www.mlspp.gov.az
Azərbaycanca   English 19.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
09.10.2017

Özbəkistan nümayəndə heyəti əmək və sosial müdafiə, o cümlədən pensiya təminatı sahəsində aparılan islahatlarla tanış olmaq məqsədilə ölkəmizdə səfərdədir (VİDEO)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının qeyri-büdcə Pensiya Fondunun nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd son illərdə Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlarla tanış olmaq, müvafiq təcrübə mübadiləsi aparmaqdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu, ölkələrimiz arasında əməkdaşlığın əmək və əhalinin sosial müdafiəsi sahəsində də inkişaf etdiyini vurğulayıb: “Bu əməkdaşlıq pensiya təminatı sahəsini də əhatə edir. Hələ 1996-cı ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” də ikitərəfli əməkdaşlığa hüquqi zəmin yaradıb”.

İ.İsayev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayanması ölkəmizdə  iqtisadi inkişaf proseslərinin güclü sosial siyasətlə tamamlanmasına imkan verib: “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, aparılan məqsədyönlü islahatlar respublikada geniş əhatəliliyə və səmərəliliyə malik olan, şəffaf və etibarlı sosial müdafiə sisteminin formalaşmasına səbəb olub. Ölkəmizdə müasir sosial müdafiə sistemi və sosial infrastruktur formalaşıb. Sosial müdafiə sistemi insan hüquqlarının təminatında, yoxsulluğun azaldılmasında, insan kapitalının artırılmasında mühüm rol oynamaqla yanaşı, daxili məcmu istehlakı stimullaşdırmaqla iqtisadi inkişafı və siyasi sabitliyi təmin edir. Sosial müdafiə sisteminə yönəldilən xərcləri isə passiv xərclər deyildir, onu iqtisadiyyata və stabilliyə qoyulan investisiya kimi qiymətləndirilmək lazımdır. Eyni zamanda, bu sistemin mühüm komponenti olan pensiya təminatı sahəsində ardıcıl islahatlar aparılıb. Nəticədə 2006-cı ildən ölkəmizdə sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsi üzrə funksiyaların bir-birini tamamladığı, mütərəqqi beynəlxalq yanaşmalara uyğun olan müasir sığorta-pensiya sistemi qurulub”.

Nazir müavini diqqətə çatdırıb ki, vətəndaşların bazar iqtisadiyyatı şəraitində ortaya çıxacaq risklərdən müdafiəsində  onların özlərinin də iştirakına imkan yaradan bu sistemin daha da təkmilləşdirilməsi üçün növbəti islahat tədbiri kimi, cari ildə pensiya qanunvericiliyində yeni dəyişikliklər edilib: “Artıq pensiya sistemində baza hissə anlayışı ləğv edilib və bütövlükdə tam sığorta əsaslı pensiya sistemi yaradılmaqla,  pensiya təminatı ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluq təmin edilib. Digər tərəfdən, sığorta hissəsi vətəndaşlar üçün daim açıq saxlanılmaqla, onlara layiqli pensiya təminatına malik olmaları məqsədilə sığorta kapitallarını artıra bilmək üçün həmin pensiya kapitallarına əlavə vəsait artırmaq imkanları da yaradılıb. Yəni əgər vətəndaş az sosial sığorta haqları ödədiyi üçün pensiya hüququ əldə edə bilmirsə, ona imkan yaradılıb ki, fərdi uçot sistemindəki hesabına əlavə vəsait ödəməklə pensiya kapitalını artırsın  və pensiya hüququ əldə etsin”.

İ.İsayev sığorta-pensiya sisteminin müasir texnologiyalar üzərində fəaliyyət göstərdiyini, bu sistemin əhatə etdiyi bütün sahələrin avtomatlaşdırıldığını və müvafiq xidmətlərin əhaliyə elektron qaydada təqdim edildiyini bildirib: “Eyni zamanda,  pensiya yaşına çatmış şəxsin heç bir sənəd toplamadan nazirliyin “Çağrı mərkəzi”nə zəng vuraraq real vaxt rejimində pensiya təyinatı hüququnu dərhal reallaşdırmaq imkanı vardır. Ölkəmizdə pensiyaların vahid mərkəzdən avtomatlaşdırılmış qaydada təyinatı sistemi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir”.

Nazir müavini hələ 2004-cü ildən etibarən Azərbaycanda pensiyaların plastik kartlarla ödənilməsinə başlandığını, hazırda bütün növ əmək pensiyalarının ödənişinin çoxfunksiyalı plastik kartlar vasitəsilə həyata keçirildiyini qeyd edib. O, eyni zamanda,  son illərdə yaradılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi və onun üstünlükləri barədə məlumat verib, BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən həmin sistemin “Çempion layihə” mükafatına layiq görüldüyünü vurğulayıb.

Əlillik üzrə pensiya təminatından bəhs edərkən İ.İsayev bildirib ki, tibbi-sosial ekspertiza və reabilitasiya, habelə sosial yardım sistemləri də avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir. Məsələn, bu gün ölkədə əlilliyin qiymətləndirilməsi prosesi ekspert-vətəndaş kontaktı olmadan, elektron infrastruktur üzərindən aparılır. Əlilliyin  müəyyən olunması üçün verilmiş göndərişin kimə və hansı səhiyyə müəssisəsinə aid olduğu göstərilmədən, şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Prosesin bu cür obyektiv və şəffaf həyata keçirilməsi əlilliyin də tədricən azalmasına imkan verib: “Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a qədər elektron xidməti əhalinin istifadəsindədir və bu e-xidmətlərin əhalinin ən çox istifadə etdiyi e-xidmətlər sırasında olmaları onlara böyük sosial tələbi ifadə edir”.

Özbəkistan Respublikasının qeyri-büdcə Pensiya Fondunun icraçı direktoru Dilşod Sultanov son illərdə Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatların, bu sahələrdə idarəetmə mexanizmlərinin və əhaliyə xidmətlərin müasir və çevik, şəffaf şəkildə qurulması üçün yaradılmış elektron sistemlərin onlarda böyük maraq oyatdığını vurğulayıb. D.Sultanov ölkəmizin bu sahələrdə uğurlu təcrübəsinin öyrənilməsinə, həmçinin iki ölkə arasında pensiya təminatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığa və geniş təcrübə mübadilələrinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

Görüş zamanı müvafiq sahələrdə həyata keçirilmiş islahatlara dair fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyətinin  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ayrı-ayrı struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olmaları, onlar üçün ölkəmizin sığorta-pensiya sisteminə dair geniş təqdimatın edilməsi də nəzərdə tutulub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.