www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
30.11.2017

Beynəlxalq Əlillər günü ərəfəsində Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb (VİDEO)

Əlilliyi olan şəxslərin ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil etdiyi Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları başa çatıb və 3 Dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində yarışların qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai birliklərinin nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial müdafiə sahəsinə diqqət və qayğısının  əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verdiyini vurğulayıb: “Cənab Prezidentin “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” sözləri bu gün əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə reallaşdırılması üçün aparılan işlərin əsas məramını ifadə edir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm bir istiqaməti əlilliyi olan şəxslərin istedadlarının, bacarıq və qabiliyyətlərinin aşkara çıxarılaraq dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına yönəlib. Nazirlik tərəfindən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə hər il üçün təsdiqlənən Proqramlarda bununla bağlı mütəmadi olaraq tədbirlər əksini tapır. Həmin proqramlar əsasında qeyd olunan insanların tətbiqi sənət və bədii yaradıcılıq, həmçinin stolüstü idman növləri üzrə bacarıqlarını nümayiş etdirmələri üçün hər il noyabr ayında ümumrespublika səviyyəli müsabiqələr, yarışlar təşkil olunur və ənənəvi olaraq Beynəlxalq Əlillər günü ərəfəsində bu müsabiqə və yarışların qaliblərinin mükafatlandırılması tədbirləri keçirilir”.

Nazir bildirib ki, qeyd olunan Proqramlardan əlavə, eyni zamanda nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə reabilitasiyasına cəlb olunmuş gənclərin, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindəki uşaqların, ayrı-ayrı əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin ictimaiyyətə təqdim edilməsi üçün müxtəlif məkanlarda tez-tez sərgilər də təşkil olunur. Cəmiyyət tərəfindən rəğbətlə qarşılanan bu kimi tədbirlər əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara öz istedadları müqabilində ictimai-mədəni həyatda fəal iştirak imkanı da qazandırır: “Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə ümumrespublika yarışları da hər üç ildən bir təşkil olunur. Bu yarışlarda ölkənin bütün rayon və şəhərləri üzrə əlilliyi olan şəxslərin və sağlamlıq imkanı məhdud uşaqların iştirakı təmin edilir. Məqsədimiz həmin insanların cəmiyyətə inteqrasiyasının, idman bacarıqlarının dəstəklənməsi, onlar arasında sağlam həyat tərzinin təbliği, onlarda özünəinam hissinin artırılmasıdır”.

Tədbirdə iştirak edən yunan-Roma güləşi üzrə Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri  Fərid Mansurov ölkəmizdə idman hərəkatının getdikcə gücləndiyi şəraitdə əlilliyi olan şəxslərin də idmana maraqlarının artırılması və idman bacarıqlarının üzə çıxarılması üçün təşkil olunan tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.

İkiqat Paralimpiya Oyunları və ikiqat dünya çempionu, Milli Paralimpiya Komitəsinin  vitse-prezidenti İlham Zəkiyev əlilliyi olan şəxslərin idmana cəlb edilməsinin həmin insanların idmanın bu və ya digər növündə potensial imkanlarının aşkar edilməsində mühüm rol oynadığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin çox önəmli olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər Beynəlxalq Əlillər günü ərəfəsində təşkil olunan bu  tədbirin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Daha sonra yarışlarda I, II və III yerləri tutmuş şəxslərə diplom və mükafatlar, yarışların final turunun digər iştirakçılarına da pul mükafatları və təşəkkürnamələr təqdim olunub.

Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunub. Nərd, dama, şahmat, stolüstü tennis və qol güləşi (armrestlinq) idman növləri üzrə keçirilən yarışların zona turnirlərində ölkəmizin bütün bölgələri üzrə ümumilikdə 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Onlardan 108 nəfər fərqlənərək final mərhələsində iştirak hüququ qazanıb. Dama, şahmat, stolüstü idman növləri üzrə yarışlar həm qadınlar, həm də kişilər arasında, nərd və qol güləşi (armrestlinq) idman növləri üzrə yarışlar isə yalnız kişilər arasında keçirilib.

 Eyni zamanda, tədbirdə “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən Türkiyədəki müvafiq reabilitasiya mərkəzlərində təcrübə səfərində olaraq, Avropa İttifaqının Avropa Könüllülük Proqramı Çərçivəsində keçirilən “Əngəlsiz Gülümsə” layihəsində iştirak etmiş 10 nəfər sağlamlıq imkanları məhdud gəncə sertifikatlar verilib.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, onların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları üçün aparılan işlərə görə  Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.