www.mlspp.gov.az
Azərbaycanca   English 12.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
27.02.2018

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın əmək və sosial müdafiə sahəsində müasir və şəffaf iş təcrübəsi tanış olmaq üçün ölkəmizdə səfərdədir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd son illərdə Azərbaycanda əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, bu sahədə müasir və şəffaf iş təcrübəsi, o cümlədən innovativ əsaslı sığorta-pensiya sistemi ilə tanış olmaq, təcrübə mübadilələri aparmaqdır.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanla Qazaxıstan arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini iki ölkə arasında hələ ötən əsrin 90-cı illərindən əmək və sosial müdafiə sahəsində səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib: “Bizim ilk əməkdaşlıq əlaqələrimiz sosial müdafiə sisteminin əsas sahələrindən olan pensiya təminatı sahəsini əhatə edib. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” bu sahədə qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında vacib əsas rolunu oynayıb. 1999-cu ildə “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında” və 2005-ci ildə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında” Sazişlər ikitərəfli əlaqələrin ardıcıl xarakter almaqla genişlənməsinə səbəb olub”.
İ.İsayev ölkəmizin makroiqtisadi inkişaf dinamikası barədə məlumat verərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin vətəndaş amilinə əsaslandığını, əldə olunan iqtisadi dividentlərin ilk növbədə güclü sosial siyasətin aparılmasına yönəldiyini vurğulayıb: “Bu əsasda ötən dövrdə həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri respublikada geniş əhatəliliyə və səmərəliliyə malik olan, sosial hüquqların dolğun təminatına imkan verən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan etibarlı sosial müdafiə sisteminin qurulması ilə nəticələnib. Bu sistemin mühüm tərkib hissələrindən olan sığorta-pensiya sistemi sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsi üzrə funksiyaları özündə əhatə etməklə mütərəqqi beynəlxalq yanaşmalara uyğun və müasir əsasda yenidən qurulub. Ötən il aparılan növbəti islahat tədbiri sığorta-pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsini təmin etməklə, onun uzunmüddətli inkişafına və işləyən əhalinin sosial sığorta sistemində iştirak fəallığının və bununla da layiqli pensiya təminatı imkanlarının artırılmasına əlverişli şərait yaradıb”.
Nazir müavini eyni zamanda son illərdə aparılan sistem xarakterli islahatlar nəticəsində əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin tam avtomatlaşdırılmış infrastruktur üzərində müasir və şəffaf sistemlər kimi formalaşdığını diqqətə çatdırıb. O, yaradılmış elektron sistemlərin mötəbər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirildiyini vurğulayıb: “Hazırda bu elektron sistemlər vasitəsilə nazirliyin fəaliyyət sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir. Təkcə bu ilin yanvar ayında həmin e-xidmətlərdən 1 milyon 123 minə yaxın müraciətin qeydə alınması onlara olan böyük sosial tələbi göstərir”.
İ.İsayev Azərbaycan əhalisinin sabit artım tempinin davam etdiyi şəraitdə əmək resurslarının məşğulluğuna yönəlik çevik tədbirlər kompleksinin ölkəmizin əmək bazarında sabitliyin təmin olunmasına, işsizliyin aşağı səviyyədə saxlanmasına imkan yaratdığını vurğulayıb. Nazir müavini respublikada sosial müdafiə siyasəti ilə məşğulluq tədbirlərinin əlaqələndirilməsi, aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaradılmaqla, onların sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin edilməsi üçün aparılan işlər, icra olunan özünüməşğulluq proqramı barədə də məlumat verib: “Təbii ki, qeyd olunan sahələrdə ayrı-ayrı ölkələrlə fəal təcrübə mübadilələri aparılır və bizə dost ölkə olan Qazaxıstanın aidyyəti qurumu ilə də bu sahədə təcrübələrin bölüşülməsi hər iki tərəf üçün faydalı olacaq”.
Qazaxıstan nümayəndə heyətinin üzvləri Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatları maraqla izlədiklərini və ölkəmizin bu sahələrdə əldə etdiyi uğurlu təcrübələri öyrənməyin onlar üçün xüsusi önəm kəsb etdiyini bildiriblər. Onlar müvafiq sahələrdə təcrübə mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə məmnunluqlarınıifadə ediblər.
Görüş zamanı müvafiq sahələrdə həyata keçirilmiş islahatlara dair fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığorta-pensiya və sosial xidmət sistemləri, nazirliyin fəaliyyət sahələri üzrə yaradılmış elektron infratrukturla yaxından tanış olmaları, bu məqsədlə aidyyəti təqdimatların keçirilməsi nəzərdə tutulub.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.