www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
22.11.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub (VİDEO)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT Uşaq Fondunun (UNİCEF) Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru xanım Afşan Xanla görüş keşirilib. Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Kavardin və nümayəndəliyin digər rəsmi şəxsləri  iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcəyimiz olan uşaqların fiziki  və mənəvi inkişafına xüsusi diqqət və qayğısından bəhs edərək, bu istiqamətdə ölkəmizdə həyata keçirilən kompleks tədbirləri diqqətə çatdırıb. Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi sosial müdafiə sahəsində aparılan islahatların əsas istiqamətlərindən biridir. Məqsəd həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün onlara və ailələrinə göstərilən sosial xidmətlərin əlçatanlığının, əhatəliliyinin və reabilitasiya baxımından səmərəliliyinin daha da artırılmasıdır: “Hazırda respublikada sosial təminat sistemi vasitəsilə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlillərinin, şəhid ailələrinin, aztəminatlı ailələrin, Çernobıl əlillərinin uşaqlarına, beşdən çox uşağı olan anaların uşaqlarına sosial ödənişlər həyata keçirilir. Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının bərpası sahəsində məqsədyönlü işlər aparılır və bu işlərin davamı kimi, cari ildə nazirliyin Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində 3 min nəfərə yaxın uşağa bərpa müalicəsi  xidmətləri göstərilib. Nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsində 330 nəfər uşaq daimi olaraq stasionar şəraitdə sosial xidmətlərlə təmin edilir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün həm reabilitasiya, həm də sosial xidmət müəssisələrində yüksək standartlara uyğun nümunəvi şərait yaradılıb”.

S.Müslümov nazirliyin sosial sifarişləri əsasında icra olunan sosial xidmət layihələrinin və bu layihələr çərçivəsində sosial xidmət göstərilən şəxslərin, o cümlədən uşaqların sayının ildən-ilə əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırıb. Nazir layihələr üzrə ölkənin ayrı-ayrı bölgələrində günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin fəaliyyət göstərdiyini, eşitmə və nitq qabiliyyəti olmayan, habelə autizm sindromlu uşaqların, risk qrupundan olan uşaqların və ailələrinin reabilitasiya məqsədli sosial xidmətlərlə təmin edildiklərini diqqətə çatdırıb: “Prioriet istiqamətlərdən biri də gələcəkdə bu sosial xidmətlərin əhatə dairəsinin  ölkənin bölgələrində sosial xidmətlərə ehtiyacları müəyyən edən sosial xəritələşmə əsasında genişləndirilməsidir. Digər tərəfdən, bu sahədə çalışan işçi heyətinin ixtisas səviyyəsinin yüksəldilməsi, sosial xidmətlər formatında reabilitasiya işinin keyfiyyətinin və növlərinin artırılması, yeni yanaşmalar, metodlar əsasında  təkmilləşdirilməsi diqqətdə dayanan məsələlərdəndir”.

Nazir bu sahədə ötən dövrdə UNİCEF-lə əməkdaşlıqda görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb: “2014-2015-ci illəri əhatə edən  birgə Fəaliyyət Planımız “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının yerinə yetirilməsi, uşaqlarla bağlı sosial xidmətlər sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan işlərin, eləcə də çətin həyat şəraitində olan uşaqların və onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi,  müvafiq peşəkar kadr potensialının bilik və bacarıqlarının artırılması, uşaqlarla bağlı sosial xidmətlərə olan tələbatın və bu əsasda sosial sifarişlər üzrə prioritetlərin müəyyən olunması və s. istiqamətləri əhatə edib. Ötən il isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb. Bu sənəddə də uşaqlarla bağlı sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun inkişaf etdirilməsinə dəstək məqsədilə vacib istiqamətlər əksini tapıb”.

S.Müslümov ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sisteminin təkmilləşdirilməsi işlərində bundan sonra da UNİCEF-lə fəal əməkdaşlıq etməyə və bu əməkdaşlığı daim genişləndirməyə xüsusi önəm verildiyini vurğulayıb.

Xanım A.Xan Azərbaycanda uşaqların hərtərəfli təminatı, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası sahəsində aparılan işlərin UNİCEF-in fəaliyyət prinsiplərinə uyğun olduğunu qeyd edib. O, ötən müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında uğurlu əməkdaşlıq təcrübəsinin yarandığını, birgə fəaliyyətin qarşıdakı dövrdə də məqsədyönlü şəkildə davam edəcəyinə əminliyini bildirib.

Görüşdə uşaqlara yönələn sosial xidmətlər sisteminin təkmiləşdirilməsi sahəsində əməkdaşlığın gələcək istiqamətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanmış “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı”nın icra vəziyyəti və bu sənəd üzrə görüləcək işlər müzakirə olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.