www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.10.2017

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri BƏT-in 10-cu Avropa Regional İclası çərçivəsində keçirilən debatlarda sualları cavablandırıb

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclas çərçivəsində “Əmək sferasının idarə olunması” mövzusunda keçirilən xüsusi plenar müzakirələr zamanı ölkəmizin əmək bazarında baş verən proseslər və bu proseslərə uyğun olaraq görülən tədbirlər, qarşıda duran hədəflər barədə məlumat verib.

S.Müslümov ölkəmizdə əmək bazarının tənzimlənməsinin aparılan sosial-iqtisadi siyasətin mühüm komponenti olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında bu sahədə inkişaf meyllərinin və əmək resurslarının məşğulluğunun təmin edilməsi, əmək bazarında baş verən dəyişikliklərə cavab olaraq həyata keçirilən aktiv tədbirlər barədə məlumat verib. Nazir bu sahədə aparılan işlərin müsbət nəticəsi kimi, Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən  açıqlanan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda əmək bazarının səmərəliliyi üzrə mövqeyinin daha 9 pillə irəlilədiyini bildirib: “Dövlət müasir dövrdə əmək bazarında özünü göstərən prosesləri dərindən təhlil edərək, mövcud çağırışları və onlara uyğun şəkildə atılacaq addımları müəyyən edir.  Hazırda əmək bazarına təsir edən amillərdən biri iqtisadiyyatın liberallaşdırılması nəticəsində əmək bazarında özünüməşğul əhalinin, habelə iş vaxtı rejimi baxımından daha çevik əmək münasibətlərinə imkan verən sərbəst (frilanser) işçilərin sayının artmasıdır. Təbii ki, belə işçi kontingentinin əməyinin leqallaşdırılması və bununla əlaqədar milli qanunvericiliyin zəruri dəyişikliklərlə təkmilləşdirilməsi, eləcə də özünüməşğul əhalinin maraqlarının sosial dialoq proseslərində nəzərə alınması diqqətdə saxlanılır”.

S.Müslümov vurğulayıb ki, əmək bazarında yeni peşələrin və ixtisasların yaranması, istehsal proseslərində müasir texnologiyaların geniş tətbiqi peşə bilik və bacarıqlarının da müasirləşdirilməsin tələb edir: “Belə şəraitdə müasir tələblərə cavab verən peşə standartları əsasında təlim proqramlarının hazırlanması və tətbiqi, bu yolla əldə edilmiş peşə bacarıqlarının tanınması sisteminin yaradılması əsas hədəflərdəndir. Həmçinin əmək bazarının kəmiyyət və keyfiyyət baxımından tələbatını öyrənmək üçün mükəmməl monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılması görüləcək işlər sırasındadır. İşçilərin ömür boyu təhsil sisteminə marağının artırılması, onların fasiləsiz təhsilə cəlb olunması da əmək bazarı üçün aktuallıq kəsb edir. Bununla əlaqədar atılacaq addımlardan biri də Avropa Kvalifikasiya Çərçivəsinə uyğun Milli Kvalifikasiya Çərçivəsinin yaradılması olacaq ki, bu da rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşmasında xüsusi önəm kəsb edir”.

İşçi qüvvəsinin mobilliyinin artırılması məsələsinə toxunan nazir ölkələr arasında demoqrafik və iqtisadi inkişaf səviyyəsi baxımından fərqlilik nəzərə alınmaqla donor və qəbul edən ölkələr arasında işçi qüvvəsinin hərəkətinin tənzimlənməsi məqsədilə qanunvericilikdə zəruri dəyişikliklərə də ehtiyac olduğunu bildirib: “Bu gün əmək bazarında özünü göstərən problemlərdən biri də urbanizasiya ilə bağlıdır. Qeyd edim ki, son illərdə Azərbaycanda ölkənin regionlarının sosial-iqtisadi inkişafı, regionlarda yaşayan əhalinin əmək vərdişlərinə uyğun iqtisadi fəaliyyət sahələrinin dirçəldilməsi, bununla onların məşğulluq imkanlarının artmasına yönələn tədbirlər urbanizasiya probleminin də həllində mühüm rol oynayıb. Əvvəllər kəndlərdən şəhərlərə yönələn işçi qüvvəsi axını artıq əksinə, şəhərlərdən kəndlərə qayıdışı prosesi ilə əvəz olunur. Qarşıdakı dövrdə də balanslaşdırılmış iqtisadi siyasət, regional əmək bazarlarının canlanmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, bölgələrdə ixtisaslı işçi qüvvəsinin cəlb edilməsinə yönələn tədbirlər davam etdiriləcək”.

Nazir əmək bazarında sosial inklyuzivliyin təmin edilməsinin vacibliyini vurğulayıb. S.Müslümov bildirib ki, əmək bazarına adaptasiyada çətinlik çəkən həssas əhali qruplarının, xüsusilə əlilliyi olan şəxslərin və gənclərin məşğulluğunun təmin olunmasına yönəlmiş xüsusi proqramların tətbiqi, bu sahədə sosial tərəfdaşların maraqlarının və  aktiv əmək bazarı tədbirlərinin səmərəliliyinin artırılması əsas vəzifələrdəndir.  

Tədbirin panel müzakirələr mərhələsində S.Müslümov texnoloji, demoqrafik, iqlim dəyişikliyi və sürətlənən qloballaşmanın əmək sferasına gətirdiyi dəyişikliklərlə bağlı əmək bazarının dəstəklənməsi, sosial dialoqun inkişafı, beynəlxalq əmək standartlarının əmək münasibətlərinin tənzimlənməsində rolu və s. barədə sualları da cavablandırıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.