www.mlspp.gov.az
Azərbaycanca   English 23.07.2018 - cı il
Xəbər lenti

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq                   Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

İctimaiyyətlə əlaqələr / Xəbərlər
17.03.2018

Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət “Bahar sevincləri” adlı zona sərgisi təşkil olunub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan şəhərində yerləşən Əlillərin Regional Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət “Bahar sevincləri” adlı zona sərgisi təşkil olunub. Novruz bayramı münasibəti ilə keçirilən sərgidə əksəriyyəti bu bölgədəki rayon və şəhərlərdən olmaqla 31 nəfər gəncin tətbiqi sənət növlərində 350-dən çox əl işi təqdim olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, ayrı-ayrı yerli icra hakimiyyəti orqanlarının, habelə qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, son illərdə əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlər Şirvan şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzini də əhatə edib. Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərən Mərkəzdə əsaslı təmir işləri aparılaraq, müasir tələblərə uyğun bərpa-müalicə şəraiti yaradılıb.  Burada əlilliyi olan insanların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, habelə mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilmələri və s. istiqamətlərdə məqsədyönlü işlər aparılır.

Sərginin açılışı zamanı qeyd olunub ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinə xüsusi qayğısı əlilliyi olan şəxslərin də tibbi və sosial reabilitasiyası sahəsində tədbirlərin ildən-ilə güclənməsinə imkan verib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə reallaşdırılması bu tədbirlərin mühüm bir istiqamətini təşkil edir. Həmin şəxslər sırasından bu və ya digər yaradıcılıq növündə qabiliyyət və bacarığı ilə seçilən şəxslərin cəmiyyətin mədəni həyatında iştirakının dəstəklənməsi, onların yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması və təbliği də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi olaraq tədbirlər keçirilir.

Hazırkı “Bahar sevincləri” adlı zona sərgisi də bu istiqamətdə növbəti tədbirdir. Burada əl işləri təqdim olunan gənclərin yaradıcılıq qabiliyyətlərini daha da təkmilləşdirilməsi üçün onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində müvafiq tətbiiqi sənət növləri üzrə kurslara da cəlb olunublar. Mərkəzdə xüsusi təlim məşğələləri, tanınmış mütəxəssislərin iştirakı ilə təşkil edilən treninqlər, ustad dərsləri şəraitində gənclərin bacarıqları təkmilləşdirilib.

Hazırda onlardan bir qismi Mərkəzdə peşə təlimini davam etdirir. Ümumilikdə, indiyədək 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 1400 nəfərdən çox gənc kurslara cəlb olunub ki, onlardan 85 nəfəri bu bölgədəki şəhər və rayonlardan olanlardır. Bu gənclərdən iki nəfəri - I qrup əlillər Xəyal İslamov (Salyan rayonu) və Sona Ağayeva (Sabirabad rayonu) Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kursu keçərkən, eyni zamanda, maraqları nəzərə alınmaqla, habelə onların fizioterapevtik müalicəsi baxımından da əhəmiyyətli olan boccia idman növünə də cəlb olunublar və hazırda bu idman növü üzrə milli komandanın üzvləridirlər.

Daha sonra iştirakçılar sərgidə təqdim olunan əl işləri ilə tanış olublar.

Bahar Şıxıyevanın (I qrup əlil, Hacıqabul rayonu), Rəşad Ağayevin (I qrup əlil, Salyan rayonu), Aytac Süleymanovanın (I qrup əlil, Sabirabad rayonu), Bikəxanım Vəliyevanın (I qrup əlil, Saatlı rayonu), Rəşad Quliyevin (I qrup əlil, Şirvan şəhəri), Ramin Səfərlinin (III qrup əlil, Salyan rayonu), Vüsal Babayevin (I qrup əlil, Neftçala rayonu) və digər gənclərin ölkəmizin əsrarəngiz təbiətini, xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini,  görkəmli şəxsiyyətlərini əks etdirən əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sağlamlıq imkanları məhdud gənclər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar  yaradıcılıq potensiallarını cəmiyyətə təqdim edə bilmələrinə, istedad və qabiliyyətlərinin dəstəklənməsinə geniş şərait yaradılması üçün təşkil olunan belə tədbirlərdən razılıqla bəhs ediblər. Tədbir sağlamlıq imkanları məhdud gənclərin ifasında bədii hissə ilə yekunlaşıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.