www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
02.11.2017

Qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyənin aidiyyəti qurumları ilə təcrübə mübadiləsi aparılıb

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə  yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələri əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi və qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi üçün qardaş ölkənin Ankara şəhərində səfərdə olublar. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan işgüzar səfərdə, 8 nəfərdən ibarət  Azərbaycan nümayəndə heyətinə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov edib.

Səfər zamanı Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini cənab Ahmet Erdem və Nazirliyin Xarici əlaqələr baş idarəsinin rəhbəri cənab Oğuz Tuncay, həmçinin Türkiyə İş Qurumu Baş İdarəsinin rəhbəri cənab Cafer Uzunkaya, Sosial Müdafiə Qurumunun Strateji inkişaf idarəsinin rəhbəri dr. Mühiddin Şahin və digər yüksək vəzifəli rəsmilərlə işgüzar görüşlər keçirilib.

Görüşlərdə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə hər iki ölkədə aparılan işlərlə bağlı qarşılıqlı məlumatlar verilib. Komissiyaya üzv qurumların nümayəndələri Türkiyədə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi, tibbi sığorta sistemi, işsizlikdən sığorta, istehsalda bədbəxt hadisələrdən sığorta, pensiya sistemi, formal iqtisadiyyatın həyata keçirilməsi üçün  xüsusi təşviq proqramları barədə, qeyri-rəsmi məşğulluqla mübarizə istiqamətində mövcud olan fəaliyyət mexanizmlərini və bu sahələrdə ölkənin mövcud iş təcrübəsini öyrəniblər. Üç gün davam edən səfər çərçivəsində qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində  həyata keçirilən tədbirlərə və əldə olunan nəticələrə dair geniş təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin  rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək  münasibətləri  iştirakçılarının  digər əmək hüquqlarının və təminatlarının  effektiv müdafiəsinin təmin  edilməsi və bu sahədə dövlət orqanları arasında  koordinasiya olunmuş siyasətin  həyata keçirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda qeyd olunan Sərəncama əsasən Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Katibliyin yaradılması qərara  alınıb və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Yaradılan Katibliyin tərkibinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttfaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi daxildir.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”  təsdiq edilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.