www.mlspp.gov.az
Azərbaycanca   English 18.02.2018 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

İctimaiyyətlə əlaqələr / Xəbərlər
09.02.2018

 “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə keçirilən növbəti seminar “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusuna həsr olunub.

Xidmətin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin iştirakı ilə keçən seminarda məcburi əməyin qanunla qadağan olunduğu vurğulanıb. Ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Mәcburi әmәk һaqqında” 29 saylı Konvensiyasına qoşulduğu, bu sənədlərdən irəli gələn prinsiplərin milli qanunvericilikdə də əksini tapdığı diqqətə çatdırılıb. 

Bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu konstitusion prinsip milli əmək qanunvericiliyində də əksini tapıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsində deyilir: “Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər”.

Bununla belə, Məcəllədə yalnız hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verildiyi qeyd olunur.

Seminarda məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən də bəhs olunub. Məcburi əməyin insanların istismarının bir forması olduğu, insan alverinin də çox zaman məcburi işlərə cəlb etmək, istismara məruz qoymaq məqsədi daşıdığı bildirilib. Həmçinin məcburi əməyin qarşısının alınması yönündə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan alveri qurbanlarının və potensial insan alveri qurbanlarının sosial reabilitasiyası, zəruri yardımlarla təmin edilmələri yönündə görülən işlər diqqətə çatdırılıb.

Seminarda  tədbir iştirakçılarının sualları da cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.