www.mlspp.gov.az
Azərbaycanca   English 21.07.2018 - cı il
Xəbər lenti

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq                   Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

İctimaiyyətlə əlaqələr / Xəbərlər
29.12.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib

Səlim Müslümov: “2017-cı il sosial müdafiə siyasətinin aktiv tədbirlər müstəvisində gücləndirilməsində keyfiyyətcə yeni mərhələyə keçid ili kimi yadda qalacaq”
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün göstərmiş olduğu xidmətlərdən bəhs edib. Nazir bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin dinamik inkişafını təmin edən uğurlu daxili və xarici siyasəti dünya azərbaycanlılarının həmrəyliyinin və Azərbaycana bağlılıq hissinin güclənməsinə daha da artmasına səbəb olub.
S.Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının məqsədyönlü islahatlar proqramı 2017-ci ildə də ölkədə sosial-iqtisadi inkişaf tempinin davam etməsinə imkan verib: “Cari ilin 11 ayında sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz artıb, qeyri-neft iqtisadiyyatımızda 2,4 faiz, kənd təsərrüfatında 4 faizdən çox artım qeydə alınıb. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb, həmçinin bu hesabatda Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Bu il “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontraktın imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması, ölkəmizdə “İslam Həmrəyliyi İli” olan 2017-ci ildə Azərbaycanın İslam həmrəyliyinə daha bir dəyərli töhfə kimi IV İslam Həmrəyliyi Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi etməsi, bu Oyunlarda idmançılarımızın 162 medalla komanda hesabında birinci olmaları və s. cari ilin əlamətdar tarixi hadisələrindəndir”.
S.Müslümov 2017-ci ildə əmək və sosial müdafiə sahələrində də növbəti mühüm uğurlara nail olunduğunu bildirib: “Beynəlxalq əməkdaşlıq sahəsində mühüm uğur kimi Azərbaycanın Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq BƏT-in Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanmasını, bununla həmin mötəbər beynəlxalq qurumun siyasi qərarlarının qəbulu prosesində yaxından iştirak imkanına malik olmasını xüsusi qeyd etmək olar. Həmçinin bu il nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülərək Azərbaycana İKT-nin uğurlu tətbiqi sahəsində beynəlxalq səviyyədə ilk mükafatı qazandırması bu ilin əsas nailiyyətlərindəndir”.
Nazir aktiv sosial müdafiə tədbirlərinin gücləndirilməsi, işsizlikdən sığorta sisteminin yaradılması, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, əmək resurslarının məşğulluğunun təminatı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, sosial proqramların icrası, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsi və digər istiqamətlərdə mühüm addımların atıldığını vurğulayıb.
Qeyd olunan istiqamətlərdə görülən işləri diqqətə çatdıran S.Müslümov 2017-cı ilin sosial müdafiə siyasətinin aktiv tədbirlər müstəvisində gücləndirilməsində keyfiyyətcə yeni mərhələyə keçid ili kimi yadda qalacağını qeyd edib: “Cənab Prezidentin müvafiq Sərəncamının icrası olaraq bu il aktiv tədbirlər vasitəsilə aztəminatlı ailələrin yoxsulluqdan ailə biznesinə çıxışına imkan verən özünüməşğulluq proqramının həyata keçirilməsində ilkin müsbət təcrübə əldə olunub. Həmçinin işsizlikdən sığorta sisteminin yaradılması sahəsində mühüm addım kimi, “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunması artıq gələn ildən ölkədə İşsizlikdən Sığorta Fondunun formalaşmasına imkan verib və bu da aktiv xarakterli sosial müdafiə proqramlarının genişlənməsinə şərait yaradacaq. Həmin Fonda toplanması nəzərdə tutulan 89 mln. manat vəsaitin 40,2 faizi və ya 35,8 mln.manatı gələn il özünüməşğulluq proqramına yönəldiləcək”.
Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində cari ildə növbəti islahat tədbirinin həyata keçirildiyini bildirən nazir vurğulayıb ki, bu il “Əmək pensiyaları haqqında” Qanuna edilən, 2017-ci il iyulun 1-dən qüvvəyə minən mütərəqqi dəyişikliklər sığorta-pensiya sisteminin daha etibarlı əsaslar üzərində sabit və uzunmüddətli inkişafına, əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına səbəb olub: “Bu tədbirlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Buna misal olaraq, Beynəlxalq Valyuta Fondunun işçi heyətinin ölkəmizə səfərinin yekunlarına dair həmin işçi heyətin bu günlərdə açıqladığı bəyanatda Azərbaycanda yeni işsizlikdən sığorta fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi, passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi sosial təminat və əmək bazarı sahələrində mühüm nailiyyətlər kimi qeyd olunub”.
Əmək resurslarının məşğulluğunun təminatı sahəsində 2017-ci ildə də məqsədyönlü işlərin aparıldığını bildirən nazir məşğulluq orqanları tərəfindən cari ilin 11 ayında 46 048 nəfər şəxsin münasib işlərlə, 1143 nəfər şəxsin ödənişli ictimai işlərlə təmin edildiyini, nazirliyin xətti ilə 3511 nəfərin peşə hazırlığı kurslarına qəbul olunduğunu diqqətə çatdırıb: “Gələn il isə peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və s. aktiv əmək bazarı tədbirlərinə 2017-ci illə müqayisədə 3,7 dəfə çox vəsait yönəldiləcək ki, bu da qeyd olunan tədbirlərə cəlb olunanların sayının da dəfələrlə artmasını şərtləndirəcək”.
S.Müslümov Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması tədbirlərinin bu il də davam etdirildiyini, cari ildə nazirlik tərəfindən əlavə olaraq 315 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin olunduğunu, habelə sosial proqramların icrası işlərinin davamı olaraq, cari ilin 9 ayının məlumatına əsasən, 1 milyon 330 min nəfərə əmək pensiyası, 450,9 min nəfərə sosial müavinət, 59325 nəfərə Prezidentin təqaüdü, 97 min ailənin 400 min nəfər üzvünə ünvanlı sosial yardımı ödənildiyini qeyd edib: “Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsində, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdə cari ildə də növbəti artım özünü göstərib, habelə qeyri-büdcə sektorunun payına düşən daxilolmalar üzrə proqnoza artıqlaması ilə əməl olunub”.
Nazir 2017-ci ildə sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi sahəsində də mühüm irəliləyişə nail olunduğunu diqqətə çatdırıb: “İl ərzində 16,3 min nəfərdən çox insana sosial xidmətlər göstərilib. Cari ildə Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin və s. fəaliyyətə başlaması sosial xidmətlər sisteminin əhatə dairəsini yeni istiqamətlər üzrə genişlənməsinə imkan verib”.
S.Müslümov bildirib ki, müvafiq fəaliyyət sahələri üzrə əhaliyə elektron müstəvidə sürətli, rahat və şəffaf xidmətlərin göstərilməsi işləri də davam etdirilib. Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın e-xidmətdən bu günədək 22,7 milyon dəfədən çox istifadə olunması bu e-xidmətlərin cəmiyyətin maraq dairəsində olmasının əyani göstəricisidir. 2018-ci ildə müasir və şəffaf xidmətlər şəbəkəsinin məşğulluq xidmətləri və işsizlik müavinəti sistemini də əhatə etməsi üçün müvafiq işlər görüləcək”.
Nazir 2017-ci ildə bütün sahələrdə görülən işlərin müsbət nəticələrinin növbəti ilə də nikbin nəzərlərlə baxmağa əsas verdiyini diqqətə çatdırıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursuna uyğun olaraq, gələn il də əmək və sosial müdafiə sahələrində irəliləyişlərin əldə olunması fəaliyyətimizin əsas prinsipini təşkil edəcək”.
S.Müslümov Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə nazirliyin kollektivinə xoş arzularını ifadə edib, onlara əhaliyə xidmətin yüksək səviyyədə təşkili işlərində yeni-yeni nailiyyətlər arzulayıb.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.