www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                   Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
26.02.2018

Xocalı faciəsindən 26 il ötür

26 il bundan əvvəl baş verən Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət kimi tarixə həkk olunub. Xocalı soyqırımı bəşəriyyətin XX əsrdə üzləşdiyi Xatın, Lidisa, Oradur, Xirosima, Naqasaki kimi insanlıq tarixinə düşmüş soyqırımlarla eyni sırada dayanır.
1992-ci il fevralın 26-da Azərbaycanın 7 min əhalisi olan Xocalı şəhərində Ermənistan hərbi birləşmələri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən soyqırımı zamanı 613 nəfər qətlə yetrildi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından ömürlük əlil oldu. Həmçinin 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciənin baş verdiyi gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət olan Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi işlərinə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyə qayıdışından sonra başlanılıb. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis tərəfindən 26 fevral - “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edilib və qərarda Xocalı soyqırımının başvermə səbəbləri və günahkarları bütün təfsilatı ilə açıqlanır. Eyni zamanda, Ulu Öndərimizin 1997-ci il 25 fevral tarixli Sərəncamına əsasən, hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət nümayiş etdirilməklə, məqsədyönlü siyasət aparılır. Həmçinin Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə Prezident İlham Əliyevin tapşırığı əsasında yenidən qurulub. Bu gün ölkədə aparılan güclü sosial siyasət xocalıları da əhatə edir, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər aparılır. Yaşayış şəraiti ağır olan Xocalı ailələri üçün də yeni qəsəbələr salınıb, binalar tikilib.
Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsi kimi, artıq Xocalı soyqırımını tanıyan, bununla bağlı müvafiq qərarlar, qətnamələr qəbul edən ölkələrin sayı da getdikcə artır. Ötüb keçən zaman tarixin Xocalı həqiqətlərinin üstünü örtmür, əksinə, bu həqiqətlərin dünya tərəfindən daha yaxından araşdırılması, günahkarların ədalət mühakiməsinə cəlb olunması gününü getdikcə yaxınlaşdırır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.