www.mlspp.gov.az
Azərbaycanca   English 21.07.2018 - cı il
Xəbər lenti

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq                   Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

İctimaiyyətlə əlaqələr / Xəbərlər
02.02.2018

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu “Məzun evi” Sosial Müəssisəsində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində olub.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xanım J.Sarıeroğluna dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətdəki digər həmyaşıdları kimi həyatda özlərini layiqli şəkildə doğrulda bilmələrinə hərtərəfli imkan yaradılması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib.

Nazir vurğulayıb ki, dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü nəticəsində yaradılıb: “Müəssisədəki iki çoxmənzilli yaşayış binasında bu günədək 222 nəfər gənc mənzillə təmin edilib. Onların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub və hazırda “Məzun evi”ndə 137 ailə vardır. Bu ailələrdə 116 nəfər uşaq böyüyür”. S.Müslümov qeyd edib ki, hazırda müəssisə üçün üçüncü yaşayış binasının tikintisi də tamamlanmaq üzrədir. Həmin binada “Məzun evi” üçün uşaq bağçasının fəaliyyətə başlaması, müəssisənin ərazisində idman kompleksi və məktəbin tikilməsi, digər  bir sıra sosial infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulub.

“Məzun evi”nin sakinlərinin məşğulluğunun təminatı istiqamətində də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdıran nazir bildirib ki, onların böyük əksəriyyəti müxtəlif müəssisələrdə, bir qismi müəssisənin özündəki ştat vahidlərində və s. münasib işlərlə təmin ediliblər: “Eyni zamanda ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Məzun evi”ndə xalça və tikiş sexləri də yaradılıb. Gənc sakinlərdən bir qrupu nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə iş yerləri ilə təmin olunublar. İki gün bundan əvvəl isə “Məzun evi”ndən daha 12 nəfər gəncin yaşıllaşdırma sahəsində daimi işlə təminatı həyata keçirilib”.

Xanım J.Sarıeroğlu “Məzun evi”ndə yaradılmış şəraitlə, müəssisədə fəaliyyət göstərən xalça və tikiş sexləri ilə yaxından tanış olub. O, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin hərtərəfli qayğı və dəstəklə təmin edilmələrinin, onlar üçün belə bir yaşayış şəraiti yaradılmasının Azərbaycan dövlətinin güclü sosial siyasət kursuna malik olmasının daha bir əyani nümunəsi olduğunu vurğulayıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.