www.mlspp.gov.az
Azərbaycanca   English 12.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
07.03.2018

Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malikdirlər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 Mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar nazirlikdə çalışan qadınların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Qadınlar günü münasibətilə Nazirliyin qadın əməkdaşlarını təbrik edib, onlara xoş arzularını çatdırıb. S.Müslümov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 mart 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının da olduğunu vurğulayıb və onlara təbriklərini ifadə edib.
Nazir bildirib ki, dünyəvi və demokratik dövlət quruluşuna malik olan Azərbaycanın qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakının təmin olunduğu, o cümlədən əmək və məşğulluq sahəsində qadınlara qarşı hər hansı ayrı-seçkiliyin mövcud olmadığı ölkələrdən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, qadın hüquqları ilə bağlı mühüm beynəlxalq sənədləri ratifikasiya edən ölkəmiz milli qanunvericiliyini gender bərabərliyi ilə bağlı mütərəqqi yanaşmalara uyğun qurub: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarından biri kimi respublikada əmək resurslarının məşğulluq imkanlarının artması şəraitində ölkəmizin əmək bazarında qadınların da iştirak səviyyəsi artmaqda davam edir. 2003-cü ilə nisbətən respublikamızda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq cari ilin əvvəlinə 2 348 400 nəfərə çatıb”.
S.Müslümov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına əsasən, hətta bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edir: “Buna misal olaraq, əmək müqavilələrinin 40-44 yaşlarında olan şəxslər üzrə 50,8 %-i, 45-49 yaşlarında olan şəxslər üzrə 54,4 %-i, 50-54 yaşlarında olan şəxslər üzrə isə 53,5 %-i qadınlarla bağlanıb”.
Nazir diqqətə çatdırıb ki, əmək fəaliyyəti ilə məşğul olan qadınların gələcək sosial təminat hüquqlarına malik olmaları üçün onların sosial sığorta sisteminə cəlb olunması istiqamətində də müvafiq işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 40,4 faizini və ya 1 453 898 nəfərini qadınlar təşkil edir: “Nazirlik tərəfindən qadınların aktiv məşğulluq tədbirlərinə cəlb olunması da diqqətdə saxlanılır. 2017-ci ildə Nazirliyin məşğulluq orqanları tərəfindən münasib işlə təmin edilənlərin 28 faizə qədəri (13386 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 51,3 faizi (1826 nəfər), Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunanların isə 36,6 faizi (128 nəfər) qadınlardan ibarət olub. Aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaradılması üçün icra olunan özünüməşğulluq proqramı çərçivəsində ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlər təqdim olunmaqla ailə təsərrüfatları yaradılanların da 322 nəfərini qadınlar təşkil edib. Cari il ərzində də proqrama cəlb olunanların təqribən 30 faizdən çox hissəsinin qadınlardan ibarət olması nəzərdə tutulur”.
Ölkəmizdə sosial təminat sisteminin əhatə etdiyi şəxslər sırasında da qadınların mühüm yer tutduğunu qeyd edən S.Müslümov bildirib ki, hazırda əmək pensiyaçılarının 57,2 faizə, sosial müavinət və təqaüd alanların 40,5 faizə qədəri, Nazirliyin xətti ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin olunanların isə 33,6 faizi qadınlardır. Müvafiq qanunvericilik aktlarında yaşa görə pensiya və ya yaşa görə müavinət hüququnun yaranmasında çoxuşaqlı qadınlarla, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlarla bağlı güzəştlər də müəyyən olunub. Beşdən çox uşağı olan qadınlar isə 18 yaşadək uşaqlarının hər birinə görə aylıq sosial müavinətlə təmin olunurlar. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2018-ci il tarixli Sərəncamı ilə həmin müavinətlərin məbləği cari il martın 1-dən artırılıb.
Nazir əmək və məşğulluq haqqında ölkə qanunvericiliyində də qadınlara münasibətdə milli-mənəvi dəyərlərdən irəli gələn yanaşmaların əksini tapdığını vurğulayıb: “Belə ki, əmək qanunvericiliyi qadınların əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə əməyə cəlb olunmasını qadağan edir. Eləcə də hamilə və ya 3 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlarla bağlı milli qanunvericilikdə bir sıra güzəştlər və əlavə təminatlar müəyyən olunub”.
Tədbir bayram münasibətilə qadınlara gül dəstələri və hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.