www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
31.01.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il əlavə olaraq 461 nəfər əlilliyi olan şəxsi münasib işlərlə təmin edib

Nazirliyin xətti ilə 432 nəfər əlilliyi olan şəxs isə peşə hazırlığına cəlb edilib
 
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluğunun təminatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2017-ci ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 461 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib. Onlardan bir hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası» əsasında müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib. Həmçinin ödənişli ictimai işlərə cəlb olunan vətəndaşlardan 45 nəfərini əlilliyi olan şəxslər təşkil edib.
Özünüməşğulluq proqramının icrası çərçivəsində ötən il 1172 nəfər işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb ki, onlardan 60 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub.
Qeyd olunan insanların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılmasında onların peşə reabilitasiyası xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə son bir ildə Nazirliyin xətti ilə 432 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub. Həmin şəxslərdən 82 nəfəri üçün Xidmət tərəfindən əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.
Digər 350 nəfərin isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı həyata keçirilib. Ölkəmizin müxtəlif bölgələrindən mərkəzə peşə hazırlığına qəbul olunmuş gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar. Həmçinin Mərkəz tərəfindən onlar cəmiyyətə fəal şəkildə inteqrasiya olunmalarına yönələn müxtəlif reabilitasiya tədbirlərinə cəlb ediliblər. Burada kursları başa çatdıranlara peşə sertifikatları verilib, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb.
Xatırladaq ki, 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 47,9 min nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, Dövlət Məşğulluq Xidməti (3560 nəfər) və Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi (350) tərəfindən 3910 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.