www.mlspp.gov.az
Azərbaycanca   English 19.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
09.10.2017

Azərbaycanda dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək məqsədinə yönələn yeni Tvinninq layihəsinin təqdimatı olub (VİDEO)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeniTvinninq layihəsinin təqdimatı olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas, layihə üzrə tərəfdaş ölkələr olan Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, üzv ölkə tərəfindən layihə rəhbəri, Litvanın sosial təminat və əmək nazirinin müavini xanım Egle Radisauskin  və digər aidiyyəti şəxslər iştirak ediblər.  

M.Kərimli tədbiri giriş sözü ilə açaraq, ölkəmizdə sosial-iqtisadi inkişaf proseslərinin dövlət məşğulluq siyasətinin ildən-ilə güclənməsi ilə müşahidə edildiyini diqqətə çatdırıb: “Məşğulluq siyasətinin səmərəli icrası dövlət məşğulluq orqanlarının da fəaliyyətinin müasir iş üsulları, innovativ yanaşmalar əsasında təkmilləşdirilməsini, əmək bazarı proqramlarının daha effektli şəkildə təşkil olunmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Bu mənada “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeniTvinninq layihəsi dəyərli dəstək olacaq. Layihədə əksini tapan komponentlər dövlət məşğulluq xidmətlərinin Aİ-nin qabaqcıl təcrübələri əsasında modernləşdirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişafı, müvafiq sahədə çalışan işçi heyətinin bilik və bacarıqlarının artırılması və s. kimi vacib hədəflərə yönəlib”.

Nazir müavini ötən dövrdə Aİ ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində əmək və sosial müdafiə sahəsi üzrə icra olunan birgə layihələrin əhəmiyyətini vurğulayıb: “Bu layihələr aktuar hesablamaların, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahəsində nazirliyin potensial imkanlarının artırılmasına dəyərli dəstək olub. Həmçinin son illərdə ölkəmizdə əmək müfəttişliyi, tibbi-sosial reabilitasiya və sosial xidmət sistemlərinin inkişaf etdirilməsinə yönələn Tvinninq layihələri müvafiq sahələrin inkişaf etdirilməsinə öz töhfələrini verib. Cari ilin mart ayından isə pensiya sisteminin islahatının həyata keçirilməsinə dəstək olan daha bir Tvinninq layihəsi uğurla icra olunur. Əvvəlki layihələr bizə müvafiq sahələrdə Avropanın qabaqcıl ölkələrinin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq imkanları yaradıb. Bu yeni layihə də Litva və Avstriyanın müvafiq təşkilatları ilə əməkdaşlıq şəraitində icra olunacaq və birgə görülən işlər qarşıya qoyulan məqsədin reallaşdırılmasında öz bəhrəsini verəcək”.

K.Yankauskas Azərbaycanda əmək və sosial müdafiə sisteminin inkişafına dəstək məqsədilə  ötən dövrdə həyata keçirilmiş birgə layihələrin icrası sahəsində uğurlu iş təcrübəsinin mövcud olduğunu bildirib. O, hazırda təqdim olunan yeni Tvinninq layihəsinin dövlət məşğulluq orqanlarının fəaliyyətinin Avropa ölkələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi əsasında təkmilləşdirilməsində müsbət nəticələr verəcəyini qeyd edib. V.Lastauskas layihənin Litvanın aidiyyəti qurumu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında yeni əməkdaşlıq imkanları yaratdığını, birgə əməkdaşlığın məqsədyönlü şəkildə və uğurla davam edəcəyinə əminliyini bildirib. A.Vex Azərbaycan və Avstriya arasında əlaqələrin, habelə əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Səfir layihə çərçivəsində aparılacaq işlərin Azərbaycanda dövlət məşğulluq xidmətlərinin qabaqcıl Avropa təcrübəsi əsasında təkmilləşdirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

Daha sonra xanım E.Radisauskin və M.Kərimlinin “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeniTvinninq layihəsi barədə təqdimatları olub. Tədbir layihənin komponentləri və layihə çərçivəsində görüləcək işlərdə gözlənilən nəticələrə dair  müzakirələrlə davam edib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.