www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                   Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
20.02.2018

Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezidentin təqaüdünün artırılması haqqında Sərəncamlar ümumilikdə 33,6 min nəfərə şamil olunacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli Sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür.
Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncamı 12556 şəhid ailəsinə şamil olunacaq. Sərəncamla şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq və bu artımın həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 2,9 milyon manat əlavə vəsaitin ayrılması təmin olunacaq.
Azərbaycan Respublikasının Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncamı 20744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə şamil olunacaq. Onlardan 14134 nəfərini Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci Dünya müharibəsi əlilləri, 3363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar təşkil edir. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə müvafiq artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 3 milyon manata yaxın əlavə vəsait ayrılacaq.
Növbəti Sərəncam - “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Sərəncam isə 307 nəfərə şamil olunacaq və onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 40,8 min manat təşkil edəcək.
Qeyd olunan üç Sərəncam şəhid ailələrindən, müharibə və 20 Yanvar əlillərindən ibarət olmaqla ümumilikdə 33,6 min nəfəri əhatə edəcək və həmin Sərəncamlarda nəzərdə tutulan artımların həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 6 milyon manata yaxın əlavə vəsait ayrılacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan və müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət qayğısının artırılmasını nəzərdə tutan hər üç Sərəncamın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vaxtında və tam şəkildə təmin ediləcəkdir.
Qeyd edək ki, müharibə əlilləri və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə bərabər, əlilliyə görə aylıq əmək pensiyası və ya əmək pensiyası hüququ olmadıqda aylıq sosial müavinət də ödənilir. Müharibə əlillərinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət verilir.
Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinətlə təmin edilirlər.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin respublikanın ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Bu təbəqələrdən olan insanlarla bağlı mühüm sosial proqramlardan biri də onların mənzillə təminatına yönəlib. Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 6,1 min əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 92,2 faizi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, digərləri İkinci Dünya müharibəsi və Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir. Ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilənlərin 73 nəfəri də 20 Yanvar əlilləri və 20 Yanvar şəhidlərinin ailələri olub.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.