www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
29.11.2017

“Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib (VİDEO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Zabrat qəsəbəsindəki sosial sığınacaqlar kompleksinə baxış olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Bakının Zabrat qəsəbəsində yerləşən reabilitasiya və sosial sığınacaqlar kompleksində “Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikasının Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl konfrans iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaradılmış şəraitlə yaxından tanış olublar.
S.Müslümov konfransı giriş sözü ilə açaraq vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursuna uyğun olaraq, sosial müdafiə sisteminin səmərəliliyinin və əhatəliliyinin artırılmasına yönələn islahatlar sosial xidmətlər sisteminin də sosial məsələlərin həllində rolunun artırılmasına şərait yaradıb: “Artıq ölkəmizdə hansı şəxslər ki, çətin həyat şəraitində yaşayırlar, onların bu və ya digər səbəbdən sosial-psixoloji vəziyyətini, məişətini çətinləşdirən və təkbaşına bacarmadıqları problemlərin həllində dövlət dəstəyini nəzərdə tutan geniş əhatəliliyə malik sosial xidmətlər sistemi formalaşıb. Həmin şəxslərin sırasına xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq, köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, sağlamlıq imkanları məhdud, yaxud valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqlar daxildir. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, məişət zorakılığından zərər çəkənlər, müəyyən yaşayış yeri olmayanlar, insan alveri qurbanları və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalardan olanlar sosial xidmət sistemi ilə əhatə olunublar”.
Nazir hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərildiyini bildirib: “Eyni zamanda, dövlət başçısının 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri və müəyyən etdiyi istiqamətlər üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələri icra olunur. 2013-cü ildə 30 belə layihə həyata keçirilibsə, bu layihələrin sayı ildən-ilə çoxalaraq cari ildə 70-i ötüb. Onlardan 67 layihə sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı olmaqla, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, onların və ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsinə yönəlib. Bu məqsədlə layihələr çərçivəsində günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb, habelə autizm və daun sindromlu, yaxud eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara və digər kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Layihələr üzrə sosial xidmət göstərilən uşaqların sayı da 2017-ci ildə əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq 4046 nəfər təşkil edib”.
S.Müslümov diqqətə çatdırıb ki, qeyd olunan üç istiqamət üzrə (yəni evlərində, sosial xidmət müəssisələrində və sosial sifarişlər üzrə layihələr çərçivəsində) ümumilikdə 16,3 min nəfərdən çox insana sosial xidmətlər göstərilir: “Bunlarla yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Heydər Əliyev Fondunun sosial layihələrindən biri olaraq, dövlət uşaq müəssisələrinin məzunları üçün hazırda 206 nəfər belə şəxsin mənzillə təmin edildiyi “Məzun evi” Sosial Müəssisəsi yaradılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaq, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün 25 yerlik Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi də artıq fəaliyyətə başlayıblar. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcək. Həmçinin akkreditasiya olunmuş 10 qeyri-dövlət yardım mərkəzi məişət zorakılığından zərər çəkmiş şəxsləri sosial xidmətlərlə təmin edirlər. Bütün bunlar Azərbaycanda sosial xidmətlər sisteminin əhatə dairəsini əhəmiyyətli şəkildə genişləndirib”.
Nazir vurğulayıb ki, “Sosial xidmət haqqında” Qanundan, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından, ratifikasiya olunmuş müvafiq beynəlxalq konvensiyalardan irəli gələn müddəalar sosial xidmətlərin mütərəqqi dünya praktikasına uyğun təkmilləşdirilməsini əsas vəzifələrdən biri kimi müəyyən edir. Bununla əlaqədar 2018-2022-ci illəri əhatə edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası” da hazırlanıb: “Ümumilikdə, sosial xidmətlər sahəsində aparılan islahatlar bu xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, ünvanlığının və əlçatanlığının, beynəlxalq standartlara uyğunluğunun təmin olunması, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi, sosial işçi heyətinin bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, sosial xidmətlər üzrə innovativ texnologiyalar üzərində vahid məlumat bazasının yaradılması və s. kimi hədəflərə yönəlib. Ölkənin bölgələrində sosial xidmətlərə ehtiyacların müəyyən olunması üçün sosial xəritələşmənin aparılması və sosial xidmət müəssisələri şəbəkəsinin, habelə sosial sifarişlər üzrə icra olunan sosial xidmət layihələrinin icrası işlərinin bu əsasda genişləndirilməsi də əsas məqsədlərdəndir”.
S.Müslümov hazırda Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində Avstriyanın müvafiq qurumu ilə əməkdaşlıqda icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsi üzrə aparılan işlərin önəmini qeyd edib, layihə çərçivəsində ölkədə qabaqcıl Avropa təcrübəsi əsasında yeni sosial xidmət modelinin tətbiqinə hazırlıq işlərinin də aparıldığını diqqətə çatdırıb: “Bu yeni model müvafiq şəxslərə ilkin sosial xidmətlər göstərilməklə bərabər, həmin insanların problemlərinin həlli istiqamətində dəqiq yanaşma və qərar qəbul edilməsi prinsipi əsasında səmərəli və əhatəli sosial xidmətlər mexanizminin qurulmasını nəzərdə tutur”. Nazir hazırda keçirilən konfransın sosial xidmət sahəsində aparılan işləri və islahatlar proqramını müzakirə etmək məqsədinə xidmət etdiyini bildirib.
H.Rəcəbli son illərdə ölkəmizdə yeni yaradılan sosial xidmət müəssisələrinin bu sahədə dövlət siyasətinin güclənməsindən xəbər verdiyini qeyd edib. Komitə sədri aparılan islahatların sosial xidmət sisteminin daha da inkişaf etməsinə və səmərəliliyinin artmasına, çətin həyat şəraitində olan şəxslərin sosial problemlərinin həllində sosial xidmətlərin rolunun əhəmiyyətli şəkildə artmasına imkan verəcəyini bildirib.
K.Yankauskas Aİ ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq təcrübəsinin sosial müdafiə sahəsini də əhatə etməsindən məmnunluğunu ifadə edib. O, Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsinin sosial xidmətlərlə bağlı Avropanın qabaqcıl təcrübəsinin öyrənilməsinə şərait yaratdığını diqqətə çatdırıb. E.Karvardin Azərbaycanda sosial xidmətlər sisteminin mühüm bir istiqamətinin uşaqlara yönəlməsinin, müvafiq təbəqələrdən olan uşaqların və ailələrin sosial xidmətlərə əlçatanlığının təmin olunmasının, beləliklə, həmin uşaqların reabilitasiya imkanlarının artırılmasının UNİCEF tərəfindən rəğbətlə qarşılandığını qeyd edib, təşkilatın bu sahədə ölkəmizdə aparılan işlərə həmişə dəstək vermək əzmində olduğunu vurğulayıb.
Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov “Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. İ.Rəhimov sosial xidmət müəssisələrində stasionar şəraitdə göstərilən sosial xidmətlər, sosial xidmət sahəsində fəaliyyətin qabaqcıl Avropa standartlarına uyğun qurulması, sosial işçi modelinin tətbiqi, müvafiq sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyəsinin artırılması yönündə aparılan işlər və s. barədə ətraflı məlumat verib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova, UNİCEF-in Azərbaycan nümayəndəliyinin Uşaq müdafiəsi şöbəsinin müdiri Vüqar Salmanov, “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyinin sədri Validə Abbasova, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Azərbaycan Universitetinin Sosial iş fakültəsinin dekanı Aygün Musayeva mövzu ilə bağlı çıxışlar ediblər.
Konfrans sualların cavablandırılması və müzakirələrlə davam edib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.