www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.12.2017

Beynəlxalq Valyuta Fondunun missiyası ilə birgə Azərbaycanda pensiya islahatları və əmək bazarına dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan rəsmi missiyası ilə görüş olub. Missiyanın səfərində məqsəd bir sıra məsələlərlə yanaşı, ölkəmizdə həyata keçirilən pensiya islahatlarına, habelə əmək bazarına dair müzakirələrin aparılmasıdır. 

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatların bu sistemin uzunmüddətli inkişafına və işləyən əhalinin gələcək sosial müdafiə hüquqlarının formalaşması prosesində aktiv iştirakına əlverişli şərait yaratdığını vurğulayıb. Azərbaycanın sosial müdafiə sistemi barədə məlumat verən nazir müavini bildirib ki, bu sistemin mühüm komponenti olan və respublika əhalisinin  1 milyon 330 min nəfərini əhatə edən pensiya təminatı sistemi sosial rifahda vacib faktorlardan biridir: “Ölkəmizn ümumi inkişafı şəraitində 2003-2017-ci illərdə pensiyaların 10,3 dəfədən çox, o cümlədən cari ilin 9 ayında 5,2 faiz artımı qeydə alınıb. Pensiyalarda artım  tempi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin də mütəmadi artması ilə müşahidə olunub. Bu dinamikanın davamı olaraq, 2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə Fondun büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə 6,4 faiz, 2017-ci ilin 9 ayı ərzində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz çoxalıb”.

İ.İsayev nəzərə çatdırıb ki, 2018-ci il üçün də Fondun gəlirlərinin cari ilin proqnoz göstəricisinə nisbətən 5,3 faiz çox olacağı, həmçinin əmək pensiyalarının orta aylıq məbləğinin artacağı gözlənilir: “Cari ildə pensiya təminatında həyata keçirilən islahatlar qabaqcıl dünya təcrübəsinə uyğun tam sığorta əsaslı pensiya təminatına keçidə şərait yaratmaqla, pensiya hüququnun sosial sığorta sistemində iştirak əsasında müəyyənləşməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi prinsipinin təmin edilməsinə imkan verib”. 

Nazir müavini qeyd edib ki, bu vaxta qədər hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin indeksləşdirilməsi aparılırdı: “Artıq pensiya məbləğlərində baza hissə anlayışı aradan qalxdığından, növbəti ildən əmək pensiyalarının bütöv məbləğinin ölkə üzrə əmək haqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq. Bu da pensiyalarda növbəti əhəmiyyətli artımları şərtləndirəcək”. Nazir müavini ölkəmizdə həyata keçirilən əmək bazarı proqramları, əmək bazarının tənzimlənməsi  sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. İ.İsayev pensiya təminatı sistemində aparılan islahatların, eləcə də 2018-ci ilin əvvəlindən tətbiqinə başlanılacaq “İşsizlikdən sığorta haqqında” Qanunun əmək bazarının tənzimlənməsi prosesləri ilə uyğunluq təşkil etdiyini, qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçidin sürətlənməsi üçün stimul rolu oynadığını qeyd edib.

Missiyanın üzvləri Azərbaycanda sosial müdafiə sisteminin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, işləyən vətəndaşların gələcəkdə layiqli pensiya təminatı hüquqlarına yiyələnmələrini və bu məqsədlə onların sosial sığorta sistemində fəal iştirakını stimullaşdıran islahatları yüksək dəyərləndiriblər. Onlar ölkəmizdə əmək və sosial müdafiə sahələrində həyata keçirilən islahat tədbirlərinin, o cümlədən əmək bazarı iştirakçılarının hüquqlarının təminatı yönündə aparılan işlərin BVF tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər.

Görüşdə ölkəmizin pensiya sistemində islahatlar və onların nəticələri, əmək bazarı proqramları barədə  müzakirələr aparılıb, missiya maraqlandıran suallar cavablandırılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.