www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                   Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.03.2018

“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib

Uşaq əməyinə münasibətdə beynəlxalq konvensiyalardan irəli gələn prinsipləri özündə əks etdirən Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını, 15 yaşına çatmamış uşaqların işlərin görülməsinə, habelə uşaqların onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini qadağan edir. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Dövlət Sosial-İqtisadi Kollecində (Bakının Sabunçu rayonu) “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirdiyi seminarda bildirilib.
Tədbirdə Kollecin müəllim və şagirdləri, rayon İcra Hakimiyyətinin nəzdindəki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndələri, ayrı-ayrı işəgötürənlər iştirak edib.
Seminarda ilk növbədə uşaqların bu və ya digər işlərin görülməsinə cəlb edilməsinin hansı hallarda onların əməyinin istismarı halı kimi qiymətləndirildiyi barədə məlumat verilib. Uşaq əməyinin istismarının qanuna zidd olmaqla, uşağın fiziki və mənəvi inkişafına da zərər vurduğu, əksər hallarda onun təhsildən yayınması ilə müşahidə olunduğu vurğulanıb. Qeyd olunub ki, Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Bu yaşa çatmış uşaqlar isə yalnız onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin razılığı olmaqla əmək müqaviləsinin tərəfi ola bilər. Lakin 15-18 yaşlarında olan şəxslərin əməyindən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda istifadə edilə bilməz. Qanunvericilik bunu, habelə onların əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində əmək fəaliyyyətinə cəlb edilməsini qadağan edir.
Qeyd olunan yaşlarında olan işçilər üçün əmək qanunvericiliyində əlavə təminatlar, güzəştlər nəzərdə tutulub. Buna misal olaraq, Əmək Məcəlləsində bildirilir ki, yaşı 18-dən aşağı olan işçilərə əmək məzuniyyəti həmin işçilərin arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Yaşı 16-dan az olan işçilərə isə əmək məzuniyyətinin müddəti 42 təqvim günündən az, iş vaxtının müddəti isə 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan çox olmamalıdır.
Seminarda iştirakçılara müvafiq mövzu üzrə maarifləndirici çap materialları təqdim olunub, onların sualları cavablandırılıb.
Yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər sahəsində aparılan işlər barədə də məlumat verilib. Həmçinin tədbirdə 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza tədbirləri diqqətə çatdırılıb. Ötən dövrdə görülən tədbirlər, məqsədyönlü təbliğat-maarifləndirmə işləri nəticəsində Azərbaycanda uşaq əməyinin istismarı hallarının minimum səviyyəyə endiyi vurğulanıb.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.