www.mlspp.gov.az
Azərbaycanca   English 23.07.2018 - cı il
Xəbər lenti

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq                   Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

İctimaiyyətlə əlaqələr / Xəbərlər
28.03.2018

Azərbaycanda sosial hüquqlar sisteminin Avropa Sosial Xartiyasına uyğun təkmilləşdirilməsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ilə görüş olub. Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes də iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkənin ümumi inkişafının sosialyönümlü olduğunu, əldə edilən iqtisadi dividentlərin ilk növbədə sosial məqsədlərə yönəldiyini vurğulayıb: “Eyni zamanda, Azərbaycan sosial dövlət olaraq, sosial hüquqlar sistemini və bu hüquqların müdafiəsi mexanizmini müasir dünya təcrübəsi əsasında, mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan qısa müddət sonra, 2001-ci ilin oktyabr ayında insanların sosial və iqtisadi hüquqlarının qorunması üzrə Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Avropa Sosial Xartiyasına qoşulması da bunu aydın şəkildə göstərir. Ötən müddətdə ölkəmiz 31 maddədən və əlavələrdən ibarət olan Xartiyanın mütləq xarakter daşıyan əsas maddələrini, ümumilikdə 18 maddəsini ratifikasiya edib”.
Nazir bildirib ki, Avropa Sosial Xartiyasının ölkəmiz tərəfindən ratifikasiya olunmuş maddələri əmək, təşkilatlanma, kollektiv müqavilələr bağlamaq, uşaq və gənclərin müdafiəsi, ailənin sosial, hüquqi, iqtisadi müdafiəsi, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və s. ilə bağlı hüquqları əhatə edir. Həmin maddələr əsasında milli qanunvericilikdə müvafiq təkmilləşdirmələr aparılıb. Qarşıdakı dövrdə də bu istiqamətdə işlər davam etdiriləcək: “Bu gün Azərbaycanın inkişafını və müasir dövlət olduğunu səciyyələndirən əsas cəhətlərdən biri kimi, ölkəmiz dünya hüquq sistemlərində mövcud olan mütərəqqi dəyərləri, təşəbbüsləri daim bölüşür, o cümlədən insanların sosial hüquqları ilə bağlı qabaqcıl beynəlxalq təcrübədən irəli gələn normalara tərəfdar çıxır. Hazırda Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə və s. sahələrdə də hər bir cəmiyyət üzvü üçün bərabər imkanlar yaradan sosial qanunvericilik bazası, həmçinin vətəndaşların sosial və iqtisadi hüquqlarının təmin edilməsi üçün institisional və hüquqi əsaslar vardır. Təbii ki, ölkəmiz inkişaf etdikcə, milli sosial hüquqlar sisteminin təkmilləşdirilməsi, eləcə də əhalinin ayrı-ayrı qrupları üçün təminat səviyyəsinin artırılması istiqamətində proseslər davam etdirilir. Bu mənada gələcəkdə də Avropa Sosial Xartiyasının digər bir sıra maddələrinin ratifikasiyası ilə bağlı məsələlərə baxıla bilər”.
S.Müslümov ölkəmizdə sosial hüquqlar sisteminin inkişaf etdirilməsində Avropa Şurasına üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planından irəli gələn prinsiplərin də daim diqqətdə saxlanıldığını vurğulayıb. Nazir əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, bu sahədə aktiv tədbirlərin geniş tətbiqi yönündə aparılan işlər barədə də məlumat verib. O, Azərbaycanda yeni çağırışlara cavab verən və geniş əhatəliliyə malik olan, etibarlı sosial müdafiə sisteminin formalaşdırıldığını diqqətə çatdırıb. S.Müslümov həmçinin əmək, sosial təminat, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılmış elektron sistemləri qeyd edib, bu sahələrdə əhaliyə müasir və şəffaf xidmətlərin göstərildiyini, sosial müdafiə sisteminin həssas əhali qrupları üçün əlçatanlığının təmin edildiyini bildirib.
R.Briya Avropa Sosial Xartiyasının maddələrinin ratifikasiyası, sosial sahədə milli qanunvericiliyin Xartiyanın ratifikasiya olunmuş maddələrinə uyğun təkmilləşdirilməsi sahəsində Azərbaycanda aparılan işlərin Avropa Sosial Xartiyası departamenti tərəfindən məmnunluqla qarşılandığını qeyd edib. O, ölkəmizdə aparılan sosial siyasətin ildən-ilə güclənməsinin, həssas əhali qruplarının təminat səviyyəsinin getdikcə artırılmasının, onların sosial hüquqlarının təmin edilməsinin, həmçinin Avropa Şurasının sosial birlik prinsiplərinin diqqətdə saxlanmasının təqdirəlayiq olduğunu bildirib.
Görüş Azərbaycanda sosial hüquqlar sisteminin Avropa Sosial Xartiyasının maddələri əsasında təkmilləşdirilməsi üzrə görülən işlərə və bu sahədə gələcək vəzifələrə dair fikir mübadiləsi ilə davam edib.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.