www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
07.02.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonla görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü islahatlar proqramının ölkəmizdə iqtisadiyyatın uğurlu şaxələndirilməsi əsasında inkişaf tempinin davam etməsinə şərait yaratdığını vurğulayıb: “Dünyada mürəkkəb siyasi-iqtisadi proseslərin mövcud olduğu şəraitdə Azərbaycan makroiqtisadi inkişafını davam etdirir. Təkcə son bir ildə ümumdaxili məhsulda artım özünü göstərməklə bərabər, xüsusilə qeyri-neft sektorunda 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artıma nail olunması əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması, əmək tutumlu sahələrin, çoxsaylı yeni iş yerlərinin yaradılması ilə müşahidə olunub. Xüsusən 2004-cü ildən ölkədə icra olunan regional inkişaf proqramları bu istiqamətdə mühüm irəliləyişlərə imkan verib”.
Nazir bildirib ki, ölkədə dayanıqlı iqtisadi inkişafı xarakterizə edən proseslər əmək bazarında da müsbət meyllərin sürətlənməsini şərtləndirir. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha iki pillə irəliləyərək dünya miqyasında 35-ci yeri tutmaqla, eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yerdə qərarlaşıb”.
S.Müslümov dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq, insan kapitalının inkişaf etdirilməsi, mövcud işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, o cümlədən ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə aparılan islahatları diqqətə çatdırıb. Nazir ölkəmizdə sosial cəhətdən həssas qruplara yönələn sosial müdafiə sisteminin gücləndirilməsi yönündə atılan addımları qeyd edib, bu sistemin geniş əhatəliliyə malik olmasının, yoxsulluğun azaldılmasında rolunun Dünya Bankı tərəfindən də yüksək dəyərləndirildiyini vurğulayıb: “Artıq Azərbaycan sosial müdafiə siyasətində passiv tədbirlərdən akltiv tədbirlər mərhələsinə keçidi reallaşdırır. Bu mərhələnin əsas məqsədi aztəminatlı ailələrin sosial təminat sistemindən asılılıqdan sahibkarlığa, kiçik biznesə çıxışına imkan yaradılmasıdır. Bunun üçün özünüməşğulluq proqramı çərçivəsində həmin ailələrə mal və materiallar verilməklə, onların fərdi təsərrüfatlara yiyələnmələri təmin edilir”.
Cari ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinə başlandığını qeyd edən nazir bu sistemin aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluğun təmin olunması tədbirlərinin, əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının xeyli genişlənməsinə imkan verdiyini bildirib: “Ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələr həm əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsinə əsasən təkmilləşdirilməsi və bu sahə üzrə institisional potensialın artırılmasında, həm də kadr hazırlığının səmərəliliyinin artırılması üçün peşə standartlarının hazırlanmasında xüsusi önəm kəsb edib. Hesab edirik ki, Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı da əməkdaşlığın davam etməsinə və yeni istiqamətlər, eləcə də yeni iş yerlərinin açılmasını, əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinə yönələn layihələr üzrə genişlənməsinə imkan verəcək”.
Görüşdə S.Müslümov BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sahəsində respublikada aparılan işlər barədə də məlumat verib. Nazir əmək bazarına yönəlik islahatların da bu məqsədlərlə uyğunluq təşkil etdiyini bildirib, inkluziv əmək bazarının inkişafına, gənclərin, qadınların məşğulluğunun artırılmasına istiqamətlənən tədbirləri diqqətə çatdırıb.
Xanım M.Tembon ölkəmizdə iqtisadi sahədə uğurlarla bərabər, insan kapitalının inkişafı, sosial rifah səviyyəsinin yaxşılaşdırılması, əmək bazarının tənzimlənməsi, məşğulluğun artırılması yönündə əhəmiyyətli irəliləyişlərə nail olunmasının, həyata keçirilən uğurlu islahatların Dünya Bankı tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Son illərdə Azərbaycanda əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində yaradılan avtomatlaşdırılmış sistemlərin əhəmiyyətindən bəhs edən M.Tembon xüsusilə də ünvanlı dövlət sosial yardımı sisteminin elektron infrastruktur üzərində qurulmasının bu sistemdə ünvanlılığın və şəffaflığın təmin edilməsi, neqativ halların tam aradan qalxması kimi mühüm nəticələrin əldə olunmasına imkan verdiyini vurğulayıb. Sosial müdafiə siyasətində aktiv tədbirlərə üstünlük verilməsinin təqdirəlayiq olduğunu, bunun aztəminatlı ailələrin sosial müdafiə sistemindən asılılığını azaldacağını və iqtisadi müstəqilliyini artıracağını fikirlərinə əlavə edən xanım M.Tembon təmsil etdiyi Təşkilatın gələcək əməkdaşlığa aid planları barədə məlumat verib.
Görüşdə Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı, İş Yerlərinin Diaqnostikası, yoxsulluğun qiymətləndirilməsi üzrə planlaşdırılan fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Banki arasında əməkdaşlığının gələcək istiqamətləri müzakirə olunub.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.