www.mlspp.gov.az
Azərbaycanca   English 21.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

İctimaiyyətlə əlaqələr / Xəbərlər
29.03.2018

Bakıda “Beynəlxalq Əmək Standartları və Bərabərlik” mövzusunda konfrans keçirilir

Bakıda əmək sahəsində beynəlxalq standartların və bərabərlik prinsplərinin təmin olunması məsələlərinin müzakirəsinə həsr olunmuş “Beynəlxalq Əmək Standartları və Bərabərlik” mövzusunda konfrans öz işinə başlayıb. İki gün davam edəcək konfransda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa  Sosial Xartiyası departamentinin nümayəndələri iştirak edir.

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu islahatlar proqramının ölkənin əmək bazarında da inkişaf proseslərinə imkan yaratdığını vurğulayıb. Əmək münasibətlərində beynəlxalq əmək standartlarının, bu standartlardan irəli gələn bərabərlik prinsiplərinin tətbiqi yönündə də ötən dövrdə mühüm addımların atıldığını qeyd edən nazir müavini Azərbaycanın BƏT-in əmək və məşğulluq sahəsində əsas hüquqları əhatə edən 58 Konvensiyasına qoşulduğunu, BƏT-lə sıx əməkdaşlığın həyata keçirildiyini, ötən il ölkəmizin bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazandığını diqqətə çatdırıb. O, ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində, sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılmasında, özünüməşğulluq proqramının icrasında, işsizlikdən sığorta sisteminin tətbiqində və s. BƏT-in dəstək verdiyini, hazırda BƏT-lə birgə ikinci proqram olmaqla “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icra edildiyini vurğulayıb.

İ.İsayev bildirib ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib: “Makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb. Son on il ərzində ölkəmizdə minimum əmək haqqının səviyyəsi 2,2 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 2,4 dəfə artıb. Nəticə etibarilə, ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enib”.

İ.İsayev vurğulayıb ki, sosial baxımdan iqtisadiyyatın artımı ilə əmək haqqının artımı arasında birbaşa əlaqə olmalıdır: “Bu birbaşa əlaqənin olması hər bir işləyən şəxsin ölkə üzrə iqtisadi artımı özünün əmək haqqı məbləğində hiss etməsinə imkan verir. Azərbaycanda da son 15 ildə ÜDM-nin artım tempi (3,2 dəfə) əmək haqqının artım tempi (3,3 dəfə) ilə, demək olar ki, üst-üstə düşür. Növbəti addım kimi, 2018-ci ilin yanvar ayından ölkəmizdə minimum əmək haqqının məbləği 12,06 faiz artırılıb ki, bu da bir daha ölkədə sosial siyasətin ildən-ilə gücləndiyindən, bundan sonra da həmin həddin artırılması siyasətinin davam edəcəyindən xəbər verir”.

Ölkədə əmək münasibətləri sahəsində qadınların kişilərlə bərabər hüquqlara malik olduğunu vurğulayan nazir müavini qeyd edib ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına görə, muzdla işləyənlərin təxminən 47 faizini  qadınlar təşkil edir. Onlardan 56,7 faizi iqtisadiyyatın təhsil və səhiyyə sahələrində çalışır: “Muzdla işləyənlər arasında 40-60 yaşlarda olan qadınların xüsusi çəkisi həmin yaşlarda muzdla işləyən kişilərin xüsusi çəkisindən orta hesabla 9,2 faiz çoxdur. 50-55 yaş arasında olan qadınların muzdla işləyən bütün qadınların sayında xüsusi çəkisi  (12,8 faizi) daha yüksəkdir. Muzdla işləyən kişilərdə isə ən yüksək (18,1%) xüsusi çəki 25-30 yaş arasındadır. Cins nisbətinə diqqət yetirsək,  görərik ki, muzdla çalışan qadınlar arasında ali təhsilli şəxslərin xüsusi çəkisi kişilərə nisbətən 2 faiz çoxdur. Orta ixtisas təhsilli muzdla işləyənlərin 60,5 faizini, təhsilin magistratura pilləsini bitirmiş muzdla işləyənlərin 52,3 faizini qadınlar təşkil edir. Bu göstəricilər eyni zamanda, təhsilin qadınların əmək bazarında yer tapmasının əsas şərti olduğunu göstərir”.

İ.İsayev diqqətə çatdırıb ki, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Nazir müavini ölkəmizdə əmək və məşğulluq sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsinin təkcə BƏT-in Konvensiyaları əsasında  deyil, eləcə də Avropa standartlarına uyğun olaraq həyata keçirildiyini vurğulayıb: “Bu baxımdan son dövrlərdə ölkəmizdə Dəyişdirilmiş Avropa Sosial Xartiyasına uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində qadınların məşğulluq imkanlarının genişləndirilməsi səylərimiz sosial partnyorların və ictimaiyyətin maraq dairəsində olub”.   

İ.İsayev əməyin ödənilməsində qeyri-bərabərliyin aradan qaldırılmasının ölkəmizin də qoşulduğu BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindəki hədəflər sırasında olduğunu vurğulayıb. O, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasının, qeyri-formal əmək ödənişlərinin rəsmiləşdirilməsinin, işçilərin peşəkarlıq və ixtisas səviyyələrinin artırılmasının, əmək bazarı daha çox təhsilli, yüksək ixtisaslı kadrlarla təmin olunmasının  əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılması üçün vacib məsələlərdən olduğunu və bu amillərin əmək məhsuldarlığının artımı baxımından da önəm kəsb etdiyini bildirib. İş yerlərinin optimallaşdırılmasının əmək haqqının artımı üçün önəmli vacib şərlərdən olduğunu qeyd edən nazir müavini bu sahədə, həmçinin büdcə-vergi və sosial sığorta sahəsində aparılan siyasətin təkmilləşdirilməsi yönündə görülən tədbirləri, mövzu ilə bağlı bir sıra təkliflərini diqqətə çatdırıb.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov özəl sektorda əməyin ödənilməsi sahəsində mövcud vəziyyətlə bağlı fikirlərini bildirib, məhsuldar əməyin təmin olunmasında işçilərə ödənilən əmək haqqı məbləğlərinin səviyyəsinin mühüm rolunu qeyd edib. AHİK sədrinin müavini Cavanşir Alxasov  iş yerlərində layiqli əməyin təmin olunmasının, əmək münasibətlərində bərabər yanaşmaların həyata keçirilməsinin, işçilərin əməyinin ödənilməsində bərabərsizliyin qarşısının alınmasının həmkarlar təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən işləri diqqətə çatdırıb. 

BƏT-in Layiqli əmək üzrə Texniki Dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin baş mütəxəssisi Lejo Sibbel və Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ötən dövrdə Azərbaycanda milli qanunvericiliyin beynəlxalq əmək normalarına, sosial hüquqlar sisteminə uyğunlaşdırılması, habelə əmək haqqı siyasətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Konfransın gündəliyinə BƏT-in Layiqli əmək üzrə Texniki Dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin baş mütəxəssisləri Lejo Sibbel və Valentin Mokanu tərəfindən “BƏT-in Beynəlxalq Əmək Standartları barədə qısa məlumat”, “Bərabərlik və ayrı-seçkiliyin qarşısının alınması sahəsində BƏT-in standartları”, “Qadınların məşğulluğunun təşviq edilməsi”, “İş şəraitinin yaxşılaşdırılmasında  gender bərabərliyi və ayrı-seçkiliyin qarşısının alnmasının rolu”, “İş yerinin uyğunluğunun təşviqində sosial dialoqun rolu”, Avropa Şurasının nümayəndəsi tərəfindən “Dəyişdirilmiş Avropa Sosial Xartiyası barədə qısa məlumat”, “Dəyişdirilmiş Avropa Sosial Xartiyasında bərabərlik və ayrı-seçkiliyin qarşısının alnması üzrə standartlar” mövzularında təqdimatların edilməsi, qrup işi formatında moderator müzakirələrin aparılması daxildir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.