www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
06.10.2017

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 17-ci yeri tutub

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə əhəmiyyətli şəkildə artmasına imkan verib. Dünya İqtisadi Forumunun  “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir.

Bununla da Azərbaycan əmək bazarının səmərəliliyi üzrə hesabatda əksini tapan sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda İsrail, Fransa, İsveç, Belçika,  Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb.

Əmək bazarının səmərəliliyi üzrə ölkəmizin mövqeyinin dünyanın ən mötəbər reytinqində yaxşılaşması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin respublikamızın dayanıqlı inkişafını təmin etməklə yanaşı, əmək bazarında da davamlı inkişaf meyllərinə şərait yaratdığını göstərir. Ötən dövrdə dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasında və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb.

Ötən il açıqlanan “2016-2017 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz əmək bazarının səmərəliliyi göstəricisi üzrə əvvəlki ilə dair hesabatla müqayisədə 3 pillə irəliləmişdisə, yeni hesabatda Azərbaycan 7 mümkün xaldan 5-ni toplamaqla bundan üç dəfə çox, yəni 9 pillə irəliləyişə nail olub. Bu isə ölkədə müvafiq sahədə həyata keçirilən kompleks tədbirlərin daha yüksək effektivliyə malik olduğundan xəbər verir. Hesabatda əmək bazarının səmərəliliyi iki qrup üzrə  göstəricilərin qiymətləndirilməsi əsasında ölçülür ki, bu qruplardan hər biri ümumi nəticənin müəyyən olunmasında 50 faiz səviyyəsində təsirə malikdir.

Onlardan birinci qrup “əmək bazarının çevikliyi” amili ilə bağlıdır. İşçilərin iqtisadiyyatın bir sahəsindən digər sahəsinə asan, tez, az vaxt və vəsait xərcləməməklə, sosial çətinliklərlə üzləşmədən hərəkətinin təmin olunması əmək bazarında çevikliyi şərtləndirir. Bu qrup üzrə 5 indikator (işçi-işəgötürən münasibətlərində əməkdaşlıq, əmək haqlarının müəyyən edilməsində elastiklik, işə qəbul və işdən azad etmə prosedurları, ixtisar xərcləri, vergitutmanın əməyin stimullaşdırılmasına təsiri) dair göstəricilər qeyd olunur və ümumi nəticə olaraq Azərbaycan əmək bazarının çevikliyi üzrə 4,9 xalla 29-cu yerdə qərarlaşır ki, bu da ötən ilki hesabatla müqayisədə  16 pillə yüksəkdir.

İkinci qrup isə “bacarıqlardan səmərəli istifadə” amilinə aiddir. Burada da 5 indikator (ödəmə və məhsuldarlıq, peşəkar idarəetməyə əsaslanma, ölkədə insan kapitalının saxlanılma potensialı, ölkəyə insan kapitalının cəlb edilmə potensialı, əmək qabiliyyətli əhalidə qadınların iştirakı səviyyəsi) üzrə göstəricilər əksini tapır. Həmin sahələrdə ölkəmizin əmək bazarında özünü göstərən müsbət proseslər obyektiv şəkildə qiymətləndirilir. Azərbaycan əmək bazarında “bacarıqlardan səmərəli istifadə” göstəricisi üzrə İsrail, İrlandiya, Belçika, Avstriya, Fransa və s. kimi ölkələrdən daha öndə olmaqla, 5,1 xalla dünya üzrə 16-cı pillədə, yəni ötən ilki hesabatdakına nisbətən 7 pillə yüksək mövqedə yer alır.

Beləliklə, hər iki qrup üzrə aparılan təhlillərin yekunu olaraq, Azərbaycanın “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda mövqeyi 9 pillə artırılır və Azərbaycan  137 ölkə arasında əmək bazarının səmərəliliyi üzrə 17-ci yeri tutur. Bu, eyni zamanda hesabatda ölkəmizin digər sahələrlə müqayisədə ən yüksək reytinq mövqeyinin məhz əmək bazarının səmərəliliyi ilə bağlı olduğunu göstərir.

Onu da bildirək ki, hər iki qrupda əhatə olunan indikatorların bir qismində yaxşılaşma dəfələrlə ölçülür. Məsələn, onlardan ödəmə və məhsuldarlıq indikatoru üzrə ölkəmizin mövqeyi iki dəfədən çox (34-cü pillədən 16-cı pilləyə), vergitutmanın əməyin stimullaşdırılmasına təsiri indikatoru üzrə 3 dəfəyə yaxın (61-dən 21-ə) və s. yüksəlib.

Sosial-iqtisadi həyatın mühüm sahəsi olan əmək bazarının inkişafı istiqamətində ölkəmizdə aparılan işlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu və  Beynəlxalq Əmək Təşkilatının (BƏT) prinsiplərini özündə əks etdirir. Son illərdə tətbiq olunan əmək münasibətlərinin elektron qeydiyyatı sistemi əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmalardan irəli gələn səmərəli vasitə olmaqla, dünyanın qabaqcıl təcrübələri sırasındadır. Ölkəmizdə sosial-iqtisadi məsələlərin həllində  sosial dialoqun gücləndirilməsi, bu istiqamətdə mühüm addım kimi Sosial və İqtisadi Məsələlər  üzrə   Üçtərəfli  Komissiyanın yaradılması, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi üçün də mühüm önəm kəsb edən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, peşə standartlarının hazırlanaraq istifadəyə verilməsi nəticə etibarilə əmək bazarının inkişafına stimul yaradan tədbirlərdəndir.

Əmək və məşğulluq sahəsində həyata keçirilən tədbirlər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Bunun növbəti təzahürü kimi, cari ilin iyun ayında Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv seçilərək, bu mötəbər beynəlxalq qurumun siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb. 2016-cı ilin sentyabr ayında isə Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb və hazırda uğurla icra olunur.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda digər tədbirlərləyanaşı, əmək bazarının inkişafına xidmət edən tədbirlər də yer alır. Bu tədbirlər sırasına əmək bazarında çevikliyin təmin edilməsi, peşələr üzrə monitorinq aparılması, formal (akademik) təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə təlimi, ixtisasartırma və yenidən hazırlıq vasitəsilə əmək bazarında baş verən sürətli dəyişikliklərin qarşılanması üçün peşə standartlarının hazırlanması prosesinin davam etdirilməsi və s. daxildir. Bu tədbirlər, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq strateji hədəflərin icrası, insan kapitalının inkişaf etdirilməsi, işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin artırılması və s. sahələrdə aparılan məqsədəuyğun işlər qarşıdakı dövrdə də ölkəmizin əmək bazarında inkişaf meyllərinin davam etdirilməsinə, onun səmərəliliyinin artırılmasına imkan yaradır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.