəsiz həyatına, əmin-amanlığına, xoşbəxt gələcəyinə, bunların etibarlı təminatçısı cənab İlham Əliyevə səs verdim. Bundan gözəl, uyğun seçim ola bilməzdi və bu seçimimdən də çox razıyam”. Həmsöhbətlərim onu da qeyd etdilər ki, əlil arabasında olan seçicilər üçün seçki məntəqəsində pandus da quraşdırılmışdı, bu da əlilliyi olan seçicilərin seçkilərdə rahat iştirakına şərait yaradılması baxımından çox təqdirəlayiq addımdır.
Söhbət əsnasında sakinlər bildirdilər ki, dinamik inkişaf yolunda olan müstəqil Azərbaycan dövlətinin sosial sahədə apardığı siyasət bir daha onu göstərir ki, bu ölkədə dövlətin gördüyü bütün işlər xalqın rifahına, onun maraq və mənafelərinin təminatına xidmət edir. Bu müəssisədə yaşayan insanlar da bunu öz yaşayışlarında aydın şəkildə hiss edirlər. Əvvəllərdə tənhalıqdan çox xiffət çəksələr də, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin qayğısı nəticəsində bu xiffət hissi arxada qalıb və indi onlar heç də özlərini tənha hiss etmirlər, bu evdə mehriban bir ailə kimi, qayğı mühitində yaşayırlar.
Müəssisənin sakinlərindən Eldəniz Xəlilov, Mahmud Qayıbov, Kəklik Məmmədova, Fatma Musayeva, Nina Kalmakarova, Araz Qasımov və digərləri səhhətləri nəzərə alınmaqla müəssisənin elə özündə səs verdiklərini qeyd etdilər. E.Xəlilov bildirdi ki, yataq xəstəsi olan, bu səbəbdən seçki günü səhhətinə görə səs vermək üçün seçki məntəqəsinə gedə bilməyən seçicilərin də səs vermək hüquqlarının reallaşdırılması üçün yaradılan şəraitdən çox razıdır: “Beləliklə də daşınar seçki qutuları buraya gətirilməklə yaşadığımız ünvanda bizim səs vermək hüquqlarımız təmin edilib. Bu da hər bir vətəndaşın hüquqlarına, o cümlədən səsvermə hüququna hörmətlə yanaşıldığını göstərir. Bütün bunlara görə minnətdaram. Hansı namizədə səs vermək məsələsinə qalanda, bu barədə çox fikirləşməyə ehtiyac yox idi, çünki mən də, burada yaşayan bütün insanlar da Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli davamçısı olan cənab İlham Əliyevdən daim diqqət və qayğı görmüşük. Bu da bizim seçimimizi müəyyən edən əsas amildir”.
M.Qayıbov isə dedi: “Elə bir sahə yoxdur ki, həmin sahədə inkişaf təmin edilməsin. Görün ölkədə nə qədər böyük işlər görülüb. Eyni zamanda, uşağa da qayğı var, cavana da, qocaya da. Xalqımız da qədirbilən, ağı qaradan seçəndir, həmişə də ölkənin, əhalinin xeyrinə olan, bizi irəliyə aparan siyasətə tərəfdar çıxıb, dəstəkləyib. Bu seçkilərdə də bunun şahidi olduq”.
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri söhbət zamanı bir fikri yekdilliklə vurğuladılar ki, Azərbaycan xalqı əvvəlki Prezident seçkilərində olduğu kimi, bu seçkidə də öz gələcəyini kimə etibar etmək sualının cavabını çox yaxşı bildiyini göstərdi: yalnız İlham Əliyev!
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.